İsmayıllıya yolunuz düşsə...

 

 

2014-cü il İsmayıllı rayonunun həyatında əlamətdar hadisələrlə zəngin oldu. Ölkə rəhbəri İlham Əliyevin sentyabrın 22-də İsmayıllıya səfəri, görülən işlərdən razılığını bildirməsi, qarşıdakı vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verməsi, eləcə də rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü ilin ən unudulmaz hadisəsinə çevrildi.

Əlbəttə, görülən işlərə dövlət başçısı səviyyəsində xoş münasibət bildirilməsi insanların işgüzarlığını, daha böyük uğurlara inamını da artırır. Bu isə ümumi mənafe naminə marağın əməli işə çevrilməsində mühüm əhəmiyyət kəsb edir, hadisələrə seyrçilik münasibətləri fəal iştirakçı mövqeyi ilə əvəzlənir.

Bunun nəticəsidir ki, rayonda sosial infrastruktur layihələri uğurla gerçəkləşdirilir, tikinti-quruculuq işlərinin miqyası genişlənir. Həyata keçirilən tədbirlər insanların həyat səviyyəsini, sosial vəziyyətini yaxşılaşdırır. Təsadüfi deyildir ki, 2013-cü ildə əhali tərəfindən 2 min kvadratmetr mənzil tikilmişdisə, heç bir il ötməmiş, bu rəqəm 12 min kvadratmetrdən çox olub. Bütün bu uğurlar isə insanların gözü qarşısında, onların öz iştirakı ilə qazanılır.

İsmayıllı şəhərinin irili-xırdalı 36 küçəsi son iki ildə asfaltlaşdırılıb, səkilər düzəldilib. Kənarlarda suötürücü küvetlər tikilib. Bütün prospekt və küçələr tamamilə milli memarlıq üslubunda yenilənib. Binaların, evlərin fasadları, dam örtükləri dəyişdirilib. Şəhərə hansı küçədən girsən göz oxşayan mənzərə ilə rastlaşırsan. İsmayıllı ziyalılarından olan jurnalist Valeh Salehovun təbirincə desək, indi həm yollar, küçələr abaddır, həm də könüllər, qəlblər şaddır.

Yoldan söz düşmüşkən. Bu il İsmayıllıda yol infrastrukturunun yenilənməsi istiqamətində xeyli görülüb. 86 km respublika, 279 km yerli əhəmiyyətli avtomobil yollarına, 22 körpüyə və digər yol qurğularına xidmət edən 10 saylı Yol İstismar İdarəsinin kollektivi çalışır ki, avtomobil yollarında nəqliyyatın təhlükəsiz və fasiləsiz gedişi-gəlişi lazımi səviyyədə təmin olunsun.

Torpaq sürüşməsinə həssas olan Muğanlı-İsmayıllı avtomobil yolunun sürüşmə nəticəsində daralmış hissələri genişləndirilib, fəsadlar aradan qaldırılıb, ehtiyat tədbirləri görülüb. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun yararsız hissələri təmir edilərək asfalt döşənib.

Yerli əhəmiyyətli avtomobil yollarında cari təmir işləri yerinə yetirilib. Son dövrlər körpü tikintisinə də diqqət artırılıb. Qalınçaq, Sumağallı-Qalacıq avtomobil yollarında, Basqal qəsəbəsinin girişində yeni dəmir-beton körpülər tikilib istifadəyə verilib. Çayqovuşan kəndinə gedən yolda 53 metr uzunluğunda yeni dəmir-beton körpünün tikintisibaşa çatdırılıb. Bunlardan əlavə, Muğanlı-İsmayıllı avtomobil yolunun 33-cü kilometrində qəzalı vəziyyətdə olan körpünün yerində yeni dəmir-beton körpünün inşası başa çatdırılaraq istifadəyə verilib.

Bütün bu işlər və digər həyata keçirilən tədbirlər deməyə əsas verir ki, rayonda əhalinin sosial problemlərinin həlli, daha rahat yaşayış tərzinin formalaşması daim diqqət mərkəzində saxlanılır.

RİH başçısı Mirdaməd Sadıqovun ilboyu keçirilən səyyar qəbullarında vətəndaşların arzu və təkliflərinə həssaslıqla yanaşılır, müvafiq tədbirlər planlaşdırılır. Təqdirəlayiq haldır ki, görülən işlər barədə əhali müntəzəm şəkildə məlumatlandırılır.

