Ağsu uğurlu illərini sıralayır

 

Aşırımı aşağı endikcə duman seyrəlir, yol daha aydın görünürdü. Bu aşırıma yaxşı bələd olan sürücülər hansı döngədən necə keçməyi yaxşı bilir, hətta imkan tapıb ətraf mənzərələrə göz gəzdirməyi də bacarırlar. Ancaq buradakı təbiət lövhələri nə qədər baxımlı olsa da, bir az aşağılarda bütün gözəlliyi ilə görünən Ağsu şəhərinin mənzərəsi yol boyu gördüklərimizi üstələyir. Bu “gözəllik” sözünü beş-on il əvvəl Ağsuya aid etsəydik, bəlkə də qınayanlar çox olardı. Çünki o dövrlərdə Ağsunun mərkəzi kəndlərdən az fərqlənirdi. Ancaq indi...

Heydər Əliyev Seyrəngahı ərazisinə çatanda maşınımızı saxlayıb buradan Ağsu şəhərini seyr edənlərə qoşuluruq. Maraqlıdır ki, burada istirahət məqsədi ilə dayanıb Ağsu mənzərələrini seyr edənlər arasında ağsulular da az olmur. Seyrəngahdan doğma şəhərlərinin abad küçə və yollarını, yaraşıqlı evlərini, müasir binalarını maraqla süzən ağsulular qürur dolu duyğularını da gizlətmirlər. Niyə də gizlətsinlər?! Gündən-günə inkişaf edən, uğurlarını artıran bu şəhər onların şəhəridir, axı!

Bəli, dövlət başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Ağsu tərəqqinin yeni mərhələsini yaşayır. Müasir dövrün tələblərinə uyğun tikinti-quruculuq, yenidənqurma işləri, yolların, küçələrin abadlaşdırılması, yeni təhsil və tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, həmçinin genişmiqyaslı abadlıq tədbirləri yeniləşən Ağsunun reallıqlarıdır. Bu gün ağsulular onlara göstərilən dövlət qayğısını qədirbilənliklə qiymətləndirirlər. Onu da yaxşı bilirlər ki, bütün bu yaradılanların xeyir-duası vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Hələ sovetlər dönəmində ulu öndər Azərbaycanın, onun bütün bölgələrinin inkişafı üçün yorulmaq bilmədən çalışırdı. İndi hər kəs ulu öndərin xalqımız, vətənimiz üçün etdiyi fədakarlıqları böyük şükranlıqla xatırlayır.

Rayonun Pirhəsənli kəndindən olan 77 yaşlı Qüdrət Xasayev deyir:

- Sovetlər vaxtı respublikamızın rəhbəri kimi ulu öndər rayonumuzda dəfələrlə olub, mən də onunla dəfələrlə görüşmüşəm, sözünü, tapşırığını, tövsiyəsini dinləmişəm. Ulu öndər Ağsuda üzümçülüyün inkişafını həmişə diqqətdə saxlayırdı. Həmişə də qeyd edirdi ki, elə çalışmalıyıq ki, insanlarımızın gün-güzəranı yaxşı olsun, Azərbaycan daha qabaqcıl respublikalardan birinə çevrilsin. Bizim üçün çox xoşdur ki, Heydər Əliyevin göstərdiyi yolla addımlayıb bu növrağı, bu cah-cəlalı yaratdıq. Görülən işləri, müasirliyi, yeniliyi alqışlayırıq. Gənclərimizin vətənə, torpağa bağlılığı məni çox sevindirir. Ona da sevinirəm ki, ulu öndərin başladığı işlər möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurlar Ağsunu da günlərə çıxarıb.

Ağsu şəhərinin mərkəzində ikimərtəbəli yaraşıqlı bir bina var. Burada Heydər Əliyev Mərkəzi yerləşir. 604 kvadratmetr sahəni əhatə edən mərkəzin rəsmi açılışı 2009-cu il oktyabrın 29-da olub. Açılışda iştirak edən Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin ağsulu gənclərin kamil bir vətəndaş kimi yetişməsində mühüm rol oynayacağını qeyd etmişdir. Sonrakı səfərlərinin birində isə dövlət başçısı Ağsuda görülən işlərə belə münasibət bildirmişdir: “Yenidən Ağsuda olmağımdan çox məmnunam. Mən çox şadam ki, Ağsu rayonunda işlər yaxşı gedir, rayon gözəlləşir, abadlaşır. İki il bundan əvvəl gəlmişdim, o vaxtdan bu günə qədər görülən işlər məni çox sevindirir.

Deyə bilərəm ki, Ağsu indi Azərbaycanın ən qabaqcıl rayonlarından biridirbu məni çox sevindirir. Çünki son illər ərzində Ağsuda gedən quruculuq-abadlıq işləri rayonun potensialını böyük dərəcədə gücləndirə bilmişdir.

