Əllərin əməyindən, ürəklərin
sevgisindən yaranan sazbəndlik
Xalq sənəti nümunələri
“Özünü sazbənd adlandıran çoxdur, amma öz sənətinin ustası olanlar çox azdır. Bu da ondan irəli gəlir ki, sazbəndliklə məşğul olanların bir çoxu sənəti özbaşına öyrənib. Amma usta yanında durub sazbəndlik öyrənənlər də var. Sazbəndlik minilliklərin sənətidir. Azərbaycanda ustad sazbəndlər isə həmişə olub, yenə də var...” Bunları ömrünün 40 ilini sazbəndliyə - saz düzəltməyə həsr edən Murad Kövrək deyir. Kövrək oxuduğuna və kövrək xarakterinə görə özünə bu ləqəbi götürüb...
5 il
ustadın evində...
Onunla Neftçilər metro stansiyasının yaxınlığında yerləşən kiçik emalatxanasında görüşdük. 1952-ci ildə Borçalı mahalının Arandəllər kəndində anadan olub. Ağac ilə işləməyin sirlərini atasından öyrənib. O vaxtlar atası ağac ustası olub və ağacdan araba, cüt, qaşıq, çömçə, xəmir təknəsi və s. əşyalar düzəldib. Dediyinə görə, tayfaları əsasən elə bu işlə məşğul olub: “Atam həyətdə işləyəndə əllərinə baxırdım. Onun yanında mən də taxta qırıntılarından saz düzəldirdim. Getdikcə taxtaya, saza olan marağım artdı. Orta məktəbi bitirəndən sonra məndə aşıq sənətinə böyük maraq yarandı. Ta uşaqlıqdan kəndimizə toylara gələn aşıqlarla yaxınlaşmağa çalışırdım. Sonra elə oldu ki, tanınmış Aşıq Hüseyn Saraclı bizim kəndə toya gəldi. O toyda cavan oğlan kimi mən də iştirak edirdim. Məclisin axırında camaat dedi ki, ay Hüseyn əmi, bizdə də bir cavan oğlan peyda olub, yaxşı saz çalıb-oxuyur, olarmı bir ona da qulaq asasınız? Aşıq Hüseyn çağırdı məni. Bir hava oxudum, dedi, ayə, bundan yaxşı durnaboğaz aşıq olar! Camaat gülüşdü. Dedi ki, arada bizim kəndə gələrsən”.
Beləcə, Murad bir gün təxminən 30 kilometrlik yol gedərək Aşıq Hüseynin yaşadığı kəndə gəlir. Ustad onu şagird kimi yanına götürür, amma bu şərtlə ki, kəndlərindən üç ağsaqqal gəlməlidir, adət beləydi: “Gəldim atamla birgə 3 ağsaqqal götürüb apardım. Qonaqlıq oldu, dedik, güldük. Aşıq Hüseyn mənə dedi ki, get pal-paltarını da yığ, gəl. O vaxt şagirdi evdə saxlayırdılar. Ustadın kimdirsə, onun da evində qalmalı idin. İndi belə şeylər yoxdur. Düz beş il sərasər onlarda - Sarıaşıq kəndində qaldım. Saz düzəltməyi də orada öyrəndim. Çünki Aşıq Hüseynin ifadan başqa, böyük sazbəndliyi də vardı. Kənddə nə qədər ki köhnə saz olurdu - pərdəsi, simi, aşıqları - hamısını özü düzəldirdi. Həmin vaxt qapıda bir tut ağacı kəsmişdik. Özüm başladım o ağacdan bir saz bağlamağa. Bir günə düzəldib ustadın yanına apardım. Baxıb dedi ki, səndən yaxşı sazbənd olacaq. Elə o vaxtdan, 1976-cı ildən saz bağlamağa başladım və Borçalıda uzun müddət aşıq və sazbənd kimi fəaliyyət göstərdim”.
Buranın ağacları
biz deyəni demir...
Sonra usta Murad uşaqlarının təhsilinə görə Bakıya köçməyə məcbur olub. Həm də o vaxtlar Bakıda saza böyük tələbat vardı. Dediyinə görə, indi də ayrı-ayrı vətəndaşlarla yanaşı, musiqi məktəblərindən, hətta İrandan, Gürcüstan və Türkiyədən çox sayda sifarişlər alır. Usta Muradın sorağını ta uzaqlardan alanlar var. Baxmayaraq ki, balaca, şəraitsiz bir emalatxanada işləyir, yenə də gəlib onu tapırlar.
Bu arada usta yanındakı sazlardan birini götürüb bir “Borçalı havası” çalır. Sonra “Görürsənmi necə gur səsi var?” - deyə əlavə edir: “Bizim Borçalı sazlarının çanağı iri olur, amma qolunun ölçüsü standartdır. Çanaq iri olanda səs bəmləşir, gur çıxır”.
