Heydər Əliyev Mərkəzində M.Y.Lermontovun 200 illik
yubileyinə həsr olunmuş “dəyirmi
masa” keçirilib
Heydər Əliyev Mərkəzində “M.Y.Lermontovun yaradıcılıq irsi dünya mədəniyyətinin tərkib hissəsi kimi” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir böyük rus şairinin 200 illik yubileyinə həsr olunub.
AzərTAc xəbər verir ki, “dəyirmi masa” birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoş məramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilib.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov açaraq iştirakçıları salamlayıb.
O, Heydər Əliyev Fondunun çox böyük iş gördüyünü vurğulayıb. Məsələn, qeyd edilib ki, fond 400-dən çox orta məktəb, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 40 müəssisə tikdirib, xaricdə mədəniyyət sahəsində xeyli layihə həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiya Federasiyasının ərazisində geniş fəaliyyət göstərir, onun rəhbərliyi altında uşaq tərbiyə müəssisələri yenidən qurulur, Həştərxanda müqəddəs Vladimirin abidəsi ucaldılıb.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Rusiyada mədəniyyət ilinə yekun vurulur. Mədəniyyət ili çərçivəsində dünya ədəbiyyatı tarixində ən gənc klassiklərdən birinin – taleyin cəmi 13 illik yaradıcılıq nəsib etdiyi Mixail Yuryeviç Lermontovun anadan olmasının 200 illiyi geniş qeyd edilir. Lakin b müddətdə Lermontovun poeziya, nəsr və dramaturgiya sahəsində yaratdığı əsərlər ona dahi yazıçılar sırasına daxil olmaq hüququ verib.
Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycanda Rusiya ilə mədəni əlaqələr nəinki qorunub saxlanır, həmçinin daha da inkişaf etdirilir. Orta və ali məktəblərdə rus dili öyrənilir, rus teatrları fəaliyyət göstərir, rus dili və ədəbiyyatı üzrə müsabiqələr keçirilir. Nazir M.Y.Lermontovun bu sözlərini xatırladıb ki, fransız dili Avropada nə qədər əhəmiyyət kəsb edirsə, Azərbaycan dili də Qafqazda o qədər əhəmiyyətlidir.
Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacılı “M.Y.Lermontov və Azərbaycan: mədəniyyətlərin qavranılmasından qarşılıqlı nüfuz etməsinə doğru” adlı məruzəsində qeyd edib ki, Azərbaycanda dahi rus şairini xatırlayır və sevirlər. Şairin 200 illiyinin yüksək səviyyədə bayram edilməsi haqqında Prezidentin Fərmanı da bunu təsdiqləyir. Bir çox Azərbaycan yazıçıları və şairləri onun şeirlərini tərcümə ediblər. M.Y.Lermontovu Azərbaycanda ən sevimli rus yazıçılarından biri adlandırmaq olar. Onun yaradıcılığı Qafqaz xalqlarının ədəbiyyatlarına güclü təsir göstərib. Ədəbi irsindən başqa, M.Y.Lermontovun bioqrafiyasından unudulmaz faktlar da onun Azərbaycanla sıx bağlılığını göstərir.
O, dəfələrlə Qafqazda və Azərbaycanda olub. Bu səyahətlər şairin Qafqaz xalqlarının həyatı, zəngin folkloru ilə daha yaxından tanış olmasına kömək edib. Qafqaz ziyalıları, buraya sürgün olunmuş dekabristlərlə görüşlərin M.Y.Lermontov yaradıcılığı üçün xüsusi əhəmiyyəti olub. Qafqaz mövzusu Lermontovun yaradıcılığında mühüm yer tutub. Onun ən böyük əsərləri – “İsmayıl bəy”, “Mtsıri”, “Demon”, “Valerik”, “Zəmanəmizin qəhrəmanı”, “Terekin sovqatı”, “Qaçqın”, “Görüş” və başqa əsərləri bu mövzu ilə bağlıdır.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, REA-nın Rus Ədəbiyyatı İnstitutunun direktoru, filologiya elmləri doktoru Vsevolod Baqno, Dövlət Ədəbiyyat Muzeyinin direktoru, professor Dmitri Bak, M.Y.Lermontovun Malaya Molçanovkadakı ev-muzeyinin direktoru Valentina Lentsova dəvətə görə Heydər Əliyev Fonduna təşəkkür edərək bildiriblər ki, cari ildə Rusiyada M.Y.Lermontovla bağlı tədbirlər keçirilir. Yeni sərgi, tədqiqat, nəşriyyat layihələri klassikin bioqrafiyasının məlum olmayan faktlarına həsr edilib. Tarxanıda, Peterburqda, Pyatiqorskda geniş yubiley ekspozisiyaları açılıb.
