Milli Məclisin sədri Pakistanın

 Azərbaycandakı səfirliyinin iqamətgahında olub

 

Milli Məclisin sədri Oqtay Əsədov Pakistanın Peşavar şəhərində çoxsaylı insan tələfatına səbəb olan terror aktının qurbanlarının ailələrinə və Pakistan xalqına başsağlığı vermək məqsədilə dekabrın 19-da bu ölkənin Bakıdakı səfirliyinin iqamətgahında olub.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Pakistanın ölkəmizdəki səfiri Xalid Usman Qayser ilə söhbət zamanı Oqtay Əsədov qeyd edib ki, Pakistan Azərbaycana dost ölkədir və orada baş verən qanlı faciə xalqımızı həddən artıq sarsıdıb. Hər bir Azərbaycan vətəndaşı Pakistan xalqının kədərinə şərik olur və gələcəkdə bu cür hadisələrin baş verməməsini arzulayır. Milli Məclisin sədri bildirib ki, Azərbaycan terrorizmin ağrı-acısını bilən ölkə kimi hər zaman terroru pisləyir və terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe tutur. Oqtay Əsədov deyib ki, Azərbaycan dövləti və xalqı bu ağır günlərdə Pakistan xalqının daim yanındadır və inanırıq ki, Pakistan dövləti terrorizmin aradan qaldırılması üçün bütün imkanlarını səfərbər edərək bu bəlanın kökünü kəsəcək.

Başsağlığına görə minnətdarlığını bildirən Xalid Usman Qayser Pakistanın Peşavar şəhərindəki hərbi məktəbə silahlı hücum və terror nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı barədə Oqtay Əsədova məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyev bu dəhşətli terror hadisəsi ilə əlaqədar Pakistan Prezidenti Məmnun Hüseynə öz adından və Azərbaycan xalqı adından başsağlığı verərək terrorizmin dəhşətli bəla olduğunuonun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini vurğulayıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan Pakistana dostqardaş ölkədir və Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətlidir.

Səfir Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlıq edib.

Milli Məclisin sədri Oqtay Əsədov səfirliyin xatirə kitabına ürək sözlərini yazıb və bir daha Pakistan xalqına başsağlığı verib.

Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva və digər rəsmi şəxslər iştirak ediblər.

 

Azərbaycan.-2014.- 20 dekabr.- S.1.