İllərdə qalan izlər
Son illər
aparılan quruculuq işləri
Neftçalanın
simasını büsbütün dəyişib
Hər günü, ayı, ili dəyərləndirən, mənalandıran insandır, onun əməlləridir. Yaxşı əməllər, xeyirxah işlər isə həyatda özündən sonra iz qoymaq deməkdir. Belə əməl sahibləri el-obanın, xalqın yaddaşında əsrlər boyu yaşayır. Bu baxımdan tikilən, qurulan, yaradılan nə varsa, bir nəsildən digərinə yadigardır. Bir xalq bayatısında deyildiyi kimi:
Əzizim bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Bakıda, digər yerlərdə qədim, yaraşıqlı, zövqlə, milli üslubda tikilən binaları görəndə çoxumuz ayaq saxlayıb diqqətlə onlara baxırıq. Demək olar ki, onların hər birinin fasadında inşa edildiyi il həkk olunub. Belə nadir memarlıq nümunələrinə nəzər salarkən nə vaxtsa onları inşa etdirən və bu işdə əməyi olan insanların ruhuna rəhmət diləyirik. Gördükləri işlər, həyata keçirdikləri genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri belə deməyə əsas verir.
Bütün bunlar isə bugünkü və gələcək nəsillər üçündür. İnşa edilən olimpiya idman kompleksləri, müalicə diaqnostika mərkəzləri, məktəblər, xəstəxanalar, çəkilən yollar, salınan körpülər və digər tikililər insanların həyat şəraitini yaxşılaşdırmaqdan ötrüdür. Dünyanın qabaqcıl təcrübəsinin öyrənilməsilə tikilən bu obyektlər uzun müddəti, bəlkə də azı yüz il öncəki dövrü nəzərə almaqla inşa edilir. Deməli, belə iş üsulu indiki nəslin rahatlığını təmin etməklə bərabər, gələcək nəsilləri bir çox problemlərdən, qayğılardan azad etmiş olur. Bizdən sonra dünyaya gələcək yeni-yeni nəsillər isə ölkəmizi, xalqımızı daha da irəli apara biləcək qlobal məsələlərlə məşğul olacaqlar.
Dünya gör-götür dünyasıdır, deyirlər. Yaxşı nə varsa öyrənmək, lazım gələndə onu tətbiq etmək müsbət haldır. Kim belə edirsə qazanır, itirmir. Bu mənada ölkə rəhbərinin göstərişinə əsasən rayonların icra hakimiyyəti başçıları mütəmadi olaraq qrup halında inkişaf etmiş ölkələrə ezam edilirlər. Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilən dövlət proqramları, il ərzində görülən işlərə hər rüb yekun vurmaq, qarşıdakı dövr üçün vəzifələri müəyyənləşdirmək, əhali ilə Prezidentin yerlərdə keçirdiyi görüşlər Azərbaycanın dinamik inkişafını təmin edən başlıca şərtlərdir, düşünülmüş sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir.
“Məsləhətli don gen olar” deyiblər. Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə
tutulan tədbirlərdə əsasən əhali tərəfindən
irəli sürülən təkliflər əsasında
hazırlanıb həyata keçirilir. İqtidarla
xalq arasında yaranan belə əlaqə forması demokratiya
yolunda inamla addımlayan ölkəmizdə həlli vacib olan məsələlərin
zamanında icrasına imkan yaradır. Bunun
nəticəsidir ki, paytaxtla yanaşı, rayonlarımız da
ildən-ilə inkişaf edir, abadlaşır. Belə inkişafı, tərəqqini Kürlə Xəzərin
qovşağında yerləşən Neftçala rayonunun
timsalında da aydın görmək olar.
Hər bir toponimdə müəyyən məna var. Neftçala
da bu baxımdan istisna deyil. Hələ qədim
zamanlardan neft layı qatlarının nisbətən üzdə
olması və mazutun yerin səthinə çıxaraq
çalalara dolması toponim olaraq Neftçala adının
yaranması kimi göstərilir.
Çar Rusiyası zamanında buradakı neft əcnəbi
mütəxəssislərin diqqətini özünə cəlb
edir və onlar burada qazıntı-tədqiqat işləri
aparırlar. 1930-cu illərdən isə kütləvi halda neft
hasilatına başlanılır. Elə həmin
illərdə neft quyusu qazarkən yerin təkindən
çıxan suyun tərkibində yodun olduğu müəyyən
edilir və bundan sonra yod istehsalına başlanılır.
