Azərbaycan alimlərinin
I qurultayı keçirilib
Dekabrın 19-da Azərbaycan Milli Elmlər
Akademiyasının əsas binasında Azərbaycan alimlərinin
I qurultayı keçirilib.
Qurultay Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil,
Rabitə və Yüksək Texnologiyalar nazirlikləri tərəfindən
birgə təşkil olunub.
AzərTAc xəbər verir ki, qurultayda dövlət
qurumlarının nümayəndələri,
tanınmış alim və mütəxəssisləri, həmçinin
dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlı alimlər iştirak ediblər.
İnternet
üzərindən canlı yayımlanan tədbirdə
çıxış edən AMEA-nın prezidenti, akademik Akif
Əlizadə ilk dəfə keçirilən bu qurultayın
müasir dünyanın qlobal
çağırışlarının, Azərbaycanın sosial-iqtisadi
və mədəni-mənəvi inkişafının, ölkə
elmində gedən proseslərin məntiqi nəticəsi
olduğunu bildirib. Qeyd edilib ki, ümummilli lider
Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan
onun ideyalarının və siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin böyük
uğurla həyata keçirdiyi siyasətin nəticəsində
inkişafın keyfiyyətcə yeni mərhələsinə
qədəm qoyub. Təqdirəlayiq
haldır ki, Azərbaycanın milli sərvəti olan elmi
potensialın qorunması, inkişaf etdirilməsi dövlət
siyasətinin mühüm istiqamətlərindən birini təşkil
edir.
Akademik vurğulayıb ki, hazırda elmi potensialın
milli tərəqqi naminə maksimum dərəcədə səmərəli
istifadə olunması Azərbaycan dövlətinin və cəmiyyətinin
qarşısında duran əsas vəzifələrdən
biridir.
Qurultayda Azərbaycan Prezidenti Administrasiyasının
humanitar siyasət məsələləri şöbəsinin
müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin tədbir
iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra akademik Akif Əlizadə “Müasir dünyanın
çağırışları və Azərbaycan elminin
prioritetləri” mövzusunda məruzə ilə
çıxış edib. Məruzəçi
bildirib ki, elmin inkişaf tarixi bütün
uğurlarımızın və nailiyyətlərimizin şəxsiyyət
fenomeni ilə bağlı olduğunu göstərir. Milli birliyin, Azərbaycançılıq məfkurəsi
ətrafında sıx birləşməyimizin əsasında da
bir çox elmi faktorlar dayanır. Xalqımızın
tarixini, qədim ənənələrini, zəngin mədəni
irsini qoruyub saxlamağa, onların gələcək nəsillərə
çatdırılmasına nail olmaq üçün humanitar
elmlərin bütün spektrləri geniş vüsət
almalıdır. Ölkəmizin təbii sərvətləri
öyrənilmədən, elmə əsaslanan yeni texnologiyalar
tətbiq olunmadan nə ekoloji təhlükəsizlik
baxımından kənd təsərrüfatı inkişaf edə
bilər, nə də bütövlükdə dövrün
ekoloji çağırışlarına adekvat cavab verilə
bilər.
Akademik
A.Əlizadə deyib: “İnsan kapitalına daxil olan
bütün faktorlar, o cümlədən əhalinin
sağlamlığı yeni texnologiyalardan və elmi
yanaşmalardan asılıdır. Hamımıza yaxşı
bəllidir ki, həm orta, həm də ali
təhsil möhkəm elmi bazaya söykənmədən, elmlə
həmahəng inkişaf etmədən səmərəli fəaliyyət
göstərə bilməz.
Bu gün ən böyük problem elmin qocalması və
yüksək ixtisaslı gənc kadrların
azlığıdır. Bizə lazım olan mütəxəssisi
hələ orta məktəbdə itiririk, çünki gənclərin
böyük qismi peşə seçimi problemi ilə
rastlaşanda, öz gələcəyini elmlə və elmi fəaliyyətlə
bağlamaq haqqında düşünmür. Hamımıza yaxşı məlum olan bu və ya
digər problemlərin həlli üçün səylərimizi
birləşdirməli, ümumi strategiyanın və fəaliyyət
proqramının formalaşmasına nail olmalıyıq.
