AzərTAc və Moskva
Dövlət Linqvistika Universiteti
birgə layihələri
davam etdirməkdə maraqlıdırlar
AzərTAc
və Moskva Dövlət Linqvistika Universiteti (MDLU) birgə
layihələrin davam etdirilməsində maraqlıdır.
Bununla
bağlı məsələlər MDLU-nun müəllimləri
– professor Marina Poletayeva və dosent Lyudmila Barmina ilə AzərTAc-ın
baş direktoru Aslan Aslanovun görüşündə
müzakirə olunub.
Moskva
Dövlət Linqvistika Universiteti AzərTAc-ın dəstəyi
ilə Bakıda “Rusdilli jurnalistika: müasir vəziyyət və
inkişaf tendensiyası” mövzusunda ixtisasartırma
kursları həyata keçirir. Bu məqsədlə Azərbaycana
ezam olunmuş müəllimlər müasir jurnalistika və
rus dilinin özəllikləri haqqında ölkəmizin
müxtəlif media strukturlarını təmsil edən
jurnalistlər üçün təlimlər keçir.
Görüşdə
qeyd olunub ki, agentliyin bir neçə əməkdaşı
dövlət proqramı çərçivəsində
MDLU-da müasir jurnalistika ixtisasına yiyələnib. AzərTAc,
eyni zamanda Rusiyanın TASS agentliyi ilə sıx əməkdaşlıq
edir, mütəmadi olaraq təcrübə mübadiləsi həyata
keçirir. Yüksək tolerantlıq mühitinin hökm
sürdüyü Azərbaycanda rus dili və mədəniyyətinə
qayğı ilə yanaşılır, AzərTAc rus dilində
informasiya buraxılışına böyük önəm
verir.
Universitetin
kafedra müdiri, professor Marina Poletayeva MDLU-nun rektoru İrina
Xaleyevanın adından kursların təşkilinə görə
AzərTAc-a minnətdarlığını
çatdırdı. O qeyd etdi ki, müasir jurnalistika və rus
dilinin dinamik inkişafı belə təlimlərin
keçirilməsini zəruri edir. M.Poletayeva Azərbaycan
jurnalistlərinin təlimlərdə fəallıq göstərdiyini,
hazırlıqlı mütəxəssislər olduğunu
vurğuladı. Professor gələcəkdə də AzərTAc
və MDLU-nun bu kimi birgə layihələr keçirməsinin
maraqla qarşılanacağına əminliyini ifadə etdi.
Görüşdə
qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti,
keçdiyi inkişaf yolu, Dağlıq Qarabağ
münaqişəsi, AzərTAc-ın beynəlxalq media təşkilatlarında
fəaliyyəti haqqında da məlumat verildi, müasir
jurnalistika ilə bağlı fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-2014.- 25 dekabr.- S.6.