Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 350-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 12, maddə 846; 2003, ¹ 2, maddə 81; 2005, ¹ 3, maddə 160; 2008, ¹ 7, maddə 615; 2011, ¹ 7, maddələr 636, 640, ¹ 10, maddə 904; 2013, ¹ 6, maddə 644) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 5.3-cü bəndin səkkizinci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“Fondun illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, habelə internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirir;”.
2. 5.6-cı bənddə “illik hesabatını (ona əlavə olunmuş auditor rəyi ilə birlikdə) və balansını” sözləri “fəaliyyəti barədə illik hesabatını” sözləri ilə əvəz edilsin.
3. 6-cı hissənin mətni aşağıdakı redaksiyada verilsin:
“6.1. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparır və illik maliyyə hesabatlarını tərtib edir. Fondun illik maliyyə hesabatları Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi müstəqil auditor tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır.
6.2. Fond Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatlarını və “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2014-cü il
Azərbaycan.-2014.- 24 dekabr.- S.3.