Məruzəçi daha sonra qeyd edib ki, ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə fundamental elm
sistemində başlanılmış islahatlar onun siyasi kursunun
davamçısı Prezident İlham Əliyev tərəfindən
müasir dövrün tələblərinə uyğun surətdə
inkişaf etdirilir, “neft kapitalının insan kapitalına
çevrilməsi” istiqamətində ardıcıl tədbirlər
həyata keçirilir. Milli sərvətimizin tükənməz
hissəsi olan elmi potensialın qorunması, inkişaf etdirilməsi
dövlət siyasətinin prioritet istiqamətlərindən
biridir.
Prezident
İlham Əliyevin elmin inkişafı ilə bağlı qəbul
etdiyi çoxsaylı qərarlar sırasında “2009-2015-ci illərdə
Azərbaycan Respublikasında elmin inkişafı üzrə
Milli Strategiya”, “Azərbaycan–2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası qəbul olunub,
intellektual inkişaf modeli əsaslandırılıb və
biliklər cəmiyyətinin qurulması ölkəmizin
strateji inkişaf xətti kimi bəyan edilib.
Bu qərarlar ölkədə digər sahələrlə
yanaşı, Azərbaycan elmi qarşısında da
mühüm vəzifələr qoyub. Alimlərimiz öz
qüvvələrini həmin vəzifələrin icrasına
səfərbər edərək “Azərbaycan Milli Elmlər
Akademiyası–2020” İnkişaf Konsepsiyasını işləyib
hazırlayıblar. Konsepsiyada ölkənin
elmi-texniki, innovativ inkişafının müasir, fəal
sisteminin, eləcə də vətəndaş cəmiyyətinin
və mədəniyyətin vacib amili olan sosial-iqtisadi dəyişikliklərin
elmi əsaslarının yaradılması nəzərdə
tutulur.
A.Əlizadə buna misal olaraq Azərbaycanda neft elmi, neft
kimyası, nanotexnologiyalar və başqa sahələrdə
elmlərin inkişaf proqramının hazırlanmasını
göstərib. Vurğulayıb ki, müasir dünyada həyatın
maddi əsasını müəyyən edən energetika,
mexanika, informatika bu sahələrdə elmi tədqiqatların
hərtərəfli dəstəklənməsinin zəruriliyini
diktə edir.
XXI əsrdə cəmiyyət bioloji və tibb elmlərinin
inkişafında daha çox maraqlıdır. Odur ki, alimlər
canlı maddənin təbiəti və xüsusiyyətləri
haqqındakı fundamental bilikləri genişləndirməli,
tibb elminin, biotəbabətin, genetikanın, aqrar sahənin, həmçinin
ekoloji təhlükəsizliyi və təbiətdən istifadənin
inkişafını təmin etməyə nail
olmalıdırlar.
“Elm və
təhsilin inteqrasiyasının bəzi məsələləri
haqqında” mövzusunda məruzəsində təhsil naziri
Mikayıl Cabbarov bildirib ki, bu gün qarşıda duran ən
mühüm məsələ elm və təhsilin
inteqrasiyasına nail olmaq, onların qarşılıqlı əlaqəsini
gücləndirməkdir. Həmçinin ali
təhsil müəssisələrində aparılan elmi tədqiqatların
prioritetlərinin müəyyənləşdirilməsinin də
vacib olduğunu vurğulayan nazir bu istiqamətdə zəruri
tədbirlərin həyata keçirilməsinin nəzərdə
tutulduğunu qeyd edib.
M.Cabbarov
deyib ki, ümumtəhsil məktəblərində kurrikulum
proqramlarının hazırlanmasında elmi yanaşmalardan
geniş istifadə olunacaq, həmçinin ali
təhsil müəssisələrində elmi tədqiqatların
genişləndirilməsi üçün maliyyə
resurslarının müəyyənləşdirilməsi ilə
bağlı tədbirlər həyata keçiriləcək.
Hazırda ali təhsil müəssisələrindəki
elmi fəaliyyəti əlaqələndirən müvafiq
şuranın yaradılmasına və dünya səviyyəli
elmi araşdırmaların çərçivə
standartlarını müəyyənləşdirməyə
ehtiyac duyulur.
