Görkəmli alim, böyük ziyalı
2014-cü il dekabrın 19-da elmi, pedaqoji və dövlətçilik fəaliyyəti ilə seçilən, fizika və kosmik tədqiqatlar sahəsində tanınmış alim, görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Şəfaət oğlu Mehdiyevin 80 yaşı tamam olur.
Arif Şəfaət oğlu Mehdiyev Bakı şəhərində XX əsrin görkəmli Azərbaycan ziyalılarından biri, respublika elminin və təhsilinin inkişafında böyük rolu və parlaq dəst-xətti olan, bu gün də yüksək ehtiram və hörmətlə xatırlanan akademik Şəfaət Mehdiyevin ailəsində dünyaya göz açmışdır. 1952-ci ildə Bakı şəhərində orta məktəbi bitirən A.Mehdiyev həmin il Moskva Elektrotexniki Rabitə İnstitutuna daxil olmuşdur. O, 1957-ci ildə bu institutdan məzun olaraq radiorabitə mühəndisi ixtisasına yiyələnmişdir. Arif Mehdiyev 1957-1961-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, 1965-1974-cü illərdə isə baş elmi işçi vəzifələrində işləmişdir. O, 1961-1965-ci illərdə SSRİ Elektron Sənayesi Nazirliyinin Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərində yerləşən müəssisələrində mühəndis və böyük mühəndis vəzifələrində çalışmışdır. 1966-1968-ci illərdə Sankt-Peterburq şəhərindəki İoffe adına Fizika-Texnika İnstitutunda elmi ezamiyyətdə olması onun bir alim kimi formalaşmasında xüsusi rol oynamışdır.
Görkəmli alim 1972-1973-cü illərdə İngiltərənin Oksford şəhərindəki Klarendon Laboratoriyasında və 1981-1982-ci illərdə Roma Universitetində elmi ezamiyyətdə olmuş və yarımkeçiricilər fizikası sahəsində böyük tədqiqatlar aparmışdır.
1973-cü ildə o, Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə yaradılmış “Xəzər” Elm Mərkəzinin elmi işlər üzrə direktor müavini, 1979-1982-ci illərdə həmin mərkəzin bazası əsasında yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının Təbii Ehtiyatların Kosmik Tədqiqatlar İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, 1982-1991-ci illərdə isə yeni təşkil olunmuş Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin baş direktorunun birinci müavini vəzifəsində çalışmışdır.
Arif Mehdiyev 1969-cu ildə fizika-riyaziyyat elmləri namizədi, 1984-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi, 1987-ci ildə isə professor elmi adı almışdır.
1992-ci ildə alimin təşəbbüsü ilə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin bazası əsasında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradılmış və 2003-cü ilədək həmin agentliyin ilk baş direktoru vəzifəsində çalışmışdır.
Arif Mehdiyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və AMEA-nın vitse-prezidenti seçilmişdir.
Görkəmli alim 2002-ci ildən Milli Aviasiya Akademiyasının “Ekologiya və aerokosmik monitorinq” kafedrasına rəhbərlik edir. Onun rəhbərliyi altında 7 elmlər doktoru və 20-dək elmlər namizədi dissertasiya işlərini müdafiə etmişlər.
Akademik A.Mehdiyev 300-dən artıq çap olunmuş elmi işin, o cümlədən 45-dən çox ixtiranın müəllifidir. Onun elmi məqalələri bir sıra nüfuzlu beynəlxalq elmi jurnallarda və məcmuələrdə dərc olunmuş və bu elmi məqalələrə dünya alimləri tərəfindən 100-dən artıq istinad var.
Arif Mehdiyev 1992-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasına həqiqi üzv, 1996-cı ildə isə Amerika Aeronavtika və Astronavtika İnstitutuna üzv seçilmişdir. O, 1996-cı ildə Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean Hövzəsi Ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının Azərbaycan üzrə koordinatoru təyin edilmişdir.
Onun elmi fəaliyyətində elektron texnikası üçün cihazların işlənilməsi mühüm yer tutur. Belə ki, yarımkeçiricilərdə optik və fotoelektrik xassələrin fundamental tədqiqatları sahəsində alimin aldığı nəticələr əsasında yeni yarımkeçirici cihazların işlənilməsi yerinə yetirilmiş və həmin işlər praktikada tətbiq olunmuşdur.