İndiki Neftçala şəhərinin təməli
də həmin vaxtlar qoyulub. Tikinti işlərini
aparmaq üçün Trest adlı xüsusi idarə
yaradılır. Hətta sonralar
Neftçala şəhəri el arasında “Trest” kimi də
adlanır. 1939-cu ildə əsası
qoyulan şəhərdə tikinti işləri İkinci
dünya müharibəsi dövründə xeyli zəifləsə
də, müharibə başa çatdıqdan sonra şəhərin
tikintisi davam etdirilir. Neft, yod istehsalı
artır, balıqçılığın inkişafı
üçün tədbirlər görülür. Buradakı qara kürü dünyada ən keyfiyyətli
məhsul olduğundan Moskvaya və xarici ölkələrə
göndərilir. Pambıqçılıq,
taxılçılıq, heyvandarlıq sahələrində
də yüksək nailiyyətlər əldə edilir.
Neftçalanın daha sürətli inkişafı isə
1969-cu ildən - ulu öndər Heydər Əliyev hakimiyyətə
gəldikdən sonra başlayır. İstər sənayedə,
istərsə də kənd təsərrüfatında
sıçrayış yaranır. Neftçalanın
şan-şöhrəti hər yana
yayılır. O illərdə iqtisadiyyatla yanaşı, sosial
məsələlər də mərhələ-mərhələ
öz həllini tapmağa başlayır. Bu günün
özündə Neftçala şəhərinə yaraşıq
verən, onun hüsnünə gözəllik gətirən mədəniyyət
sarayı, şahmat məktəbi, tarix-diyarşünaslıq
muzeyi, Kür çayı üzərində salınan iki
körpü, bir çox məktəb binası, rayon mərkəzi
xəstəxanasının binası, digər müalicə
ocaqları, bir sıra müəssisələr, çoxmərtəbəli
yaşayış evləri, sosialyönümlü digər
tikililər və s. o illərin yadigarlarıdır. Ümummilli lider o zaman dəfələrlə
Neftçalaya gəlmiş, sənaye müəssisələrində,
kolxoz və sovxozlarda olmuş, zəhmət adamlari ilə
görüşmüşdür. Bu gün
tarix-diyarşünaslıq muzeyində, icra hakimiyyətinin
binasında, məktəb, idarə və müəssisələrdə
təşkil edilmiş guşələrdə həmin illərin
müəyyən anlarını yaşadan, göz önünə
gətirən fotoşəkillər nümayiş etdirilir.
Onların sırasında müxtəlif illərdə rayona rəhbərlik
etmiş Kamran Hüseynov, Təvəkkül Xankişiyev,
İbrahim Qurbanov, Vilayət Seyidov, Aslan Süleymanov, Seyfəddin
Məmmədov kimi Neftçalanın yüksəlişində
əməyi olan insanların da şəkilləri var.
Müstəqilliyimizin bərpasından sonrakı ilk illər
isə hər yerdə olduğu kimi, Neftçalada da ağrılı-acılı
olmuşdur. Ciddi sovet rejimindən sonra baş alıb gedən
özbaşınalıq, xaos, anarxiya iqtisadiyyatı iflic vəziyyətinə
salmış, adamlar qruplara bölünərək
qarşı-qarşıya dayanmışdı. Bu dəfə də respublikanı məhv olmaq təhlükəsindən
Heydər Əliyev xilas etdi. Xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra hər
yerdə olduğu kimi, Neftçalada da vəziyyət məcrasına
düşdü. Aparılan islahatlar sayəsində
adamlar dinc həyata qayıtdılar. Hər
kəs ailəsini dolandırmaq üçün iş-güclə
məşğul olmağa başladı.
Yaranan sabitlik, əldə olunan atəşkəs, həyata
keçirilən islahatlar, bağlanılan müqavilələr
səmərəsini göstərdi. Ölkə büdcəsinə
daxil olan gəlirlər artdı, yeni yüksəliş
dövrü başladı. 2004-cü il
fevralın 11-də regionların sosial-iqtisadi inkişafı ilə
əlaqədar Prezident İlham Əliyevin imzaladığı
Birinci Dövlət Proqramı bu inkişafın lokomotivi rolunu
oynadı. Ay aydan, il ildən uğurlu gəldi.
Arzular, xəyallar gerçəkləşdi.
