Qobustan yeni inkişaf mərhələsindədir

 

İllər dəyişəndə görülmüş işlər bir daha yada salınır, görüləsi işlər isə nəzərdən keçirilir. Əgər ötən ilin uğurları çox olubsa, bu, qarşıdakı ildə yeni nailiyyətlərə zəmin yaradır. 2013-cü il də yaddaşımıza bir çox uğurları, əlamətdar hadisələri ilə yazıldı. Ölkə həyatında ən önəmli məsələ ötən il oktyabrın 9-da prezident seçkilərinin keçirilməsi və cənab İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsi oldu.

Danılmaz faktdır ki, Azərbaycanın bütün uğurlarının davamı bu seçimdən çox asılı idi və xalqımız bu məsələdə öz haqq sözünü qətiyyətlə deyə və lazım olan seçimi edə bildi. Qobustanlılar ötən ili bu möhtəşəm hadisə, həmçinin Prezident İlham Əliyevin rayona səfəri ilə daha çox xatırlayırlar. Rayon sakinləri indi də dövlət başçısının 2013-cü il mayın 1-də Qobustana səfərinin xoş təəssüratları ilə yaşayırlar. Prezident İlham Əliyev elə dövlət başçılarındandır ki, ölkəni, necə deyərlər, qarış-qarış gəzməyi, görülən işlərin gedişi ilə yerində tanış olmağı, sadə vətəndaşların arzu və təkliflərini dinləməyi fəaliyyətinin tərkib hissəsi sayır. Qobustanlılar da ölkə rəhbərinin bu siyasətini yüksək qiymətləndirir, onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar.

Qobustanın ərazisi 1,37 kvadrat kilometr, əhalisi 42,5 min nəfərdir. Göründüyü kimi, elə də böyük olmayan bu kənd təsərrüfatı (əsasən də taxılçılıq) rayonuna dövlət başçısı yetərincə diqqət göstərir, onun sosial-iqtisadi inkişafı üçün müvafiq sərəncamlar imzalayır.

Prezident İlham Əliyevin sərəncamları ilə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə ötən illər ərzində Prezidentin Ehtiyat Fondundan 1,5 milyon manat, 13 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən 23 km uzunluğunda Qobustan-Xilmilli avtomobil yolunun əsaslı təmiri üçün 2 milyon manat, həmin yolun tikintisinin başa çatdırılması üçün 5,3 milyon manat vəsait ayrılıb.

Qobustanda müasir xəstəxananın tikintisinə çoxdan ehtiyac var idi. Yada salsaq ki, Qobustan Bakı-Şamaxı-Gürcüstan sərhədi avtomobil magistralının kənarında yerləşdiyinə görə qəzalar zamanı xəsarət alanlar cərrahiyyə və travmatologiya işinin güclü olmadığı rayon xəstəxanasına gətirilir, digər yandan kənd təsərrüfatı sahəsində çalışanların infeksion, maldarlıqla məşğul olanların brüselyoz xəstəliklərinə həssaslığı daha çoxdur, onda səhiyyə işinin yenidən qurulmasına - müasir xəstəxananın tikintisinə olan tələbat vacib məsələ kimi qarşıda dururdu. Nəhayət, qobustanlıların bu narahatçılığına da son qoyuldu. Prezident İlham Əliyevin ötən ilki sərəncamı ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasının 50 çarpayılıq yeni binasının tikintisi üçün respublika Səhiyyə Nazirliyinə 1 milyon manat vəsait ayrıldı. Qobustanlılar ötən ilin sonunda dövlət başçısının daha bir sərəncamı ilə sevindilər: uzunluğu 17 km olan Təklə-Sündü-Xilmilli avtomobil yolunun çəkilişi məqsədi ilə 3 milyon manat vəsait ayrıldı.

Qobustanlılar ölkə rəhbərinin bu qayğısından çox razıdırlar. Son 10 il ərzində rayonda 2813-ü daimi olmaqla 11363 yeni yerinin açılmasını da bu qayğının nəticəsi kimi qiymətləndirirlər.

Rayonda Heydər Əliyev Mərkəzi yaradılıb, ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkı salınıb, ümummilli liderin abidəsi ucaldılıb. Əlil və şəhid ailələri üçün 8 və 16 mənzili 2 yaşayış binası, rayon icra hakimiyyəti və YAP rayon şöbəsi üçün inzibati binalar, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, “Kafur-PASMMC-nin Qobustan Bağ-bağat Mərkəzi, 10 min tonluq taxıl anbarı kompleksi, gündəlik istehsal gücü 22 ton olan çörək zavodu, AMEA-nın Seysmoloji Stansiyası, Qobustan İdman Kompleksi, Gənclər Mərkəzi, Bayraq Meydanı və digər obyektlər tikilib istifadəyə verilib. 2240 şagirdlik 12, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə 620 yerlik 4 yeni məktəb binası da son dövrlər istifadəyə verilmiş obyektlər sırasındadır. Hazırda Bağ-bağat mərkəzində 20 yerlik mehmanxananın və Qobustan Telekommunikasiya Qovşağının yeni binasının tikintisi davam edir.

Digər işlər də görülür. Rayon mərkəzi də daxil olmaqla Qobustanın 17 yaşayış məntəqəsi qazlaşdırılıb, 7 yaşayış məntəqəsində isə bu işlər öz axarındadır.

Qobustan şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsi çərçivəsində şəhərin və 7 kəndin içməli su şəbəkəsinin yenidən qurulması, şəhərdə kanalizasiya sisteminin yaradılması nəzərdə tutulub. Dövlət büdcəsi hesabına layihənin birinci mərhələsi başa çatdırılıb - Qobustan şəhərinə və 4 yaşayış məntəqəsinə içməli su verilib. Növbəti mərhələ ilə əlaqədar müvafiq işlər görülür.

Rayonda həlli vacib məsələlər də az deyil. Əminliklə demək olar ki, dövlətin yüksək qayğısı və qobustanlıların əzmkarlığı sayəsində qarşıda duran vəzifələr layiqincə yerinə yetiriləcək, Qobustan daha abadmüasir bir rayona çevriləcək.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 24 dekabr.- S.11.