Abidələr tariximizdir

 

Torpağın altında yatan ulu sərvət

 

Tarixi İpək yolu üzərində yerləşən Goran torpağı maddi-mənəvi abidələrlə zəngindir. Bu yaxınlarda Milli Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşı, arxeologiya üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov Türkiyə alimləri ilə birlikdə Şadılı kəndi ərazisində araşdırmalar apararkən maraqlı məlumatlar əldə edib. Professor Arif Məmmədov Həmənli kəndindəki Beşran təpəsində Nizami dövrünə aid olan dulusçuluq və qədim pullar, şüşə qalıqları, metal-bəzək əşyaları üzə çıxarıb, saxsı borularla kəndə gələn su xəttini müəyyən edib. Rayonun digər sahələrində də çox böyük tarixi əhəmiyyətə malik materiallar aşkar olunur.

Goranboy ilk növbədə türbələr və kurqanlarla tanınır. Bəlli olduğu kimi, türbələr dövrün görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirmək üçün qəbirlərin üzərində tikilən memarlıq abidələridir. Onların əksəriyyəti XII-XV əsrlərə aiddir. Türbələr ən çox Borsunlu, Səfikürd və Rəhimli kəndlərinin ərazilərində yerləşir. Əsasən kubşəkilli, səkkizguşəli və qülləvari olur. Səfikürd kəndində 2,2 metr hündürlüyü olan Xudubaba türbəsi daha çox diqqəti cəlb edir. Neçə yüz ildir salamat qalıb. Çay daşı və bişmiş kərpiclə inşa olunub. Türbənin hörgüsündə süd, yumurta və irəmə torpağının qatışığından istifadə edilib.

Kurqanlar isə əsasən mühüm strateji əhəmiyyət kəsb edən yerlərdə yaradılardı. Goranboy rayonunda 113 daşınmaz tarix və mədəniyyət abidəsi var ki, onların da 31-i kurqandır. Son bir neçə il ərzində daha 14 kurqan aşkar edilərək mühafizəyə götürülüb. Kurqanlara “Dəvəçi” ticarət-karvan yolu boyunca daha çox təsadüf olunur. Bu yol Mollavazlı, Qaradağlı, Şadılı, Borsunlu, Rəhimli, Səfikürd, Qasımbəyli, Qarqucaq, Qaşaltı, Tapqaraqoyunlu kəndlərindən keçir.

Son vaxtlarda Səfikürd və Qaradağlı kəndlərinin ərazilərində aparılan qazıntılar zamanı ilkin tunc dövrünə aid zəngin maddi-mədəniyyət nümunələri, müxtəlif əmək alətləri, sadə silah növləri, binaların forması, dəfn ayini, qədim insanların antropoloji görkəmi, istehkam tikmə üslubu, dövrün yaşayış tərzi, məişəti, adət-ənənələri və s. haqqında zəngin məlumatlar əldə edilib.

Borsunluda qədim türbələr çoxdur. Üçü son vaxtlar Dərə yeri sahəsində aşkar edilib. Biri əsasən qırmızı kərpiclə hörülüb, divarları gəclə suvanıb, üstü günbəzlə örtülüb, tağbənd formalı qapısı var. Digər bir günbəz səkkizguşəli formada inşa olunub. Arxeoloq alim Arif Məmmədov deyir ki, bu türbələr XIII-XIV əsrlərə aiddir.

Elə həmin dövrün yadigarı sayılan ikinci kərpicli yaşayış yeri indiki anlamda sənaye-emal müəssisəsi sayıla bilər. Sahəsi təqribən 2 hektara yaxın olub. Buradakı karxanalarda bişirilən kərpiclər hər yanda tanınırdı. İndi də təpə-təpə, qalaq-qalaq izləri qalır.

Borsunlu kəndində tarixin bu cür canlı yadigarları, milli memarlıq nümunələri çoxdur. Onlardan hər biri qayğı ilə qorunmağa, mühafizə edilməyə, yaşadılmağa layiqdir. Bəs əslində vəziyyət necədir? Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına baxırıq. Borsunlu kəndi üzrə cəmi bircə türbənin adı çəkilir.

Tarix üzrə fəlsəfə doktoru Gündüz Hacıyev deyir ki, son vaxtlarda mütəxəssislərimiz tərəfindən aparılan araşdırılmalar zamanı bəlli oldu ki, rayon üzrə 30-dan çox tarix-memarlıq abidəsi həmin rəsmi siyahıdan kənarda qalıb. Minillik tarixi olan Saxsılı təpə, Təndirli təpə, Sarı təpə, habelə Mollavələdlidəki Yeddi qardaşQoşa çinar yaşayış yerləri, yaxud V-XII əsrlərin yadigarları sayılan Meşəli, Mənəşli, Buzlaq alban məbədləri, Goran və Dəlməmmədli qüllələri, Qaraçinarın tağlı körpüsü, neçə-neçə məscid, Molla Vələdli türbəsi və s. Onlardan hər birinin, xüsusən ilk tunc dövründən xəbər verən Şadılı, Qarabağlı, Kürzallar, Dəlməmmədli kurqanlarının, Kürəkçay qalalarının təhlilə, tədqiqə, təbliğə ehtiyacı böyükdür.

