Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 14 may tarixli 579 nömrəli Fərmanı ilə təsdiq
edilmiş
“İxtisaslaşdırılmış çek
investisiya fondları haqqında Əsasnamə”də
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 350-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 579 nömrəli Fərmanı (Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları (aprel-iyun 1997); Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 423; 2000, ¹ 12, maddə 844; 2005, ¹ 5, maddə 403; 2009, ¹ 3, maddə 163) ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə”nin 9-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1. Çek investisiya fondu illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə və təsisçiyə (təsisçilərə) təqdim etməli, habelə dövri mətbu nəşrdə və fondun internet səhifəsində (varsa) dərc etdirməlidir.”.
2. 2-ci bəndin birinci abzası, birinci və ikinci yarımbəndləri aşağıdakı redaksiyada verilsin:
“2. İllik maliyyə hesabatları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilməli, uçot siyasəti və izahlı qeydlərdə isə əlavə olaraq aşağıdakılar əks etdirilməlidir:
- fondun investisiyalarının siyahısı və onun açıqlaması (səhmlərin sayı, növü və hesabat tarixinə bazar qiyməti);
- hesabat dövrü ərzində ödənilmiş dividendlər;”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2014-cü il
Azərbaycan.-2014.- 25 dekabr.- S.2.