Hər bir azərbaycanlının PREZİDENTİ

 

Azərbaycanda xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızın əsas dayağıdır və bu birliyi biz daim möhkəmləndirməliyik. Bunu etmək üçün, əlbəttə ki, insanların yaşayış səviyyəsi daha da yaxşı, ölkənin beynəlxalq nüfuzu daha da güclü olmalıdır. Ölkə elə inkişaf etməlidir ki, hər bir vətəndaş Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin.

 

İlham ƏLİYEV

 

Xalqları dünya miqyasında tanıdaraq məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynamış fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi mütərəqqi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiq yer tutmasını təmin edir.

Müstəqil Azərbaycan dövlətinin banisi - ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lideryetişdirmişdir. Ulu öndər Heydər Əliyev “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməklə cəmiyyətə özünün layiqi davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyevin son 11 illik prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda həmin fikrin təxmin deyil, qəti qənaət olduğunun bir daha fərqinə varırıq. Ümummilli liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına, dövlətinə necə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir.

Xatırladaq ki, hələ 1994-cü ilin aprelində diplomatiya sahəsində zəngin bilikləri olan, biznes mühitinin incəliklərini dərindən mənimsəyən cənab İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti təyin edilməsi xalq və dövlət naminə düzgün seçim olmaqla, ulu öndərin Qərb şirkətləri ilə aparılacaq danışıqlara necə böyük əhəmiyyət verməsinin əyani göstəricisi idi. Səlahiyyətlərinin icrasına inamla başlayan cənab İlham Əliyev Azərbaycanın mənafeyini əks etdirən yeni neft strategiyasının hazırlanması prosesində ulu öndərin ən etibarlı, işgüzar və bacarıqlı köməkçisinə çevrildi. Onun üzərinə bütün mövcud çətinliklərin öhdəsindən gəlmək, neft müqavilələrində Azərbaycanın milli mənafelərinin maksimum səviyyədə qorunmasına nail olmaq kimi tarixi missiya düşdü. Bu vəzifəyə təyinatından cəmi iki həftə sonra neft müqaviləsi layihəsinin hazırlanması məqsədilə əvvəl Türkiyəyə, daha sonra isə ABŞ-ın Hyuston şəhərinə yola düşən cənab İlham Əliyev diplomatik bacarığını yüksək səviyyədə nümayiş etdirərək Qərb şirkətlərində ölkəmizə inametimad formalaşdırmağa nail oldu. Bu hadisə həm də bir daha təsdiqlədi ki, cənab İlham Əliyev ən çətin, mürəkkəb şəraitlərdə belə ölkənin milli mənafelərini layiqincə müdafiə etmək əzmindədir. 2003-cü il oktyabrın 15-də ulu öndərin layiqli siyasi varisi - cənab İlham Əliyevin xalqın istəyi ilə Azərbaycan Prezidenti seçilməsi Heydər Əliyevin yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin etmişdir. Cənab İlham Əliyev neft strategiyasında varisliyi inamla təmin edərək BTC-nin praktik şəkildə gerçəkləşməsinə nail oldu. Cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə sədr seçilməsi ilə Azərbaycan idmanının və Olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olundu. Paytaxtda və bölgələrdə yeni, müasir idman komplekslərinin tikilib istifadəyə verilməsi bu istiqamətdə görülən işlərə əyani misaldır.

Ulu öndər Heydər Əliyevin zəngin irsinə söykənən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental bəşəri prinsipə istinad etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyatazad insandır. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı nailiyyətlər hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsünonu hiss eləsin...” deyən cənab İlham Əliyev ulu öndərin dövlətçilik irsinə sədaqətini bir daha nümayiş etdirir. Dövlət başçısı irəli sürdüyü bu prinsipləri gerçəkliyə çevirmək üçün ardıcıl, məqsədyönlü və uğurlu fəaliyyət göstərmiş, bütün məsələlərdə məhz xalqın mənafeyini əsas götürmüşdür.

Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti nəticəsində ilk növbədə Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmışdır. Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə müəyyənləşdirilən balanslaşdırılmış xarici siyasət kursunun davamlığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə inkişaf etdirilmişdir.

Prezident İlham Əliyevin ötən 11 ildə yürütdüyü siyasət deməyə əsas verir ki, respublikamız öz inkişafının Qərb modelini müəyyənləşdirərək davamlı iqtisadi inkişafademokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük vermişdir. Dövlət başçısının bəyan etdiyi kimi, ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Prezident bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir. Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlanır və belə bir müsbət imicin formalaşmasında son illər respublikada keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan Qərbdə yalnız zəngin neftqaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir sıra konkret addımları ilə tam sübuta yetirmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir.