Adamların əhvali-ruhiyyəsi, həyatı dəyişdi,
yaxşılaşdı. Evi olmayan ev,
maşın arzusunda olan maşın aldı. Baş
verən dəyişikliklər bizi ən yeni tariximizin səhifələrini
vərəqləməyə, olanları xatırlamağa,
göz önünə gətirməyə sövq edir. 2003-cü ilin oktyabr ayının əvvəllərində
cənab İlham Əliyev prezidentliyə namizəd kimi
Neftçalada oldu, onunla görüşə gələnlər
qarşısında çıxış etdi, Xıllı Nərə
Balıqartırma Zavodunun istifadəyə verilməsi lentini kəsdi.
Bu müəssisə son 11 ildə 50 milyona
yaxın müxtəlif növ nərə cinsli balıq
körpəsi yetişdirib Xəzər dənizinə
buraxmışdır.
On bir il ərzində
rayonda ümumi məhsul istehsalı 2 dəfə, sənaye məhsulu
istehsalı 34,2, kənd təsərrüfatı məhsulları
istehsalı 33,1 faiz, pərakəndə ticarət dövriyyəsi
31,1, əhaliyə göstərilən pullu xidmətlərin həcmi
4,7, iaşə xidmətinin həcmi 5,7 dəfə
artmışdır. Orta aylıq əməkhaqqı 5,3, pensiyaların orta məbləği 5,8 dəfə
yüksəlmişdir. Sahibkarlara qayğı diqqət mərkəzində
saxlanılmış, onların 151 nəfərinə 5,5 milyon manat məbləğində güzəştli
kreditlər verilmişdir. Əhalinin elektrik
enerjisinə, təbii qaza, içməli suya olan tələbatının
ödənilməsi üçün tədbirlər həyata
keçirilmişdir.
Müasir
dövrün başlıca göstəricilərindən
sayılan və hər bir ailənin gündəlik həyat tərzinə
daxil olan internet istifadəçilərinin sayı 7,6, internetə çıxışı olan
evlərin sayı 4,8, kompüter istifadəçilərinin
sayı 5,4, mobil telefon istifadəçilərinin sayı 12,3
dəfə çoxalmışdır.
Məlum olduğu kimi, təhsilə diqqət və
qayğı dövlət başçısının fəaliyyətində
prioritet sahə kimi həmişə gündəmdədir. Görülən
işlər, həyata keçirilən tədbirlər bunun əyani
nümunəsidir. Yeni məktəblər
tikilmiş, köhnələri əsaslı təmir
edilmiş, onların maddi-texniki bazası
yaxşılaşmış, müəllimlərin əməkhaqları
artmışdır. Ən yaxşı
müəllimlər, məktəblər vaxtaşırı
olaraq mükafatlandırılır. Məktəb
tikintisi, təhsillə bağlı digər məsələlər
bu gün də diqqət mərkəzindədir.
Neftçala
rayonunda son 11 ildə 1232 şagirdlik 8 məktəb, o cümlədən
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsi çərçivəsində
320 şagird yerlik 2 məktəb binası tikilmiş, 2 min 352
şagirdlik 2 məktəb binası əsaslı təmir
edilmişdir. 360 şagirdlik Yuxarı
Qaramanlı kənd orta məktəbinin yeni binası cari dərs
ilinin başlandığı gün - Bilik günündə
qapılarını şagirdlərin üzünə
açmışdır. Çəkilən
zəhmət itməmişdir. Görülən işlər
tədrisin keyfiyyətinə, təlim-tərbiyə işlərinə,
şagirdlərin dərsə davamiyyətinə müsbət
təsir etmiş, ali və orta ixtisas məktəblərinə
qəbul olunan məzunların sayı ildən-ilə
artmışdır.
Körpələr evi və uşaq bağçaları
hələ kiçik ikən uşaqlara birgə
yaşayış qaydalarına hörmət hissi
aşılamaqla yanaşı, onların fiziki və əqli cəhətdən
inkişafına da müsbət təsir edir. Elə bu məqsədlə
də rayonda hər biri 45 yerlik 2 uşaq
bağçası-körpələr evi tikilmiş,
Neftçala şəhərindəki 140 yerlik 2 saylı
bağça əsaslı şəkildə təmir
edilmişdir.