1975-ci ildən başlayaraq akademik ətraf mühitin kosmik üsullarla tədqiqinin fiziki-texniki problemlərinin həlli istiqamətində çalışır. Arif Mehdiyevin bilavasitə iştirakı ilə yerüstü avtomatlaşdırılmış informasiya-ölçü kompleksləri tərkibində hidrometeoroloji və ekoloji parametrlərin yığılması və emalı üçün elektromaqnit dalğalarının müxtəlif diapozonlarında işləyən spektral ölçü cihazları yaradılmışdır. Bu cihazlar və informasiya-ölçü kompleksləri çoxsəviyyəli beynəlxalq aerokosmik eksperimentlərin aparılması zamanı tədqiqatçıları peykaltı ölçmələrlə təmin etməyə imkan verirdi. Yerüstü və Kosmosdan verilənlərin qəbulu, emalı və tematik təhlili ilə bağlı görkəmli alimin rəhbərliyi altında aparılmış işlər Azərbaycanda Coğrafi Məlumat Sistemlərinin inkişafına təkan vermişdir.
Arif Mehdiyev Varşava Müqaviləsi iştirakçısı olan ölkələrin kosmik məsələlər üzrə “İnterkosmos” Dövlətlərarası Şurasının idarə heyətinin üzvü olmuş və 1975-ci ildən SSRİ-nin süqutunadək həmin şuranın bütün proqramlarının və layihələrinin işində fəal iştirak etmişdir. 1984-cü ildə “İnterkosmos” proqramı çərçivəsində Şəki-Zaqatala poliqonunda təbii obyektlərin tədqiq olunması məqsədilə keçirilmiş peykaltı eksperimentlərdə A.Mehdiyevin rolunu və əməyini xüsusi olaraq qeyd etmək lazımdır.
Akademik kosmik fəzanın tədqiqi üçün peyk cihazlarının yaradılmasında fəal iştirak etmişdir. Bu cihazlardan RS-17 rentgen spektrometri “Salyut-Soyuz” orbital kompleksinin bortunda, “Pulsar-X-1” rentgen teleskopu isə “Mir” orbital stansiyasında uzun müddət uğurla istifadə edilmişdir.
Arif Mehdiyevin 1975-ci ildən Azərbaycanın və keçmiş SSRİ-nin direktiv orqanlarının qərarı ilə yerinə yetirilmiş və müvəffəqiyyətlə tətbiq edilmiş iyirmidən çox hərbi təyinatlı məxfi, ciddi məxfi və dövlət məxfi qrifi daşıyan elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin elmi rəhbəri və fəal iştirakçı olması diqqəti xüsusi olaraq cəlb edir.
İngilis və rus dillərini mükəmməl bilməsi sayəsində A.Mehdiyevin ABŞ, Rusiya, Avstriya, Niderland, Avstraliya, Macarıstan, Bolqarıstan və digər ölkələrdə keçirilmiş mötəbər beynəlxalq elmi konqres, simpozium və konfranslarda fəal iştirak etməsi gələcək illərdə onun dünyanın qabaqcıl elm mərkəzləri və alimləri ilə elmi əlaqələr qurması üçün zəmin yaratmışdır.
Arif Mehdiyev hər zaman beynəlxalq əlaqələrin genişləndirilməsinə, xarici ölkələrin alim və mütəxəssisləri ilə faydalı elmi əməkdaşlığa, təcrübə mübadiləsinə xüsusi əhəmiyyət vermiş və bu istiqamətdə əməli addımlar atmışdır. 1977-ci və 1980-ci illərdə “Xəzər” Elm Mərkəzində BMT-nin beynəlxalq tədris seminarlarının keçirilməsi və həmin seminarlarda dünyanın inkişaf etməkdə olan müxtəlif ölkələrindən 33 nümayəndənin iştirak etməsi təşkilatın beynəlxalq əlaqələrini daha da genişləndirdi. Bu seminarların əsas təşkilatçılarından biri kimi A.Mehdiyevin rolunu xüsusi olaraq qeyd etmək lazımdır.
Akademik Arif Mehdiyevin fəaliyyətinə qiymət verərkən, keçən əsrin çətin 90-cı illərində onun Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyini qoruyub saxlamaq sahəsindəki xidmətini xüsusilə qeyd etməliyik. Yada salmaq lazımdır ki, Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi ümumittifaq təşkilatı olub, Moskvadan maliyyələşdirilirdi. SSRİ-nin dağılmasından sonra təcili olaraq yeni maliyyələşmə mənbəyi tapmaq lazım idi. Arif müəllim böyük çətinliklər bahasına bu işin öhdəsindən uğurla gələ bilmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin beynəlxalq əlaqələri genişlənmiş və A.Mehdiyev 1992-ci ildə ABŞ-da olan Dünya Kosmik Konqresində, 1993-cü ildə BMT-nin Kosmos üzrə Komitəsinin Nyu Yorkda keçirdiyi iclasda və 1994-cü ildə BMT-nin Çin Xalq Respublikasında Yerin kosmosdan öyrənilməsi üzrə keçirdiyi nazirlər konfransında Azərbaycanı layiqincə təmsil etmişdir. BMT-nin Çin Xalq Respublikasındakı Nazirlər konfransında məruzə edən Arif Mehdiyev Azərbaycanda Yerin kosmosdan tədqiqi haqqında ətraflı məlumat vermişdir. Bu konfransdan sonra akademikin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi Komissiyasının sədrinə yazdığı məktuba əsasən Azərbaycan Milli Aerokosmik Agentliyinin əməkdaşları bilavasitə onun rəhbərliyi altında 1995-ci ildə Pakistan, Tailand, Filippin və Malayziyanın müvafiq kosmik tədqiqatlar mərkəzlərinin işi ilə yaxından tanış olmaq üçün həmin ölkələrə ezam olunmuşdular.