2011-ci ildə respublikamızın sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Bu möhtəşəm hadisə ilk növbədə rəsmi Bakının son dərəcə sabituğurlu, eyni zamanda sivil birgəyaşayış normalarına əsaslanan tarazlı xarici siyasət yürütdüyünü bir daha təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə bilər. Eyni zamanda, mühüm uğurlardan biri də Qəbələ RLS-in fəaliyyətinin dayandırılması, Rusiyanın Azərbaycandakı hərbi bazasının fəaliyyətinə son qoyulmasıdır.

Ötən 11 il ilk növbədə dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, “Ümid”, “Abşeronkimi perspektivli yataqların kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması, TANAP layihəsinin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.

Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 575 milyon dollar kredit vermişdir. Respublikamızın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını da xüsusi vurğulamaq lazımdır. Hələ 2012-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanmış tarixi razılaşma ilə 2025-ci ilədək Azərbaycandan nəql olunan qazın əsas hissəsinin qardaş ölkənin ərazisi ilə Avropa ölkələrinə ixracı nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev ötən illər ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşmışdır. Çünki özəl sektorun inkişafı, halal yolla maddi imkanlarını artıran vətəndaşların sayının artması dünyanın butun demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin əhatəsini genişləndirir.

Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin tərkib hissəsidir. Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə daha böyük rəqəmlərlə ifadə olunması, fermerlərin zəruri texnika ilə təchizatı üçünAqrolizinq” Səhmdar Cəmiyyətinin yaradılması və bu quruma böyük həcmdə maliyyə vəsaitinin ayrılması da hökumətin sahibkarlara münasibətinin əsas göstəricilərindən sayıla bilər. Son illər adamlarına güzəştli kreditlərin verilməsi sahəsində mövcud olan problemlər də əsaslı şəkildə aradan qaldırılmışdır.

2007-ci il 28 iyul tarixli “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində normativ-hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi, şəffaflığın artırılması, beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ölkə başçısı 2012-ci il 5 sentyabr tarixdə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır.

Fəaliyyət planında həmçinin cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınması, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi, maraqlar toqquşmasının qarşısının alınması, maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsi, sahibkarlıq fəaliyyəti üçün daha da əlverişli mühitin yaradılması, audit, vergi, gömrük, dövlət satınalmaları, sosial müdafiə və digər sahələrdə fəaliyyətin müasirləşdirilməsi tədbirlərinə geniş yer ayrılmışdır.

Son illərdə dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi üçün bir sıra hədəflər müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanmasında məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Əlbəttə, gələcəyə dair baxışlar, strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda liderlik missiyasından - qərarların qəbulu məharətindən asılı olur. Azərbaycan öz inkişafının dönüş mərhələsində yaşayır və bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə regiondadünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir. Hazırda icra olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılmasını, sənayeləşmə siyasətinin sürətləndirilməsini, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılmasını, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsini, intensiv metodların tətbiqinin daha da genişləndirilməsini və digər tədbirləri nəzərdə tutur.

Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.

Ümumiyyətlə, yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin ötən illərdə imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr dəqiqliklə müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni yerinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.

Dövlət başçısı İlham Əliyev daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri də məhz azərbaycançılıqdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni zamanda, hər bir vətəndaş bu torpağa, vətənə, xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duymalıdır.

Azərbaycan Prezidentinin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən fərman və sərəncamlar, dövlət proqramları imzalaması onun yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün bunlar, eyni zamanda, mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir.

Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin əsasında xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır. Dövlət başçısının müasir azərbaycanlı təfəkküründə vətən və xalq təəssübkeşliyi, Şərqin pozitiv ənənəçilik meyilləri, türk mənəvi-əxlaqi dəyərləri, habelə Qərb və Avropanın liberal ideyaları üzvi vəhdət təşkil edir. Prezident İlham Əliyev mədəni, elmi, habelə yaradıcılıq sahələrində irəliləyişi, mənəviyyat məsələlərinə dövlət himayəsini iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır. Bu, dünyanın ümumi həyatının rəhnidir və hər bir millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməsində mühüm amildir.

Son illər bütün sahələrdə əldə edilən nailiyyətlər Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, hətta kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımız üçün adiləşib. Geridə qalan illər tarix baxımından böyük olmasa da, xaosdan sabitliyə, tərəqqidən sürətli inkişafa keçid mərhələlərini özündə ehtiva edir.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 24 dekabr.- S.4.