Yüksəliş və modernləşmə müasir Azərbaycanın

 qürur doğuran reallıqlarıdır

 

Müasir və müstəqil Azərbaycan dövlətinin memarı olan ümummilli lider Heydər Əliyevin zəngin siyasi uzaqgörənliyi, idarəçiliyi və gərgin əməyi sayəsində qoyulmuş möhkəm təməl və əldə olunmuş möhtəşəm nailiyyətlər sonrakı illərdə respublikanın kompleks, davamlı və dinamik yüksəlişi üçün möhkəm zəmin yaratdı. Ulu öndərin Azərbaycanın hərtərəfli inkişaf kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, onun işıqlı ideyaları reallığa çevrilərək ölkəmizin hazırkı inkişafında, qazanılan böyük uğurlarda öz tarixi əksini tapır.

 

Mühüm nailiyyətlərdən biri dinamik və davamlı inkişafın təmin edilməsidir

 

Bu mənada ötən 11 ildə qazandığımız çoxsaylı uğurlar fonunda özünü təsdiq edən reallıq ondan ibarətdir ki, Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi yolla gələcəyə doğru inamla addımlayır. Möhkəm təmələ, düşünülmüş dərin siyasətə əsaslanan bu yüksəliş yolu Azərbaycanı günbəgün inkişafa, tərəqqiyə, modernləşməyə aparır. Bu yolda mühüm nailiyyətlərimizdən biri ölkəmizin dinamik və davamlı iqtisadi inkişafının təmin edilməsidir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf xəttini inamla və layiqincə davam etdirən, müasir dövrün çağırışlarına uyğun daha da zənginləşdirən Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən siyasi kurs nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa vurub və hazırda inkişafın keyfiyyətcə yeni mərhələsindədir. Müstəqil Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə olmaqla yanaşı, siyasimakroiqtisadi baxımdan sabit dövlət, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınması hər birimizdə dərin qürur və fəxarət hissi yaradır.

Yüksək inkişaf dinamikasına malik Azərbaycanın iqtisadi sahədə qazandığı böyük uğurların kökündə dayanan əsas amillərdən biri iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdir. Dövlət proqramları çərçivəsində yeni yollar çəkilmiş və ya yenidən qurulmuş, körpülər, yol qovşaqları tikilmiş, regionlarda kommunal infrastruktur daha da yaxşılaşdırılmış, rabitə xidmətlərinin səviyyəsi yüksəldilmişdir ki, bu da öz növbəsində iqtisadiyyatın diversifikasiyasına, qeyri-neft bölməsinin yüksəlişinə əlavə stimul vermişdir. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının tərəqqisi məhdud sfera üzərində köklənməyərək çoxcəhətli, genişmiqyaslı xarakterə malikdir. Ölkə iqtisadiyyatının ən müxtəlif sahələrində inkişafın paralel şəkildə getməsi, bir-birini tamamlaması hər zaman xüsusi diqqət mərkəzindədir. Bu səpkidə görülən işlər Azərbaycanın iqtisadi yüksəlişinə böyük töhfələr verərək onu daha sürətli hala gətirib.

Azərbaycanın sosial-iqtisadi inkişafında məqsədli dövlət proqramlarının icrası xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər ölkədə makroiqtisadi sabitliyin təmin edilməsində, iqtisadiyyatın dinamik inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasında mühüm rol oynayır. Xüsusən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ölkədə daxili istehsal dəfələrlə artıb, yeni sənaye sahələri yaradılıb, zəruri infrastruktur qurulub. Dövlət başçısının regionlara mütəmadi səfərləri, müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olması və hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələri müəyyən edərək verdiyi tapşırıq və tövsiyələr, imzaladığı sərəncamlar regionların tarazlı inkişafının təmin edilməsinə mühüm töhfələr verib.

 

2014-cü ilin yekunları qürurvericidir

 

Respublikamızda ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi inkişaf kursu 2014-cü ildə də ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı inkişafını təmin edərək müsbət sosial-iqtisadi nəticələrin əldə edilməsini şərtləndirib. Prezident İlham Əliyevin xalqımızın maraqları və tələbatı üzərində qurulan inkişaf kursu ötən illərdə olduğu kimi, bu ildünyada hələ maliyyə-iqtisadi böhranın mövcud olmasına baxmayaraq respublikamızın dinamik yüksəlişini təmin edib.