Tailandda A.Mehdiyevin Asiya Texnologiya İnstitutunun rektoru ilə imzaladığı protokola uyğun olaraq Azərbaycan Milli Aerokosmik Agentliyinin bir çox əməkdaşı həmin institutda iki illik magistr kursunu bitirmiş və master elmi dərəcəsini almışlar.
Arif Mehdiyevin Avropa Kosmik Agentliyi və Hindistan Kosmik Mərkəzi ilə yaratdığı sıx əməkdaşlıq əlaqələri sayəsində Azərbaycan Milli Aerokosmik Agentliyinin bir neçə əməkdaşı İtaliyanın Fraskati, Hollandiyanın Enşede və Hindistanın Banqalor şəhərlərində yerləşən Yerin kosmosdan öyrənilməsi elmi-tədqiqat mərkəzlərində uzunmüddətli təcrübə kursu keçmiş, elmi işlər aparmış və ixtisasartırma kursları keçmişlər.
Arif Mehdiyevin təşəbbüsü ilə 1997-ci ildə Bakıda BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi Komissiyası və Avropa Kosmik Agentliyinin maliyyə dəstəyi ilə 11 ölkənin nümayəndəsinin iştirak etdiyi yüksək səviyyədə regional seminar keçirilmişdir. Arif müəllimin təklifi ilə FAO (BMT-nin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə təşkilatı) 1999-2001-ci illər ərzində yerinə yetirilən “Azərbaycanın bitki örtüyünün aerokosmik üsullarla öyrənilməsi” layihəsini maliyyələşdirdi. İlk dəfə olaraq kosmik məlumatlar əsasında Azərbaycanın kənd təsərrüfatı üçün rəqəmli müxtəlif xəritələrin yaradılması məsələsi öz həllini tapdı.
Görkəmli alim 1999-cu ildə Vyanada keçirilən “YUNİSPEYS-3” Ümumdünya Konqresində iştirak etmişdir. Onu da qeyd etmək lazımdır ki, “YUNİSPEYS” adı altında keçirilən konqreslər kosmosla bağlı qlobal problemlərə həsr olunmuş ən nüfuzlu beynəlxalq tədbirdir və indiyə qədər üç dəfə (1968, 1982 və 1999-cu illərdə) “YUNİSPEYS” konqresi keçirilmişdir. Arif Mehdiyev həmin konqresin sənədlərinin hazırlanması üçün yaradılmış Şərqi Avropa ölkələrindən olan iki nümayəndədən biri kimi redaksiya heyətinin tərkibinə seçilmişdir. Onun iştirakı ilə kosmik tədqiqatlar sahəsində beynəlxalq əməkdaşlığa şərait yaradan bir sıra sənədlər işlənib hazırlanmışdır.
Akademik A.Mehdiyevin son illəri əhatə edən elmi fəaliyyəti ekoloji problemlərin Yerin Kosmosdan alınan məlumatları vasitəsilə ilə həllinə həsr olunub. Bu istiqamətdə aparılan elmi tədqiqatlar Milli Aviasiya Akademiyasının Ekologiya və monitorinq kafedrasının nəzdində fəaliyyət göstərən və A.Mehdiyevin rəhbərlik etdiyi Aerokosmik monitorinq problem laboratoriyasının əməkdaşları ilə birgə bu gün də uğurla davam etdirilir. Həmin tədqiqatlar nəticəsində Xəzər dənizinin akvatoriyasında neft məhsulları ilə çirklənmələrin qeydə alınıb qiymətləndirilməsi məqsədilə radiolokasiya sistemi vasitəsilə alınmış təsvirlərdən istifadə olunmuş və təsvirlərin emalı nəticəsində çox kiçik ölçülü neft ləkələrinin qeydə alınması, onların istiqamətinin və yerdəyişmə sürətinin müəyyənləşdirilməsi yüksək dəqiqliklə həyata keçirilmişdir.