Mən görülən işləri qiymətləndirirəm. Yenə də demək istəyirəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik, qabağa getməliyik, sürətlə getməliyik ki, Azərbaycan bütün dövrlərdə inkişaf etsin, güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın.”

Ağsu RİH başçısı Ənvər Seyidəliyev söhbət zamanı bildirdi ki, dövlət başçısı İlham Əliyevin rayona diqqəti və qayğısı işgüzarlığı və əzmkarlığı daha da artırıb, işə daha məsuliyyətlə, daha təşəbbüskarlıqla yanaşırıq. İcrası davam edən layihələri vaxtında başa çatdırmaq, dövlət başçısının qarşımıza qoyduğu vəzifələri, tapşırıq və tövsiyələri layiqincə yerinə yetirmək üçün bütün imkanları səfərbər edirik.

Dövlət proqramlarında nəzərdə tutulan maddələrin icrası, infrastruktur layihələrin gerçəkləşdirilməsi nəticəsində Ağsu rayonunda əhəmiyyətli işlər görülür, yeni müəssisələr fəaliyyətə başlayır, yerləri açılır, əhalinin məşğulluğu artır, həyat səviyyəsi, gün-güzəranı daha da yaxşılaşır. Tikinti-quruculuq, abadlıq işləri rayon mərkəzi ilə yanaşı, kəndləri də əhatə edir. Qeyd etmək yerinə düşər ki, görülən işlərdə sahibkarlıqla məşğul olan sakinlər aktiv iştirak edirlər. Bu da rayonda sahibkarlığa yaradılan şəraitlə, dövlətin göstərdiyi yüksək qayğı ilə şərtlənir. İl başlayandan Ağsuda Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 89 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 4 milyon 873,5 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına investisiya layihələrinin gerçəkləşdirilməsi 158 yeni yerinin yaradılması deməkdir.

Rayonda tikinti-quruculuq işləri geniş vüsət alıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu şöbəsi, Dövlət Miqrasiya Xidmətinin regional idarəsi üçün inzibati bina, Ağsu şəhərində, eləcə də kəndlərdə onlarca ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin digər xidmət və istehsal obyektləri tikilib istifadəyə verilib. Ağsu şəhərinin mərkəzi küçələrinin tamamilə yenidən qurulması istiqamətində işlər davam edir. Sakinlərə məxsus fərdi evlərin, yardımçı tikililərin, ticarət, iaşə, məişət və digər xidmət obyektlərinin, ictimaiinzibati binaların görkəmi yaxşılaşdırılır, piyada səkiləri, yaşıllıqlar salınır. Mişar daşı ilə milli ornamentdə yeni hasarlar çəkilir, mövcud hasarlar yenilərə uyğunlaşdırılır. Dekorativ üzlük daşları ümumi görünüşü daha da gözəlləşdirir. Küçələrə, yollara asfalt döşənir. Yol kənarlarında torpaq yamaclar tikilir, yaşıllıqlar salınır, gül kolları və bəzək ağacları əkilir.

Şəhərin M.Ə.Rəsulzadə küçəsi ilə Şamaxı-Yevlax yolunun kəsişdiyi ərazidə yeni park salınıb, müasir fəvvarə quraşdırılıb. Baş plana əsasən Ağsu şəhərinin cənub hissəsindən çəkilməsi nəzərdə tutulan dairəvi yol tikilib istifadəyə verilib.

Rayonun Pirhəsənli kəndində 500 ton kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbar tikilir. 100 yerlik uşaq bağçası, baytarlıq idarəsi, diaqnostik kabinet üçün yeni binaların, aqrar sənaye kombinatının, YAP Ağsu rayon təşkilatı üçün inzibati binanın, idman kompleksinin və digər obyektlərin tikintisi davam edir. Bu sırada sosial obyektlərin təmiri və yenidən qurulması istiqamətində görülən işləri də qeyd etmək olar.

İl başlayandan yeni və bərpa edilmiş müəssisələrdə, abadlıq-quruculuq işlərində və digər mövsümi işlərdə 390 nəfər çalışıb. Bu yerlərinin də 324-ü daimidir.

Ağsuda qazlaşdırma işlərinin gedişi ilə də maraqlandıq. Aldığımız məlumata görə, cari ilin 9 ayı ərzində 146 fərdi mənzili əhatə edən Çaparlı və 75 fərdi mənzildən ibarət Qiyaslı kəndlərində 4200 metrdən artıq daşıyıcı, 18 min metrə yaxın yerüstü paylayıcı qaz kəmərinin çəkilişi başa çatdırılıb. Qazlaşdırılan bütün mənzillərə “İtrontipli qaz sayğacları quraşdırılıb və təbii qaz verilib. Bundan əlavə, Ərəbmehdibəy, Xəlilli, Mustafalı, Dədəli və Qasımbəyli kəndlərində də qazlaşdırma işləri başa çatdırılıb, sayğaclar quraşdırılıb. Təbii qazın verilməsi üçün hər şey hazırdır.

