Bakıda “İnkişafın 10 ili: 2004-2014” mövzusunda konfrans keçirilib
Dekabrın
24-də Yeni Azərbaycan Partiyası Bakıda
“İnkişafın 10 ili: 2004-2014” mövzusunda konfrans təşkil
edib.
AzərTAc xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının üzvləri iştirak ediblər.
Konfransda çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov son 10 ildə ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb.
Əli Əhmədov deyib: “Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, son 10 ildə müşahidə olunan əzəmətli inkişaf Prezident İlham Əliyevin adı ilə, dövlətimizin başçısının həyata keçirdiyi siyasətlə bağlıdır. Mən tam qətiyyətlə bu inkişafı XXI əsrin birinci 10 illiyinin iqtisadi möcüzəsi adlandırardım. Bunun üçün kifayət qədər ciddi əsaslar var”.
Qeyd edilib ki, ötən dövrdə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb. Dünyanın müasir tarixində öz iqtisadiyyatını 10 il ərzində bu qədər artırmağa nail olmuş ikinci bir ölkə nümunəsi tapmaq mümkün deyil. Bu illər ərzində Azərbaycanda həyat bütünlüklə dəyişib. İnsanların yaşayış səviyyəsinin artması ilə yanaşı, Azərbaycanın siması yenilənib. Azərbaycan möhtəşəm müasirləşmə dövrünü yaşayıb.
Əli Əhmədov vurğulayıb ki, Azərbaycanın dinamik inkişafı onun beynəlxalq miqyasda nüfuzunun artmasında da öz ifadəsini tapır. Bunun bariz sübutu ölkəmizin dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu fakt Azərbaycanın beynəlxalq aləmdə çəkisinin nə qədər çox artmasının əyani göstəricisidir.
Bildirilib ki, Azərbaycan bütövlükdə regionun iqtisadi mənzərəsinə təsir edən bir dövlət kimi adını müasir tariximizə yazıb. Bu gün Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələr bölgənin iqtisadi mənzərəsində yeni korrektələr edir. Azərbaycan ciddi regional faktora çevrilib. Beləliklə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin 10 il ərzində Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi yeni bir Azərbaycanı, yeni bir cəmiyyəti reallığa çevirib. Yeni Azərbaycanın konsepsiyası ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılıb. Ulu Öndər bu konsepsiyanın gerçəkləşməsi üçün əzəmətli layihələr, islahatlar həyata keçirib, etibarlı baza yaradıb. Təbii ki, bu etibarlı bazanın üzərində son 11 il ərzində Azərbaycan yeni bir məmləkətə, dövlətə, cəmiyyətə çevrilib.
Konfransda məruzə ilə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun ötən müddətdə Prezident İlham Əliyev tərəfindən böyük əzmlə və məharətlə həyata keçirilməsi nəticəsində bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir.
Nazir qeyd edib ki, siyasi və iqtisadi qüdrəti daim artan Azərbaycan bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçı, əsas söz sahibidir. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün ölkəmizin payı 78 faizi ötüb.
Vurğulanıb ki, Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının ən səciyyəvi cəhətlərindən biri bu strategiyanın elmi əsaslara söykənməsi, hər bir sahənin inkişafı üçün konkret hədəf və məqsədlərin, onlara nail olunma yollarının dəqiq müəyyən edilməsidir. Təsadüfi deyil ki, son 10 il ərzində 174 dövlət proqramı təsdiq edilib. Onlardan 104-ü tam icra olunub, digərləri icra edilməkdədir.
Nazir deyib: “Bu proqramların uğurlu icrası nəticəsində iqtisadiyyatın bütün sahələri dinamik inkişaf edib, ümumi daxili məhsul 3 dəfə artıb. Artıq 6 ildən çoxdur ki, dünyada siyasi, iqtisadi, sosial kataklizmlərlə müşayiət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edib, qarşıya qoyulmuş məqsədlərə nail olunub, nəzərdə tutulmuş bütün işlər yerinə yetirilib”.
Sonra çıxış edən energetika naziri Natiq Əliyev deyib: “Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev bütün dünyaya bəyan etdi ki, bizim iqtisadi kursumuz dünya iqtisadi birliyinə sıx inteqrasiya edən, bazar iqtisadiyyatına əsaslanan müstəqil, demokratik, hüquqi dövlət qurmaqdır. Bu yolda uğurlar qazanmış ölkəmizdə keyfiyyətcə yeni istehsal münasibətləri bazasında özəl mülkiyyət və sahibkarlığa əsaslanan istehsal, maliyyə və idarəçilik münasibətləri formalaşdırdıq”.