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi birinci dövrdə respublikanın bütün
rayonlarında uşaqların və gənclərin zehni
inkişafında böyük rol oynayan şahmat məktəblərinin
tikilməsi üçün göstəriş vermişdi. Rayon rəhbərləri
də bu tapşırığın icrasına
yaradıcılıqla yanaşmışdılar. Biri binanı şahmat fiqurları olan şah, digər
at, başqa birisi top və s. formasında tikdirmişdi. Bu gün Prezident İlham Əliyevin
qayğısı ilə idmanın digər sahələrində
olduğu kimi, şahmatda da inkişaf var. Vaxtilə tikilən
şahmat məktəbləri əsaslı təmir edilmiş,
bəzi rayonlarda yeniləri inşa edilmişdir. Neftçaladakı şahmat məktəbi də əsaslı
təmirdən sonra 2007-ci ildə istifadəyə
verilmişdir. Bütün zəruri inventar
və avadanlıqlarla təchiz edilən məktəbdə 20
qrupda 250 nəfərə yaxın uşaq şahmatın sirlərini
öyrənir. Burada eyni vaxtda 120 nəfərin
iştirakı ilə yarışlar keçirmək
mümkündür.
Ulu öndər hakimiyyətinin birinci dövründə
hər bir rayonda tarix-diyarşünaslıq muzeyinin
yaradılması ideyasını həyata keçirdi. Bu ideyanın
mənası, məzmunu dərindən də dərin idi.
Ümummilli lider istəyirdi ki, hər bir azərbaycanlı
gənc vətəninin, rayonunun, el-obasının tarixini, mədəniyyətini,
adət-ənənələrini, təbiətini yaxından
bilsin, öyrənsin. İndi böyük
uğurla həyata keçirilən “Azərbaycanı
tanıyaq” layihəsi çərçivəsində məktəblilərin
respublikamızın müxtəlif bölgələrinə səyahət
etməsi bu mənada müstəsna əhəmiyyət kəsb
edir. Neftçaladakı
tarix-diyarşünaslıq muzeyinə gəldikdə isə o
da əsaslı təmir edilmişdir. Muzeydə
16 mindən çox eksponat saxlanılır. Rayon mədəniyyət və incəsənət
sarayı da əsaslı təmir edilmiş, burada bir çox
adlı-sanlı rəssamların yetişməsində rolu
olmuş dövlət rəsm qalereyası
yaradılmışdır.
“Azər-Yod” MMC son 11 ildə həyata qaytarılan,
istehsal fəaliyyəti bərpa edilən müəssisələrdəndir. Ən
müasir texnika və texnologiyalarla təchiz edilmiş zavodun
birinci mərhələsi 2007, ikinci mərhələsi 2009 və
üçüncü mərhələsi 2011-ci ildə istifadəyə
verilmişdir. 260 nəfərin
çalışdığı müəssisənin məhsulları
xarici ölkələrə ixrac olunur.
“Dizayn Glass” MMC isə yeni yaradılan istehsal sahələrindəndir. Bu
şüşə emalı zavodu 2011-ci ildə istifadəyə
verilmişdir. İtaliya, Macarıstan və
Çin istehsalı olan avadanlıqlarla işləyən
müəssisədə keyfiyyətli şüşə məhsulları
hazırlanır.
Kənd təsərrüfatı rayon iqtisadiyyatında
mühüm yer tutur. Taxıl, pambıq, digər kənd təsərrüfatı
məhsulları istehsalçılarına subsidiyaların
verilməsi, mineral gübrələrin alınmasında edilən
güzəştlər, kəndlilərin torpaq vergisindən
azad edilməsi və digər amillər fermerləri, torpaq
mülkiyyətçilərini daha yaxşı işləməyə
ruhlandırır. Onların hər biri
dövlətin qəbul etdiyi ərzaq təhlükəsizliyi
proqramının icrasında yaxından iştirak etməyi
özünə borc bilərək daha çox və ekoloji cəhətdən
təmiz məhsul yetişdirməyə
çalışır. “Texnika əkinçinin
sağ əlidir” deyirlər. 2011-ci ildən
rayonda “Aqrolizinq” ASC-nin filialı fəaliyyət göstərir.
İdarə kənd təsərrüfatı məhsulları
istehsalçılarını lazımi texnika və mineral
gübrələrlə təmin edir.
Artıq
2014-cü il başa çatmaq üzrədir.
Bu il neftçalalılar üçün
də uğurlu olmuşdur. Neftçala şəhəri
inkişaf etmiş, daha da abadlaşmışdır. Tikintisi başa çatmış neçə-neçə
obyekt istifadəyə verilmişdir. Ucaldılan hər
bina, görülən hər iş xüsusi layihələr əsasında
zövqlə həyata keçirilmişdir. Onların
hər biri şəhərə yaraşıq və gözəllik
verir.
