“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1118-IVQD nömrəli Qanununun tətbiqi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin  19-cu bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan  Respublikasının 2014-cü il 28 noyabr tarixli 1118-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;          

1.2.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş həmin qanunun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

1.5. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının  Qanunundan irəli gələn digər məsələləri həll etsin. 

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının  Qanununa  uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Məşğulluq haqqında” Azərbaycan Respub

likası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 525; 2002, ¹ 8, maddələr 485, 488; 2008, ¹ 9, maddə 798; 2011, ¹ 7, maddə 633) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci hissəsinin ikinci abzasında “25.6-cı” sözlərindən sonra “, 29.3-cü maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;

3.2. 2-ci hissəsinin dördüncü abzasında “və 19.4-cü   maddələrində” sözləri “, 19.4-cü maddələrində və 29.3-cü maddəsinin birinci cümləsində (hər iki halda)” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 22 dekabr 2014-cü il

Azərbaycan.-2014.- 24 dekabr.-  S.2.