Hələ 2013-cü ilin birinci yarısında RİH başçısının Qalınçaq kəndində keçirilən səyyar qəbulunda İkinci Dünya müharibəsi veteranı 99 yaşlı Bilal Əliyev yol çəkilişinə, 94 yaşlı veteran müəllim Allahverən Vəliyev məktəb tikintisinə, əmək veteranı Mirzə Qədirov isə içməli su çəkilişinə ehtiyac olduğunu bildirmişdilər. Ağsaqqalların bu təklifləri söz olaraq qalmadı - əməli işə çevrildi. Tezliklə dövlət başçısının müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına Göytəpə-Qalınçaq-Ruşan yolu çəkildi. Qalınçağın 360 yerlik yeni məktəb binası bu ilin sentyabr ayında istifadəyə verildi. Yeni artezian quyuları qazıldı, evlərə su xətləri çəkildi. Köhnə məktəb binasında isə həkim məntəqəsi və kitabxana fəaliyyət göstərə bilər - bu istiqamətdə uyğunlaşdırma işləri görülür. Bunlardan əlavə, Qalınçaqda ildə 1000 ton ət istehsal edə biləcək hind quşu fabrikinin tikintisinə başlanılıb. Fabrikdə ilkin mərhələdə 250, sonra isə 500 nəfər çalışacaq.

İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova isə başqa bir maraqlı məqamı xatırlatdı: “Hələ 1981-ci ilin yaz aylarında Ermənistandan köç etmiş soydaşlarımızın böyük bir qismi Ruşan kəndində məskunlaşmışdı. Həmin ilin noyabr ayının 31-də rayonda olan güclü zəlzələdən sonra ulu öndər Heydər Əliyev İsmayıllıya gəlmiş və Ruşan kəndinə gedərək həm yerli, həm də köçkün sakinlərlə görüşmüşdü. Vəziyyətlə yerində tanış olan ulu öndər tapşırıq vermişdi ki, burada yeni qəsəbə salınsın. Çox keçmədi ki, yeni qəsəbənin işıqları yandı. Sakinlər ulu öndərin qayğısını indiböyük şükranlıqla xatırlayırlar. Prezident İlham Əliyevin qayğısı sayəsində isə qəsəbəyə yol çəkildi, su problemi həll olundu, hazırda qaz çəkilişinə hazırlıq görülür”.

İsmayıllıda görülən abadlıq-quruculuq işləri bütün kəndləri əhatə edir. Sumağallı kəndi yaxınlığında böyük turizm istirahət mərkəzi fəaliyyət göstərir. Ötən il kənddə su-elektrik stansiyası istifadəyə verilib, elektron ATS quraşdırılıb, “SİP” kabellə elektrik xətləri çəkilib. “Smart kart” tipli sayğaclar qoyulub, tikinti materiallarının satışı bazası açılıb. Bu günlər isə 40 yerlik uşaq bağçası istifadəyə verilib. Kəndə gedən yola asfalt döşənib. Bütün bu görülən işlər xalqın böyük razılığına səbəb olur. Qocaman ziyalı Hüseyn Xəlilov söhbət zamanı qeyd edir ki, Sumağallıda görülən bu işlər bir daha onu göstərir ki, Prezident İlham Əliyev ən ucqar kəndlərə yetərincə diqqət göstərir, buna görə bütün sakinlər dövlət başçısına minnətdarlıq edirlər.

Rayonun Lahıc, İvanovka qəsəbələrində, Sulut, Mücü, Bizlan, Qaraqaya, Sərdahar, Kürdeldarbəyli, Gideyli, Talış, Külüllü, Soltankənd, Uştal, Buynuz kəndlərində sosial infrastrukturun yaradılması istiqamətində xeyli görülüb. Hələ sovetlər dönəmində şöhrəti ellər dolaşan Talıstan kəndi bu gün sözün əsl mənasında gülüstana dönüb.

Bütün bunlar isə insanların həyatına rahatlıq, yenilik gətirir, onların qurub-yaratmaq əzmini artırır. Bir daha əmin olursan ki, dövlət başçısının verdiyi tapşırıqlar vaxtında keyfiyyətlə yerinə yetiriləndə məmur-vətəndaş arasında heç bir çətinlik, heç bir problem yaşanmır, ümumi mənafe, ümumi inkişaf prinsipləri hər şeydən üstün tutulur.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 20 dekabr.- S.10.