Bu il may ayının 28-də ölkə rəhbəri
rayona növbəti səfər etdi. Heydər Əliyev Mərkəzinin,
rayon icra hakimiyyətinin yeni binasının
açılışında iştirak etdi, Bayraq meydanı ilə,
yeni bulvarla tanış oldu, Neftçala
rayonu ictimaiyyətinin nümayəndələri ilə
görüşdü. “Neftçalada gedən
abadlıq-quruculuq işləri, rayonun inkişafındakı
müsbət dəyişikliklər məni sevindirir” deyən
dövlət başçısı bu Muğan rayonunda baş
verən yeniliklərə yüksək qiymət verdi.
Kürlə Xəzərin qovuşağında yerləşən bu şəhərdəki yeniliklər bunlarla bitmir. Şəhərin girəcəyindən tutmuş Heydər Əliyev prospektinə, oradan başlamış şəhərin axırına qədər yol boyunca irəlilədikcə zövqlə çəkilən hasarlar, əkilən ağaclar, yaşıllıqlar, şəhidlərin xatirəsinə ucaldılan abidə, damları, fasad hissələri yeniləşdirilən çoxmərtəbəli binalar, asfaltlanan küçələr görülən işlərin göz önündə olanıdır. Quraşdırılan elektrik lampaları bu şəhərin gecələrini çıraqban edir. Kür çayında bərq vuran həmin işıqlar ata-anaları, baba-nənələri ilə bulvara gələn uşaqlardan ötrü bir nağıl dünyası mənzərəsinı yaradır. Onlar üçün bulvarda əyləncə guşəsi də yaradılmışdır.
Heydər Əliyev Mərkəzi gənclərin ən çox sevdiyi məkandır. Onlar hər gün dəstə-dəstə bura gəlir, dərnəklərdə böyük həvəslə iştirak edir, ayrı-ayrı peşələrin sirlərini öyrənirlər. Mərkəzdə nikah mərasimlərinin qeyd edildiyi otaq da var. Ailə quran oğlan və qızlar nikah mərasimindən öncə ulu öndərin abidəsi önünə gül dəstələri qoyur, mərkəzin binasında bu sabitliyi, firavanlığı, xoş günləri xalqımıza bəxş edən dahi insanın ömür yolunu əks etdirən maraqlı fotoşəkillərə baxırlar.
Rayonda aparılan işlər səngimir. Axmaz deyilən ərazidə olimpiya idman kompleksinin tikintisi üçün hazırlıq işləri görülür. Ərazidə avarçəkmə yarışlarını keçirmək üçün süni göl olacaq. Rayon mərkəzi xəstəxanasında əsaslı təmir başa çatmaq üzrədir. Qəsəbə və kəndlərdə aparılan abadlıq-quruculuq işləri davam edir.
Qarşıdan gələn ildə isə yaradılacaq sənaye məhəlləsi əhaliyə göstərilən xidmət növlərinin sayını artıracaq, yeni iş yerlərinin açılmasına imkan verəcək. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən 10 hektar torpaq sahəsi ayrılmışdır. Bundan əlavə, dövlət başçısının müvafiq sərəncamına əsasən, Şorkənd-Beşdəli-Şirvanlı avtomobil yolu və rayondaxili digər yolların bir hissəsi yenidən qurulacaq, məktəblərin, tibb və mədəniyyət ocaqlarının, kəndlərdəki sosial obyektlərin tikintisi, yenidən qurulması, abadlıq işləri davam edəcək. Kür çayından Xol zonasına su kanalı çəkiləcək, sənaye və kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün tədbirlər həyata keçiriləcək.
“Niyyətin hara, mənzilin ora” - deyiblər. Nəzərdə
tutulan işlərin həyata keçirilməsi
üçün Neftçala əhalisində kifayət qədər
təcrübə və yüksək əhvali-ruhiyyə var.
Ən azı, yola salmağa
hazırlaşdığımız 2014-cü ildə əldə
olunan nailiyyətlər belə deməyə əsas verir.
Neftçalalılar isə ən yeni tariximizin
şanlı-şöhrətli səhifələrini yazanlar
sırasındadırlar. Mənalı, məzmunlu
keçən illər haqqında bu məqaləni yazarkən
qəlbimdən misralar qopdu:
İllər
də insan tək gəlib dünyaya,
İllər də insan tək qocalıb gedir.
İllər
var, zəfəri gəlməyir saya,
İl də var, dünyadan borc alıb gedir.
Bir sözlə, bu gün Azərbaycan tamam başqa
ölkədir.
Bütün bunlarda neftçalalıların da
öz payı, öz izi var.
Seyran CAVADOV,
Azərbaycan.-2014.- 19 dekabr.- S.9.