Vergilər naziri Xırdalan şəhərində vətəndaşları qəbul edib

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.

AzərTAc xəbər verir ki, növbəti belə qəbul dekabrın 19-da vergilər naziri Fazil Məmmədov tərəfindən Abşeron rayonunun inzibati mərkəzi - Xırdalan şəhərində keçirilib.

Abşeron Rayon Mədəniyyət Mərkəzində keçirilən qəbulda Abşeron, Xızı, Siyəzən rayonlarından və Sumqayıt şəhərindən olan vətəndaşlar iştirak ediblər.

Qəbulda əsasən vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrinin bağlanması, vergi borcları, vergi orqanlarına işə qəbul, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qəbulda iştirak edən vətəndaşlar onlar üçün yaradılan bu imkana görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan.-2014.-20 dekabr.-S.8.