Statistika göstərir ki, 2014-cü il ərzində qeyri-neft sektorunda iqtisadi islahatların davam etdirilməsi, innovativ, bilik iqtisadiyyatının formalaşması, idxaldan asılılığın azaldılması, gündəlik tələbat malları ilə özünü təminetmə, ölkənin ixracının şaxələndirilməsi, həmçinin yerli resursxammalla işləyən və ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı məhsul istehsalının dəstəklənməsi, biznes mühitinin əlverişliyinin artırılması, xariciyerli investisiyaların cəlb edilməsi, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi, özəl sektorun inkişafını təşviq edən və rəqabət mühitini təkmilləşdirən institutlara diqqətin artırılması, ölkə sahibkarlarının maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb.

Bunlardan irəli gələrək cari ilin sosial-iqtisadi mənzərəsi Azərbaycanın iqtisadi cəhətdən getdikcə daha qüdrətli bir ölkəyə çevrildiyini göstərir. Yuxarıda sadalanan tədbirlərin nəticəsi olaraq əvvəlki illərdə olduğu kimi, bu il də ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznesinvestisiya mühitinin formalaşdırılması və digər sahələrdə nailiyyətlər əldə olunub.

Bunun nəticəsidir ki, ölkəmizdə bu ilqeyri-neft sektorunun inkişafı istiqamətində mühüm nəticələr var. Qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən siyasətin özünü tam doğrultması konkret faktlar əsasında hər hesabat dövründə təsdiq olunur. Bütün bunlar Azərbaycanın seçdiyi inkişaf yolunun tam düzgün olduğunu, zamanın tələblərinə cavab verdiyini, ölkənin qazandığı uğurların miqyasının daha da genişlənməsinə xidmət etdiyini, iqtisadi islahatların düzgün aparıldığını göstərir. Makroiqtisadi proqnozlara görə, 2014-cü ildə ölkədə ümumi daxili məhsul istehsalının 59 milyard manat, yəni, 75,3 milyard dollar həcmində olacağı gözlənilir. Bu isə əvvəlki illə müqayisədə 3,6 faiz artım deməkdir. Önəmlisi budur ki, qeyri-neft sektorunda bu göstərici 8,1 faiz təşkil edəcək. Təbii ki, bu müsbət tendensiyanı şərtləndirən əsas amil ölkə iqtisadiyyatının bütün sahələrində dinamik artımın olmasıdır. Elə bu məqam da Azərbaycanda iqtisadi inkişaf siyasətinin hər hansı bir sahə üzrə köklənməyərək kompleks xarakter daşıdığını bariz şəkildə təsdiq edir. Yüksək əzmkarlıqla, yaradıcılıqla həyata keçirilən bu siyasətin uğurlu bəhrəsinin hər bir vətəndaşın həyatında hiss olunması, hər bir şəhərdə, qəsəbə və kənddə müşahidə edilməsi isə onun səmərəliliyindən, dərin elmi əsaslara söykənməsindən xəbər verir.

Qeyd etdiyim kimi, dünyada maliyyə və iqtisadi böhran hələ səngiməyib. Bununla yanaşı, son aylarda dünyada neftin qiymətində baş verən dəyişikliklər bəzi ölkələrdə yeni iqtisadi böhranın baş qaldırmasına, maliyyə çatışmazlığına, milli valyutanın dəyərdən düşməsinə, qiymətlərin artımına səbəb olub. Təbii ki, bu kimi böhranlar həm də insanların sosial durumuna mənfi təsir göstərir. Bu iqtisadi sarsıntılar qonşuluğumuzda olan bir sıra ölkələrdə yaşansa da, Azərbaycan dövləti bu kimi risklərdən uzaqdır. Vaxtında qabaqlayıcı tədbirlərin görülməsi, düzgün iqtisadi siyasətin yeridilməsi Azərbaycanın iqtisadi böhrandan uğurla çıxmasını şərtləndirən əsas səbəblərdir. Ötən illərdə Azərbaycanda iqtisadi inkişafın kifayət qədər maliyyələşdirilməsi, neft gəlirlərini başlıca sosial-iqtisadi problemlərinin həllinə yönəltməklə yanaşı, ölkənin çox yüksək yığım səviyyəsi, yaradılan strateji valyuta ehtiyatları neftin qiymətindəki dəyişikliklərdən asılı olmayaraq inkişaf tempini saxlamağa imkan verir.

