Azərbaycan gəncləri böyük yaradıcılıq potensialına malikdirlər

 

Dekabrın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) “Baxış” yaradıcılıq festivalı çərçivəsində “Düşüncə” adlı sərginin açılış mərasimi olub.

AzərTAc xəbər verir ki, ADRA-nın rektoru, Azərbaycanın Xalq Rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü Ömər Eldarov açılış mərasimində sərginin bütün təşkilatçılarına təşəkkür edib, belə bir sərginin keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan gəncləri böyük yaradıcılıq potensialına malikdir. Bu baxımdan indiki sərgi Rəssamlıq Akademiyasında təhsil alan tələbələrin potensialının üzə çıxarılmasında, habelə gənclərin təkcə öz ixtisasları üzrə deyil, həm də incəsənətin müxtəlif istiqamətləri üzrə yaradıcılıq imkanlarının nümayiş etdirilməsində böyük rol oynayır.

Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç qeyd edib ki, Azərbaycan xalqı dünyaya təkcə mədəniyyət və incəsənət sahəsində deyil, həm də başqa sahələrdə çoxlu istedadlı insan bəxş edib. O vurğulayıb kİ, Azərbaycan xalqı çox mehriban, yaradıcı, gözəl, işıqlı və təmiz qəlbə malik bir xalqdır. Səfir bu ali təhsil ocağının tələbələrinə və sərginin bütün iştirakçılarına yeni yaradıcılıq uğurları arzulayıb.

Qeyd edək ki, sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə dəstəyi ilə ərsəyə gəlib. ADRA-nın muzey-sərgi kompleksində açılan sərgidə dekorativ-tətbiq sənət fakültəsinin tələbələri, habelə bədii toxuculuq və xalçaçılıq, bədii keramika, şüşə, metal və s. emalı ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər. Burada ADNA tələbələrinin 100-dən çox əl işi və 150-dən çox rəsm əsəri nümayiş etdirilir.

Bir həftə davam edəcək sərgi çərçivəsində nümayiş etdirilən işlərin satışı təşkil olunub.

Açılış mərasiminin sonunda konsert olub. Konsertdə ADNA-nın müəllimi Azər Səfərovun lirik estrada caz bəstələri səslənib.

 

Azərbaycan.-2014.- 20 dekabr.- S.12.