Natiq Əliyev bildirib ki, həyata keçirilən iqtisadi islahatlar qısa zamanda uğurlu iqtisadi inkişafa səbəb olub, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaradıb, sivil bazar münasibətlərinin formalaşmasına gətirib çıxarıb.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla və qətiyyətlə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası gələcək dövr üçün dayanıqlı inkişafın möhkəm təməlinin yaradılmasına, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsinə, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına imkan verib.
Nazir
qeyd edib ki, Azərbaycanda neft hasilatı ölkəmizin iqtisadi
inkişafında mühüm rol oynayır. Neft sənayesinin sabit və
fasiləsiz işləməsi, onun uğurlu inkişafı Azərbaycanın xalq təsərrüfatına müsbət təsir
göstərir. Neft sənayesi
respublikanın büdcəsinə xeyli vəsaitin
daxil olmasını, ölkə
iqtisadiyyatına xarici investisiyaların
yatırılmasını təmin edir.
N.Əliyev deyib: “Hazırda ölkəmiz bir çox qonşu və Avropa dövlətləri ilə enerji sahəsində sıx əməkdaşlıq edir. Həmçinin bu ölkələrdə investor kimi çıxış edir. Görülmüş tədbirlər nəticəsində Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna və digər dövlətlərin enerji bazarında Azərbaycan mühüm paya sahibdir”.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov isə çıxışında deyib ki, qara qızılın insan kapitalına çevrilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasətin əsas sütunlarından biri də ölkəmizdə müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsidir.
Nazir bildirib ki, İKT-nin inkişafında əsas istiqamət telekommunikasiya sahəsinin genişlənməsi olub. Bütün yaşayış məntəqələrinin telefonlaşdırılması, 2010-cu ildə isə bütün telekommunikasiya sisteminin MDB ölkələri arasında ilk dəfə elektronlaşdırılması, rəqəmsallaşdırılması bu sahədəki inkişafa bariz nümunədir. Həmçinin sabit telefon şəbəkəsinin, son illərdə mobil telefon rabitəsi infrastrukturunun genişləndirilməsi əldə edilmiş uğurlara misal ola bilər. Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan internetin inkişafına görə 49-cu yerdədir. Azərbaycan internetin 73 faizlik istifadə sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində bu gün Azərbaycan sosial baxımdan firavan dövlətlər qrupuna daxil olub. Ölkədə müşahidə olunan inkişaf əhalinin sayının sürətli artımına gətirib çıxarıb. Belə ki, son on ildə əhalinin sayı 16 faiz artıb. Bu temp davam edərsə 2020-ci ildə Azərbaycan əhalisinin sayı 10,2 milyon nəfərə çatacaq.
Nazir diqqətə çatdırıb ki, son 10 ildə əhalinin artımı şəhər yerlərində 20 faiz, kənd yerlərində isə 11 faiz təşkil edib. Bu, ondan irəli gəlir ki, Azərbaycan Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı istiqamətində atdığı addımlar əhalinin kənd yerlərindən Bakıya və digər iri şəhərlərə axınını zəiflədib. Çünki bildiyiniz kimi, sosial infrastruktur obyektlərinin sürətlə formalaşdırılması, sosial xidmətlərin insanların evinə yaxınlaşdırılması onların öz daimi yaşayış yerlərini dəyişməmək qərarı vermələri ilə nəticələnib.
Vurğulanıb
ki, ölkədə son 10 ildə ölümün faizi də
aşağı düşüb. Hər min
nəfərə ölənlərin sayı 6 nəfərdən,
5,8 nəfərə düşüb. Hər
min nəfərə doğulanların
sayı isə 14-dən 19-a qalxıb. Bu
göstəriciyə görə Azərbaycan Avropa
dövlətləri arasında birinci yerdədir.
Bu iqtisadi inkişaf miqrasiya proseslərində
də özünü göstərir. Bu ilin 10 ayı ərzində
Azərbaycana daimi yaşamaq
üçün 1455 nəfər gəlib,
690 nəfər isə ölkəni tərk edib.
Yəni 800 nəfərə yaxın müsbət saldo var. Son
beş il ərzində
bu müsbət saldo
2300 nəfər olub.
Azərbaycan.-2014.- 25 dekabr.- S.5.