Bu yerlərdə ən çox diqqəti cəlb edən tarix-mədəniyyət abidələrindən biri Rəhimli kəndinin cənub-şərq hissəsindəki Şətəl şəhəridir. Bütövlükdə ərazisi 40 hektardan çoxdur.

Tədqiqatlar göstərir ki, Şətəl qalası üçüncü, beşinci yüzilliklərdə kiçik yaşayış məntəqəsi kimi mövcud olmuş, sonralar xeyli böyüyərək on üçüncü yüzillikdə özünün ən gur inkişaf dövrünü yaşamışdır.

Gündüz Hacıyev Şətəl şəhərinin strateji mövqeyindən xəbər verən maraqlı bir faktı da xatırlatdı. 1231-ci il Gəncə üsyanı zamanı Xarəzmşah Cəlaləddin öz katibi ən-Nəsəvini usta Bəndərlə danışıqlar üçün Şütur (Şətəl) şəhərinə göndərmişdi.

Bir sözlə, ümumən Goranboyun tarixi abidələrinin, eləcə də Şətəl qalasının açılmamış sirləri çoxdur. Onun tədqiqi Azərbaycanın qədim yurd yerlərinin neçə-neçə səhifəsinə işıq salar.

Adı dillərdə gəzən Gülüstan qalası Murovdağın ətəyində, Ağdərə və Ağcakəndin sərhədində, İncəçayın qovuşduğu sahədə, dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşir. Bir sıra tarixi hadisələrin şahidi olmuş bu qala öz formasına görə gəmini xatırladır. Mənbələrdə göstərilir ki, həmin qala hələ eramızdan əvvəl Xaldey hakimləri tərəfindən tikilib. Divarları boyunca 4 gözətçi məntəqəsi, 12 mazqal (müşahidə gözcüyü) var idi. Şərq-qərb və cənub-qərb tərəflərdən sıldırımlı dərə, şimaldan isə sərt enişli meşəliklə əhatə olunub. Qalaya daxil olmağın ən əlverişli yolu cənub-şərq tərəfdəndir. Qalanın təxminən iki kilometrliyində Gülüstan kəndi yerləşir.

Bu yerlərdən nankor qonşular bir yolluq çıxarılanda Goranboy ziyalılarının təşəbbüsü ilə Gülüstan dağının ətəyində simvolik “Qələbə” qalası inşa edildi. Bu maraqlı, məzmunlu abidə indi gənclərin and yerinə çevrilib.

Gündüz Hacıyev dedi ki, Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə tarixi abidələrin aşkar edilməsi və təbliği sahəsində sistemli işlər görməyə çalışırıq. Bu sahədə “Qələbə” qalasının inşasından əlavə digər yerlərdə də müəyyən işlər görülüb. İndi isə Meşəli kəndində alban məbədlərinin tarixini əks etdirən muzey-kitabxana yaratmaq istəyirik. Rayonun qədim yerləri, eləcə də Tatarlı kəndinin yanındakı Muncuqlu ərazisində mövcud abidənin tarixitaleyi barədə gənclərə ətraflı məlumat veririk. Rəhimli türbələrinin kompleks elmi bərpasının təşkili üçün isə müvafiq təşkilatlar qarşısında məsələ qaldırmışıq.

Son illərdə ölkə üzrə yerin altında yatan maddi-mənəvi sərvətin üzə çıxarılıb təbliğ edilməsinə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin Azərbaycanda arxeoloji ekspedisiyaların fəaliyyətini genişləndirmək və səmərəliliyini artırmaq məqsədilə 2008-ci ilin fevral ayında imzaladığı sərəncamın əhəmiyyəti çox böyükdür. Hazırda ölkəmizdə 7 beynəlxalq arxeoloji ekspedisiya geniş aparır. Tovuz, Şəmkir, Qəbələ, Ağcabədi, Şərur rayonlarında, habelə Oğlanqayada aparılan tədqiqatlar ulu tariximizin araşdırılmasında mühüm rol oynayır. Əvvəllər elmə məlum olmayan çoxsaylı, çox dəyərli faktlar aşkara çıxarılır.

Goran torpağında da bu cür əhatəli, əlaqəli tədqiqatlar aparılarsa, məşhur İpək yolu üstündə qədim tariximizin çox dəyərli səhifələri üzə çıxa bilər.

“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” bu sahədə sistemli tədqiqat işlərinə geniş meydan açıb.Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda birmənalı şəkildə bildirilir ki, onları mühafizə etmək hər kəsin borcudur. Müsahibim G.Hacıyev dedi ki, gərək bu borcu hər birimiz şərəflə, ləyaqətlə, əsl vətəndaşlıq qeyrəti ilə yerinə yetirək və torpağın altında yatan qədim tarixi, zəngin sərvəti, bir-birindən dəyərli maddi-mədəniyyət abidələrini üzə çıxarıb gənc nəslə təqdim edək.

 

Əhməd İSAYEV,

Azərbaycan.-2014.- 24 dekabr.- S.12.