Gursulu və Nəmirli kəndlərində qazlaşdırma üçün tikinti-quraşdırma işləri başa çatdırılıb. Kəlağaylı və Bənəcikdə işlər davam edir. İlin sonuna çəkiliş işləri aparılan bütün kəndlərə təbii qaz verilməsi nəzərdə tutulub. Rayonun daha 9 kəndinin təbii qazla təmin edilməsi üçün Hacıqabul MQKS-nın Kəndoba qazpaylayıcı stansiyasında əsaslı təmir işləri də başa çatmaq üzrədir.

Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci layihə” çərçivəsində ölkəmizin 8 rayonunda - Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Yardımlı və Lerikdə rayon mərkəzlərinin, həmçinin yaxınlıqda və ya magistral su xətlərinin üzərində yerləşən kəndlərin etibarlı, dayanıqlı su təchizatı, kanalizasiya sistemlərinin və sutəmizləyici qurğuların tikintisi həyata keçirilir.

Layihəyə uyğun olaraq Ağsu şəhərinin su təchizatını yaxşılaşdırmaq üçün saniyədə 30 litr sərfi ilə Quzay kəndindən boru kəməri çəkilib. Bu isə Ağsu şəhərinin suya olan tələbatının təxminən yarısının təminatı deməkdir.

Ağsu şəhərinin yenidən qurulan su təchizatı şəbəkəsində ev birləşmələrinin sayğaclaşdırılması istiqamətində işlərin icrasının tezləşdirilməsinə, yeni salınan yaşayış massivlərinin layihəyə daxil edilməsi istiqamətində zəruri tədbirlərin görülməsinə ciddi ehtiyac var. Ümumilikdə şəhərin su təchizatı bu məsələlərin həllindən çox asılıdır.

Ağsuda tikinti-quruculuq işləri sırasında təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün yeni binaların tikintisiniqeyd etmək olar. Rayonun Keşdiməz kənd ümumi, Dilman və Muradlı kənd tam orta məktəblərinin (hər biri 80 şagirdlik) yeni binaları bu ilki dərs ilində istifadəyə verilib. Yerli büdcə vəsaiti hesabına Qaravəlli kənd ümumi orta məktəbində əsaslı, Hacıuşağı və Gəgəli kənd ümumi orta məktəblərində cari təmir işləri görülüb. Bundan əlavə, “Qərənfil” uşaq bağçasının da əsaslı təmir işlərinə başlanılıb.

145 çarpayılıq Ağsu Mərkəzi Rayon Xəstəxanasının tikintisi davam edir. Cari ildə Qəşəd kənd həkim məntəqəsində əsaslı, Kalva kənd sahə xəstəxanasında cari təmir işləri aparılıb. Digər səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müəyyən tədbirlər görülüb.

Qarşıdakı dönəmdə rayon ərazisindəki avtomobil yollarının əsaslı təmiri, körpülərin yenidən qurulması davam etdiriləcək. İstehsal, xidmət və sosial-mədəni obyektlərin inşasına diqqət artırılacaq.

Deyilənlərə onu da əlavə edək ki, iri fermer təsərrüfatlarının və sənaye zonalarının yaradılması istiqamətində də zəruri tədbirlərin görülməsi planlaşdırılır.

Önəmli məsələlərdən birirayonda dövlət gənclər siyasətinin uğurla aparılmasıdır. Gənclərin işlə təmin edilməsinə, torpağa bağlılığına, vətənpərvərlik ruhunun yüksəldilməsinə ciddi fikir verilir.

Ermənistan işğalçıları torpaqlarımıza təcavüz edəndə ağsulu gənclər də silaha sarılaraq vətənin azadlığı uğrunda düşmənlə ölüm-dirim savaşına yollanıblar. Onlardan 104 nəfəri şəhidlik zirvəsinə ucalıb, 2 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Göyçay tərəfdən Ağsuya gələndə rayon mərkəzinə çatmamış hər kəsin diqqəti yolun sol tərəfindəki möhtəşəm Şəhidlik və Qəhrəmanlıq Parkına yönəlir. Az-az adam tapılar ki, burdan keçəndə maşının sürətini azaltmasın və ya müqəddəs məkana baş çəkməsin. Bu park ağsuluların şəhid vətən övladlarının xatirəsinə böyük ehtiramının ifadəsidir. Bu parkın salınması, bu kompleksin yaradılması torpaqlarının bir qismi işğal altında olan məmləkətin gənclərinin vətənpərvərlik ruhunun artmasında misilsiz rol oynayır.

İl ayrıcları həmişə insanlara duyğusal ovqat bəxş edir. 2014-cü ili yüksək sosial-iqtisadi göstəricilərlə başa vuran ağsulular yeni ilin qapısını da ürəklə, inamla, işgüzarlıqla döyürlər. Əmindirlər ki, 2015-ci il də inkişafın daha sürətli mərhələsinə qədəm qoyan Ağsu üçün uğurlar, nailiyyətlər ili olacaq.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 23 dekabr.-  S.13.