Türk abidələrinin qorunması UNESCO ilə birlikdə təmin edilməlidir

 

Mədəniyyət və Turizm Nazirliyində TÜRKSOY-un baş katibi Düsen Kaseinovun başçılığı ilə qurumun üzvü olan ölkələrin milli komissiya və komitələrinin Bakıda keçirilən beşinci iclasının iştirakçıları ilə görüş keçirilib.

AzərTAc xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayaraq, bu tədbirin müstəsna əhəmiyyətini vurğulayıb. O bildirib ki, məqsəd türkdilli ölkələrin UNESCO-da əməkdaşlıq imkanlarının öyrənilməsi, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi kimi mühüm məsələləri müzakirə etməkdir.

Bu gün Azərbaycan UNESCO səviyyəsində çox maraqlı və rəngarəng layihələr - yubileylər, musiqi festivalları, təqdimatlar, bayramlar keçirir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın UNESCO ilə sıx əlaqələri var. Ötən il ölkəmiz UNESCO-nun layihələrinə, o cümlədən türk dünyasının mədəni irsinin qorunub saxlanılmasına dair layihələrə 5 milyon avro ayırıb.

Ə.Qarayev: “Biz uzun illərdir TÜRKSOY ilə əməkdaşlıq edirikbu əməkdaşlıq inkişaf edir. Dekabrı Bakıda TÜRKSOY ayı adlandırmaq olar”.

Görüşdə türk dünyasının mədəni irsinin müdafiə olunması, TÜRKSOY-u birləşdirən meyarların itirilməməsi, habelə Mədəni İrsin Müdafiəsi Komitəsinin daha fəal mövqeyinin müəyyən edilməsi üçün səyləri birləşdirmək zərurətindən də danışılıb.

Nazir bildirib ki, Prezident İlham Əliyev Türk Xalqlarının Maddi-Mədəni İrsinə Dəstək Fondunun yaradılması barədə təşəbbüs irəli sürüb. Əbülfəs Qarayev Monqolustandan tutmuş Macarıstanadək türk abidələrinin qorunub saxlanılmasının UNESCO ilə birlikdə təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

 

Azərbaycan.-2014.- 20 dekabr.- S.9.