Ümummilli lider Heydər Əliyev akademik A.Mehdiyevə böyük etimad göstərərək, 2002-ci ildə onu çox məsuliyyətli bir dövlət postuna - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsinə təyin etmişdi. Bu vəzifədə ugurla fəaliyyət göstərən akademik Arif Mehdiyevin yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində bir dövlət xadimi kimi səmərəli fəaliyyətini və fədakar xidmətlərini xüsusi olaraq qeyd etmək istərdik. Ali Attestasiya Komissiyasının qanunverici bazasının formalaşdırılması və zamanın tələbinə uyğun təkmilləşdirilməsi, ali təhsilin doktorantura səviyyəsi, elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələrin verilməsi üzrə ixtisasların siyahısının UNESCO-nun qəbul etdiyi elmi ixtisas siyahılarına uyğunlaşdırılması, Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlərə dair vahid qaydalar sisteminin işlənib hazırlanması, dissertasiyaların əsas nəticələrinə dair nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması və mötəbər beynəlxalq elmi konfranslarda məruzələr edilməsinə dair AAK-ın Əsasnaməsindən irəli gələn tələbin həyata keçirilməsi ilə bağlı A.Mehdiyevin səmərəli fəaliyyəti həm yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasının şəffaf və obyektiv olmasında, həm də Azərbaycan elminin beynəlxalq aləmdə səviyyəsinin və nüfuzunun yüksəlməsində çox mühüm əhəmiyyətə malikdir.
Akademik Arif Mehdiyev 2009-cu ildən “Azərbaycan-Belarus” dostluq və əməkdaşlıq cəmiyyətinin sədri kimi fəaliyyət göstərir və bu ictimai fəaliyyət sahəsindəki xidmətlərinə görə o, 2013-cü ildə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun müvafiq sərəncamı ilə “Fransisk Skorina” medalı ilə təltif olunmuşdur.
Akademik A.Mehdiyevin həm dövlət xadimi kimi göstərdiyi xidmətlər, həm də elm, texnika və təhsil sahəsindəki səmərəli fəaliyyəti və fədakar əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1979-cu ildə “Şərəf nişanı” ordeni, 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Akademik 1990-cı ildə Azərbaycan SSR “Əməkdar elm və texnika xadimi” fəxri adı almış, 1991-ci ildə isə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. A.Mehdiyev 2004-cü ildə akademik Yusif Məmmədəliyev adına medalla, 2005-ci idə Rusiya Kosmonavtika Federasiyasının akademik S.Korolyov adına medalı, həmin ildə Beynəlxalq Mühəndislik Akademiyasının Böyük qızıl medalı, 2011-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” medalı, 2013-cü ildə həmin akademiyanın “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunmuşdur.
Arif Mehdiyev ilk növbədə özünə qarşı çox tələbkar, üzərində daim işləyən və təvazökar bir insandır. Məqsədlərin düzgün seçilməsində, qiymətləndirilməsində və həyata keçirilməsində yüksək intellekti, səbirliliyi, dözümlülüyü, geniş düşünmə qabiliyyəti ona hər zaman yardımçı olur.
A.Mehdiyev qayğıkeş ailə başçısı olmaqla bərabər, həm də vətəndaş, vətənpərvər insan və sadiq dost üçün lazım olan bütün yüksək keyfiyyətlərə malikdir. Belə ki, onun daxili dünyası təkcə onun şəxsi həyatı ilə deyil, həm də ölkəsi və xalqı ilə bağlı hadisələrin təsiri ilə formalaşıb. Arif Mehdiyev öz xalqının tarixinə, mədəniyyətinə, adət və ənənələrinə böyük hörmət və ehtiramla yanaşan bir insandır. Bu, onun yüksək əxlaqi potensialından və mənəvi zənginliyindən xəbər verir.
Həyatda yolunu sapmadan enişli-yoxuşlu yolları şərəflə və müvəffəqiyyətlə keçən, ləyaqəti hər şeydən üstün tutan, geniş həyat təcrübəsinə malik olan Arif müəllim çox optimist bir insan olmaqla Azərbaycanın və elmimizin parlaq gələcəyinə böyük əminliklə inanır. O, respublikamızın və elmimizin sabahının etibarlı təminatını praqmatik düşüncəyə və geniş erudisiyaya malik olan Prezident İlham Əliyevin düzgün siyasəti və çevik diplomatiyası sayəsində artıq bərqərar olmuş qüdrətli dövlətimizdə, respublikamızda hökm sürən siyasi sabitlikdə, güclü iqtisadiyyatımızda, gündən-günə peşəkarlaşan kadr potensialımızın olmasında görür.
Akademik Arif Mehdiyev dövlət, cəmiyyət, elmi və pedaqoji ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunan bütöv bir şəxsiyyətdir. Bu gün həyatının müdriklik çağını yaşayan Arif müəllimi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, elmi, pedaqoji, dövlətçilik və ictimai fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Akif ƏLİZADƏ,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,
akademik
Akif HACIYEV,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik
Azərbaycan.-2014.-
19 dekabr.- S.10.