İnnovativ
inkişaf və müasir baxışlara dair məruzə ilə
çıxış edən rabitə və yüksək
texnologiyalar naziri, akademik Əli Abbasov vurğulayıb ki,
qurultayda müzakirə olunan məsələlər, irəli
sürülən yeni ideyalar, qəbul edilən qərarlar elm
və texnikanın, bütövlükdə iqtisadiyyatın gələcək
inkişafı üçün çox önəmlidir. Azərbaycan alimləri ölkə
iqtisadiyyatının müxtəlif sektorlarında birbaşa tətbiq
oluna biləcək bir çox elmi nailiyyətlər əldə
ediblər.
Akademik Əli Abbasov bildirib ki, qlobal rəqabət şəraitində
respublikanın insan potensialının davamlı şəkildə
yüksəldilməsi, gənc, yaradıcı, intellektual
insanların istedadından maksimum istifadə edilməsi
innovasiyalı inkişafın təmin olunması
baxımından son dərəcə zəruridir. İKT,
nanotexnologiyalar, kosmik, mikroelektronika, nüvə, biotexnologiyalar
və digər elmi tutumlu sahələr üzrə kadr
hazırlığı prioritet istiqamətlər hesab olunur.
Elmin inkişafı, onun səmərəliliyinin
artırılması bir çox faktorlardan asılıdır. Bunun
üçün maddi-texniki və informasiya bazası gücləndirilməli,
gənc alim və mütəxəssislərə dəstək
verilməli, onların xaricidə tanınmış elmi məktəblərdə
təcrübə keçməsi, birgə tədqiqatların
aparılması və intellektual mülkiyyətin qorunması
da əsas şərtlərdəndir.
Nazir qeyd edib ki, qurultay elmin inkişafı ilə
bağlı məsələlərin müzakirəsi, yeni
fikirlərin ortaya çıxması üçün
yaxşı bir platformadır.
Tədbirdə
məşhur azərbaycanlı alim, ABŞ-ın Kaliforniya
Berkli Universitetinin professoru Lütfi Zadənin, Avstraliya Federativ
Universitetinin professoru Adil Bağırovun videomüraciətləri
dinlənilib. Eyni zamanda, dünyanın nüfuzlu
alimlərinin və xarici ölkələrdə fəaliyyət
göstərən azərbaycanlı alimlərin qurultaya
ünvanladıqları təbriklər səsləndirilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, akademiklər Vasim Məmmədəliyev, Tofiq Hacıyev, İsmayıl İbrahimov, Fuad Əliyev, Ramiz Məmmədov Azərbaycan alimlərinin I qurultayı və onun əhəmiyyəti, elmin inkişafı və digər prioritet istiqamətlər barədə danışıblar. Qeyd olunub ki, Azərbaycanın akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan alim və tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək və ümummilli əhəmiyyətə malik elmi problemlərin müzakirəsində ictimai konsensusa nail olmaq baxımından, eləcə də elmin bütün sahələri üzrə həmrəyliyin, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasında qurultay böyük əhəmiyyətə malikdir.
Sonra Azərbaycan alimlərinin I qurultayının Bəyannaməsi qəbul olunub. Bəyannamədə son illər respublikanın müxtəlif sosial sferalarında İKT-nin geniş tətbiq olunduğu, informasiya cəmiyyətinin formalaşdığı qeyd edilir. Bu sahədə işlərin daha da inkişaf etdirilməsi üçün elm və təhsil şəbəkə infrastrukturlarının genişləndirilməsi, elmi informasiya resurslarının yaradılması, beynəlxalq elmi mühitə inteqrasiya və başqa istiqamətlərdə elmi tədqiqatların həyata keçirilməsinin zəruriliyi vurğulanır. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası haqqında” fərmanı imzaladığı günün – mayın 15-nin respublikada “Elm günü” kimi qeyd edilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması məqsədəmüvafiq hesab olunur. Sənəddə elmin populyarlaşdırılması, elmi qurumların ictimaiyyətlə münasibətlərinin qurulması və digər aktual məsələlər də irəli sürülür.
Sonda
qurultayın Azərbaycan Prezidenti İlham Əliyevə
Müraciəti oxundu.
Azərbaycan.-2014.- 20 dekabr.- S.4.