Xalq rəssamı Tahir
Salahovun xalça
üzərində
“Qırmızı təkər”
əsəri təqdim olunub
Dekabrın 24-də “Azər-İlmə” MMC-də xalq rəssamı Tahir Salahovun əsəri əsasında hazırlanmış “Qırmızı təkər” xalçasının təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, xalq rəssamı Tahir Salahovun görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı Aleksandr Soljenitsının portreti əsasında toxunmuş bu xalça istedadlı rəssam Aynurə Əsədullayeva tərəfindən “Azər-İlmə” MMC-də hazırlanıb. Əsərin adı A.Soljenitsının eyniadlı roman-epopeyasından götürülüb.
Xalça barədə fikirlərini jurnalistlərlə bölüşən əməkdar incəsənət xadimi Kübra Əliyeva onun bədii xüsusiyyətlərindən söhbət açıb. Bildirib ki, böyük rəssamın bu əsəri xalça üzərində də eyni effekti verir. Bu da hər iki rəssamın sənətkarlığından irəli gəlir.
“Azər-İlmə” MMC-nin rəssamı Aynurə Əsədullayevanın sözlərinə görə, xalça yeddi ay müddətində ərsəyə gəlib. Ölçüsü 2,24x3,1 metr olan xalçada əsasən qəhvəyi və qırmızı rənglərin müxtəlif çalarlarından və keyfiyyətli iplərdən istifadə edilib.
On beş ilə yaxındır ki, əsərlərini xalça üzərinə köçürən T.Salahov bu işin onun yaradıcılığına yeni impuls və istiqamət verdiyini deyib. Bildirib ki, təqdimatı keçirilən əsər o dövrün rəmzlərinə uyğun olaraq ulduzlar, oraq və çəkiclə əhatə olunub. A.Soljenitsının həbsxanada yazdığı qeyd dəftərləri, təltif olunduğu Nobel mükafatının emblemi də xalçada öz əksini tapıb. Qara təsvirlə verilmiş ulduzlar isə repressiya dövründə söndürülmüş insan talelərinə işarədir.
Rəssam xatırlayıb ki, 1958-ci ildə respublikamıza məşhur fransız rəssamı Jan Lyursa gəlmişdi. Onun Bakıya maraq göstərməsinin səbəbi özünün Fransada həm də tekstil rəssamlığı, qobelenlə məşğul olması idi. Fransada rəsm əsərlərinin qobelenə köçürülməsi ənənə halını alıb. T.Salahov diqqətə çatdırıb ki, “Dədə Qorqud” əsərini rəssam Eldar Mikayılov xalçaya köçürüb. Təxminən 6-8 ay ərzində hazır olan xalçada hər rəng çaları eynilə verilib.
Qeyd edək ki, T.Salahovun bundan əvvəl A.Soljenitsının Rusiyaya qayıtmasına həsr edilən digər bir əsəri də xalça üzərinə köçürülüb.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin jurnalistlərə müsahibəsində rəssam T.Salahovun böyük portretlər qalereyası, o cümlədən Azərbaycanın, Rusiyanın və dünya miqyasında tanınmış digər xadimlərinin portretlərini yaratdığını qeyd edib. Bildirib ki, onun yaratdığı hər portretin öz yeri var. A.Soljenitsının portretini isə rəssam T.Salahov yaradıcılığının kamillik zirvəsində işləyib. Diqqətə çatdırıb ki, A.Soljenitsının Rusiya üçün böyük mənası var. Bu təqdimatda iştirak etmək mənim üçün böyük əhəmiyyət daşıyır. Çox şadam ki, T.Salahov kimi rəssamlar var.
Qeyd edək ki,
indiyədək T.Salahovun “Heydər
Əliyev”, “Dmitri Şostakoviç”,
“Mstislav Rostropoviç”,
“Salvador Dalinin
yaradıcılıq dünyası”, “Qara Qarayev”, “Mirzə Ələkbər Sabir”, “Rəsul Rza” və
digər əsərləri uğurla xalça üzərinə köçürülüb.
Bu, Azərbaycan incəsənətində
parlaq bir sintez, ənənə ilə müasirliyin
vəhdətidir.
Azərbaycan.-2014.- 25 dekabr.- S.7.