Azərbaycan Turizm və
Menecment Universitetinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikasında turizm,
menecment və digər xidmət sahələrində müşahidə
olunan sürətli inkişafı, “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasını, Azərbaycan
Respublikasında təhsilin
inkişafı üzrə
Dövlət Strategiyasını
nəzərə alaraq
və Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali
təhsilin bütün
pillələrində turizm
və menecment sahələri üzrə
kadr hazırlığını
həyata keçirən
Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. Bu sərəncamın 1-ci hissəsi
ilə yaradılmış
Azərbaycan Turizm və Menecment Universitetinin nizamnaməsinin
layihəsini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. Azərbaycan Turizm və Menecment Universitetinin təhsilin bütün pillələrini əhatə edən, turizm və menecment sahələri üzrə kadr hazırlayan aparıcı təhsil mərkəzi kimi fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı, o cümlədən müvafiq tədris şəhərciyinin yaradılması ilə bağlı təklifləri iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2014-cü il
Azərbaycan.-2014.- 23 dekabr.- S.8.