2014-cü il Azərbaycanda sənayenin inkişafında başlanan yeni mərhələ kimi də tarixə düşür. “Sənaye ili”ndə respublikamızda onlarla yeni sənaye müəssisəsinin istifadəyə verilməsi Azərbaycan sənayesinin həqiqətən yeni inkişaf mərhələsində olduğunu təsdiq edir. Tədbirlər planına əsasən il ərzində, ölkəmizin sənaye potensialının daha da gücləndirilməsi, istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılması, sənayedə kadr potensialının yaxşılaşdırılması, o cümlədən qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı mühüm işlər görülüb. Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərman ölkəmizdə sənayeləşmə istiqamətində mükəmməl və hərtərəfli dövlət siyasətinin həyata keçirilməsindən xəbər verir. Sənaye sahələrinin inkişaf etdirilməsində bir istiqamət də ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Çünki bu, nəticə etibarilə istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılmasına, kooperasiya əlaqələrinin gücləndirilməsinə, kiçikorta sahibkarlığın inkişaf etdirilməsinə mühüm təkan verəcək.

 

Uğurlarımız çoxşaxəlidir

 

2014-cü il iqtisadi uğurlarla yanaşı, elm sahəsində də mühüm yeniliklərlə əlamətdardır. Bu sırada xüsusilə Azərbaycan alimlərinin I qurultayının keçirilməsi ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət daşıyırdı. Qurultayın keçirilməsi Azərbaycanın elmi potensialını səfərbər etmək, ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı istiqamətində aparılan dövlət siyasətinə dəstək vermək, elm, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək zərurətindən irəli gəlirdi. Bu mənada alimlərin I qurultayı fundamental və tətbiqi tədqiqatların prioritetlərini ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək, Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmaq istiqamətində aparılan islahatlara dəstək vermək, onun dünya elminə inteqrasiyası ilə bağlı mövcud problemləri müzakirə edib həlli yollarını müəyyənləşdirmək kimi qarşıda duran mühüm vəzifələrin reallaşması işinə böyük töhfələr verəcək.

Hazırda Azərbaycan mötəbər bir tədbirə - I Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının ölkəmizin üzərinə qoyulması Azərbaycan üçün böyük önəm daşıyır. Əlbəttə, hazırkı mərhələdə qarşıda duran ən vacib vəzifə hazırlıq işlərinin vaxtında başa çatdırılması və yarışların ən yüksək səviyyədə keçirilməsidir. Bununla əlaqədar olaraq Bakıda yeni idman infrastrukturunun yaradılması istiqamətində işlər 2014-cü ildə də uğurla davam edib. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq işlərinin böyük qismini başa çatdırıb və Bakı şəhərində yeni idman infrastrukturunun yaradılması və mövcud idman qurğularının yenidən qurulması istiqamətində işlər yekun mərhələsindədir.

Azərbaycanın bugünkü yüksəlişi ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla və keyfiyyətcə yeni mərhələdə davam etdirilməsinin məntiqi nəticəsidir. Bu konsepsiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevirib, regionda liderlik mövqeyini təmin edib. 2014-cü ilin uğurlu nəticələri də Azərbaycanın öz yüksəliş yolunda qarşıya qoyulmuş hədəflərə doğru inamla addımladığını aydın göstərir.

 

Natiq CAVADOV,

“Sənayeavtomatika” İstehsalat Birliyinin baş direktoru, texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının akademiki

Azərbaycan.-2014.- 25 dekabr.- S.8.