Akademik Xoşbəxt Yusifzadə Rusiya
Təbiət Elmləri
Akademiyasının üzvü seçilib
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) həqiqi üzvü Xoşbəxt
Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının
xarici üzvü seçilib.
ARDNŞ-in
mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Rusiya Təbiət
Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmləri
doktoru, Rusiya Federasiyasının əməkdar
ixtiraçısı Əzizağa Şahverdiyev Dövlət
Neft Şirkətində olub, Rusiya Təbiət Elmləri
Akademiyası xarici üzvünün diplomunu, vəsiqəsini
və döş nişanını akademik Xoşbəxt
Yusifzadəyə təqdim edib.
Ə.Şahverdiyev
bildirib ki, dünyanın nüfuzlu elmi mərkəzlərindən
sayılan Rusiya Təbiət Elmləri Akademiyası 1991-ci ildə
görkəmli elm xadimləri, Nobel mükafatı
laureatları tərəfindən yaradılıb. Hazırda
Akademiya öz sıralarında dünya şöhrətli
200-dən artıq alimi birləşdirir. Onlardan bir
çoxunun Rusiya Elmlər Akademiyasının və digər
akademiyaların həqiqi üzvləri olduğu
vurğulanıb. Bildirilib ki, həmin alimlər arasında
ABŞ, Almaniya, İngiltərə, Çexiya, Vyetnam və
Gürcüstan alimləri də vardır.
Qeyd
olunub ki, görkəmli geoloq, AMEA-nın həqiqi üzvü
X.Yusifzadənin elmi yaradıcılığı və praktiki
fəaliyyəti başqa ölkələrdə olduğu kimi
Rusiyada da yaxşı tanınır və yüksək qiymətləndirilir.
Ə.Şahverdiyev Xoşbəxt Yusifzadəni Rusiya Təbiət
Elmləri Akademiyasının xarici üzvü seçilməsi
münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində
yeni yaradıcılıq uğurları arzulayıb.
Akademik
X.Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının
xarici üzvü seçildiyinə görə təşəkkürünü
bildirib, elmi yaradıcılığının bundan sonra da
neft elmi sahəsində yeni-yeni nailiyyətlərə yol
açacağına ümid etdiyini söyləyib.
Qeyd
edək ki, Xoşbəxt Yusifzadə bundan əvvəl Türk
Dünyası Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər
Akademiyasının xarici həqiqi üzvü, Rusiya Beynəlxalq
Mühəndislik Akademiyasının fəxri akademiki
seçilib.
Azərbaycan.-2014.- 23 dekabr.- S.9.