Moskvada M.Y.Lermontovun pansionda olduğu və Moskva Universitetində təhsil aldığı zaman Malaya Molçanovkada yaşadığı ev üç illik bərpa işlərindən sonra yenidən açılıb.
M.Y.Lermontovun Malaya Molçanovkadakı ev-muzeyinin direktoru Valentina Lentsova Heydər Əliyev Mərkəzindəki Heydər Əliyev muzeyinə valeh olduğunu bildirib. O deyib: “Bu, dünyanın ən müasir muzeylərindən biridir. Muzeylər müasir, köhnə dəbli ola bilər, amma cansıxıcı olmamalıdır. Bu muzey həm müasirdir, həm də maraqlıdır. Muzey işinin mütəxəssisi kimi qeyd etmək istəyirəm ki, burada ən yeni texniki vasitələrdən ustalıqla istifadə olunub. Bu muzey bizi heyran edib, Heydər Əliyevin sənədlərinin əsli böyük maraq doğurub. Hamı dayanıb baxır, müzakirələr edir, heç kəs buradan getmək istəmirdi. Əsl muzey belə olar!”.
Mixail Lermontovun anadan olmasının 200 illiyi hər yerdə
qeyd edilib. Peterburqda, Pyatiqorskda, Moskvada, Penza vilayətində
şənliklər keçirilib.
Çıxış edənlərin hamısı
şairin yaradıcılığının
bu gün də aktual olmasından danışıb.
Lermontovlar nəslinin ağsaqqalı,
“Lermontov irsi” Assosiasiyasının
prezidenti, RF İctimai
Palatasının Mədəniyyət,
incəsənət, yaradıcılıq
və mədəni-tarixi
irs üzrə komissiyası sədrinin birinci müavini, Moskva İctimai Palatasının Mədəniyyət
Komissiyasının rəhbəri
Mixail Yuryeviç
Lermontov “Lermontovlar: şotland
mənşəli rus nəsli” adlı məruzəsində şairin
ata-babalarının və
sonrakı nəslinin nümayəndələrinin həyatından
maraqlı faktlar gətirilib, şəcərəsi
barədə məlumat
verib.
Sonra diskussiyalar
olub. Diskussiyalarda millətlərarası
münasibətlər, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşaviri,
akademik Kamal Abdullayev, Xalq Yazıçısı Çingiz
Abdullayev, Azərbaycanın
Rusiyadakı səfiri
Polad Bülbüloğlu
və başqaları
iştirak ediblər.
Ümumiyyətlə, demək olar ki, M.Y.Lermontov təkcə öz zəmanəsinin deyil, həm də bizim zəmanəmizin, hər bir zəmanənin
qəhrəmanıdır.
Rus cəmiyyətinin
mənəvi həyatının
ən mühüm tələblərinə cavab
verən vətəndaş
motivlərinin, fəlsəfi
və şəxsi motivlərin uğurla birləşdiyi Lermontov yaradıcılığı
rus ədəbiyyatının
yeni yüksəlişi
olub, XIX və XX əsrlərin görkəmli
rus yazıçı
və şairlərinə
böyük təsir göstərib. M.Y.Lermontovun əsərləri rəssamlıq, teatr və kinematoqraf sahəsində geniş əks etdirilib, poeziyası opera və romans yaradıcılığı
üçün əsl
dəryadır, şeirlərinin
bir çoxu xalq mahnılarına çevrilib.
Azərbaycan.-2014.- 23 dekabr.- S.10.