“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1117-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin  19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik  edilməsi   haqqında”  Azərbaycan  Respublikasının  2014-cü il 28 noyabr tarixli 1117-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının  Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində  hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib  Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə  beş ay müddətində  Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 312-ci maddəsinin ikinci abzasının birinci cümləsində nəzərdə tutulmuş əmək qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

1.5. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Əmək  Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa  uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 231; 2000, ¹ 3, I kitab, maddə 159; 2008, ¹ 7, maddə 611, ¹ 8, maddə 719, ¹ 10, maddə 896; 2009, ¹ 2, maddə 71, ¹ 12, maddələr 977, 987; 2011, ¹ 7, maddə 633; 2012, ¹ 6, maddə 545; 2014, ¹ 7, maddə 791) aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci hissəsinin üçüncü abzasında  “və  257-ci maddəsinin üçüncü hissəsində” sözləri “, 257-ci maddəsinin üçüncü hissəsində və 312-ci maddəsinin ikinci abzasının ikinci cümləsində” sözləri ilə əvəz edilsin;

3.2. ikinci hissəsinin dördüncü abzasında “284-cü maddəsinin birinci hissəsində” sözlərindən sonra “, 312-ci maddəsinin ikinci abzasının birinci cümləsində  (hər iki halda)” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 22 dekabr 2014-cü il

Azərbaycan.-2014.- 24 dekabr.-  S.3.