“Sizinlə qürur duyuruq Ali Baş
Komandanımız”
mövzusunda tədbir keçirilib
Yeni
Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı
dekabrın 20-də “Sizinlə qürur duyuruq Ali Baş
Komandanımız” mövzusunda tədbir keçirib.
AzərTAc
xəbər verir ki, Prezident İlham Əliyevin Ali Baş
Komandan kimi fəaliyyətinə həsr edilən tədbirdə
2003-cü ildən bu günədək ölkəmizdə ordu
quruculuğu sahəsində görülən işlərlə
bağlı film də nümayiş olunub.
YAP Nəsimi
rayon təşkilatının sədri, Milli Məclisin
deputatı Məlahət İbrahimqızı tədbirdə
çıxış edərək bildirib ki, gənclərin vətənpərvərlik
ruhda tərbiyə olunmasında əhəmiyyət kəsb edən
film ötən dövrdə müstəqil dövlətimizin əsas
atributlarından biri olan güclü ordunun qurulmasını,
ümumiyyətlə Silahlı Qüvvələrin
inkişafı istiqamətində, eləcə də müdafiə
sənayesi sahəsində əldə olunan nailiyyətləri
əks etdirir.
M.İbrahimqızı
deyib ki, Prezident İlham Əliyevin dəfələrlə bəyan
etdiyi kimi, Azərbaycan istənilən şəraitdə
özünün ərazi bütövlüyünü bərpa
edəcək və təcavüzkar qüvvələr
işğal olunmuş torpaqlarımızdan
çıxarılacaq. Məhz bu cür qətiyyətli və
prinsipial mövqeyin fonunda Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli naminə bütün
resurslarından səmərəli istifadə etməkdə və
fəal diplomatiya həyata keçirməkdədir.
YAP Nəsimi
rayon təşkilatının sədri dövlətimizin
başçısının Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində səylərindən,
bu məsələdə işğalçı Ermənistanın
qeyri-konstruktiv mövqeyindən danışıb. Bildirilib ki,
Prezidentin də vurğuladığı kimi, sülh
danışıqları nəticə verməsə, Azərbaycan
öz ərazilərini digər vasitələrlə
işğaldan azad etmək gücündədir.
Milli
Məclisin sədr müavini Bahar Muradova çıxış
edərək dövlətimizin gənclərin hərbi vətənpərvərlik
tərbiyəsinə göstərdiyi diqqət və
qayğıdan, ölkəmizdə hərbi sahənin
inkişafı istiqamətində görülən işlərdən
danışıb. Qeyd edib ki, Azərbaycan ordusunun maddi-texniki
bazası getdikcə daha da gücləndirilir, döyüş
hazırlığının səviyyəsi yüksəldilir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
İlham Əliyev Silahlı Qüvvələrimizin
döyüş qabiliyyətinin yüksəldilməsi,
müasir silahlarla təchiz edilməsi prosesini daim diqqətdə
saxlayır, ölkədə milli müdafiə sənayesi
kompleksi yaradılıb. Bu gün Azərbaycanın çox
güclü, qüdrətli, ən müasir silahlarla təmin
olunan ordusu var. Bu ordu işğal altındakı
torpaqlarımızı Ali Baş Komandanın əmri ilə
azad etməyə hər an hazırdır.
Nəsimi
Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev
bildirib ki, dövlətimizin başçısı İlham
Əliyevin orduya diqqət və qayğısı gənclərdə
vətənpərvərlik hissinin daha da artmasına stimul
verir. Bu gün həyata keçirilən məqsədyönlü
gənclər siyasətinin nəticəsidir ki, Azərbaycanda
yüksək intellektual səviyyəyə, vətənpərvərlik
hissinə, milli düşüncəyə malik gənclər
formalaşır. Sevindirici haldır ki, gənclərimiz
Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər
an silaha sarılaraq işğal altında olan
torpaqlarımızı düşmən tapdağından azad
etməyə hazırdır.
YAP-ın
fəal gənclərinin və ictimaiyyətin nümayəndələrinin
iştirak etdikləri tədbirdə Silahlı Qüvvələrin
mahnı və rəqs ansamblının ifasında proqram da təqdim
olunub.
Azərbaycan.-2014.- 21 dekabr.- S.4.