Sazbənd sənətin sirləri barədə də danışır:
- Saz düzəldərkən əsasən ağaca diqqət etmək lazımdır. Seçdiyin ağac təmiz və düyünsüz olmalıdır. Məsələn, hər yerdə tut ağacı var, amma hər tut ağacından saz düzəltmək olmur. Əsasən dəmyə yerlərdə bitən ağaclardan yaxşı saz çıxır. Sazın saplağı üçün isə qoz ağacının özəyindən istifadə olunmalıdır. Bir çox naşı ustalar sazın qolunu necə gəldi, qoz ağacının hansı hissəsindən oldu düzəldirlər, ona görə də o tez sıradan çıxır, yaxud da əyilir. Mən bir metrdən çox diametri olan ağacdan bir saz qolu çıxarıram. Bunun üçün qoz ağacı Azərbaycanın hər yerində var. Amma tut ağacını Gürcüstandan gətirirəm, çünki buranın ağacları biz deyəni demir. Gürcüstandakı tut ağacları bir az cingiltili və yumşaq səs verir, yəni istədiyin səsi o ağaclardan ala bilirsən.
Şagirdsiz usta olmaz
Sənətkarın sözlərinə görə, sazın çanağı mütləq quru ağacdan hazırlanmalıdır. Onun hazırlanma texnologiyasına gəldikdə isə, tut ağacından olan dilimləri suda qaynatdıqdan sonra əyirsən. Onlar əyildikdən sonra yenidən qurudulur ki, əyri formada qalsın. Yekunda həmin dilimlər üst-üstə yapışdırılır. Dilim nə qədər qalın olsa, o qədər yaxşıdır. Çünki onun üstünü hamarlayanda xeyli nazikləşir. Əvvəllər sazın çanağı qara tutqal adlı xüsusi yapışdırıcı ilə bərkidilirdi. Amma indi bundan istifadə olunmur, çünki tapılmır. Rəhmətlik ustad Hüseyn Saraclı deyirdi ki, sazı qara tutqalla düzəldin, çünki təbii nemətlərdən hazırlanır, nə qədər ki saz yaşayır, o yapışdırıcı da keyfiyyətini itirmir. Qara tutqalın bir özəlliyi də var ki, onu suya salanda yumşalır, sudan çıxardıqda isə yenidən bərkiyir. Belə olduqda çanağı aralanan sazı asanlıqla bərpa etmək olur.
Murad dayı ay ərzində iki-üç saz bağlaya bilsə də, cəmi bir saz düzəltdiyini deyir: “Bəzən görürsən ki, ustalar pula görə tələsik işləyirlər, ayda bir neçə sazı yaş-yaş bağlayırlar. Bu, yaxşı hal deyil. Belə olanda saz tez sıradan çıxır, tez-tez kökdən düşür və çanağı partlayır. Bu sənətə yeni gələnlər var. Amma bir az qabiliyyətli olmaq söhbəti var. Onların sayı azdır. İndi şagirdlər axıra qədər ustanın yanında qalmırlar. Bir-iki gün gəlib-gedir, bəzi şeyləri öyrənəndən sonra elə bilirlər ki, artıq hər şeyi mənimsəyiblər. Onlar ustayla birgə işləməkdən qaçırlar. Bütün musiqi məktəblərində saz dərsləri keçilir. Neçə ki saz var, sazbəndlik də olacaq. Mən özüm də bir belə işin qabağında macal tapıb şagird hazırlayıram. Tələbələrim çoxdur. Şagirdsiz usta olmaz. Usta o ustadır ki, özündən sonra bir iz qoysun”.
Aşıq bir tərəfini elə bağlamasa, dolana bilməz
Bağladığı sazların qiymətinə gəldikdə isə, sazbənd bunun elə də önəmli olmadığını deyir. Əsas odur ki, münasib qiymətə müştəri ilə razılaşasan. Saza dəqiq qiymət qoymaq düzgün deyil. Qeyd edək ki, usta Murad sədəfli sazlar da bağlayır. Amma o bu sazları evində saxlayır.
Murad Kövrək sonda onu da əlavə etdi ki, bu gün aşıqlara güclü dövlət qayğısı var. Azərbaycan Aşıqlar Birliyi fəaliyyət göstərir. Bununla belə, aşıq hər zaman elin ixtiyarındadır, onu el dolandırır: “Aşıq bir tərəfini elə bağlamasa, obaya söykənməsə, tanınmaz. Aşıqlar var ki, oturub Bakıda, elin içinə çıxmaq istəmir. Bu, çox pis əlamətdir”.
Murad Kövrəklə görüşdən sonra bu qənaətə gəldik ki, sazbəndlik ata-babalarımızdan miras qalan qədim sənət kimi həm Azərbaycan ictimaiyyəti, həm də dövlət tərəfindən dəstəklənir.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2014.- 21 dekabr.- S.8.