“İrəli” İctimai Birliyinin təsis edilməsindən 6 il ötür

 

Beynəlxalq Muğam Mərkəzində “İrəli” İctimai Birliyinin loqosunun, yeni korporativ üslubunun və saytının təqdimatı olub

 

Gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə ictimai birliyin gördüyü işlərlə bağlı videoçarx nümayiş olundu.

Qeyd edildi ki, 2005-ci ildə ümumrespublika gənclər hərəkatı kimi yaranan təşkilatın məqsədi gənclərin maraqları çərçivəsində olan bütün sahələrdə fəaliyyət göstərmək və həmin gənclərin fərdi inkişafına töhfə verməkdən ibarətdir. Təşkilatın fəaliyyəti Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edir. Azərbaycanı beynəlxalq təbirlərdə uğurla təmsil edən təşkilat ölkə daxilində müxtəlif layihələr reallaşdırmaqla dövlət qurumları, qeyri-hökumət və gənclər təşkilatları ilə əməkdaşlıq edir. Birlik Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşPrezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasəti çərçivəsində ölkədə gənclərin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan təşkilatdır.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov səkkiz il əvvəl yaranmış qurumun gördüyü işlərdən danışdı. O, Azərbaycanda aparılan gənclər siyasətindən, ölkəmizin həqiqətlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların dünyaya çatdırılması istiqamətində təşkilatın gördüyü işlərdən bəhs etdi. M.Seyidov qurumun həyata keçirdiyi layihələrin regionları da əhatə etdiyini vurğuladı.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə sektorunun müdiri Vüsal Quliyev dedi ki, Azərbaycanda 300 gənclər təşkilatı fəaliyyət göstərir. “İrəli” İctimai Birliyi bu qurumlar arasında xüsusi yer tutur və fəal gənclər təşkilatıdır. Birliyin həyata keçirdiyi tədbirlər gənclərdə böyük maraq doğurur.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev və başqaları təşkilatın həyata keçirdiyi müxtəlif maarifləndirici layihələrin artıq bütün bölgələrimizi əhatə etməsinin əhəmiyyətini vurğuladılar. Onlar ölkəmizdə gənclərlə bağlı həyata keçirilən dövlət proqramlarından da danışdılar. Qeyd edildi ki, “İrəli”də potensiallı kreativ gənclər yığışıb. Birlik Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə aparılan gənclər siyasətini dəstəkləyir və bu siyasətin həyata keçirilməsində yaxından iştirak edir.

 

Məmməd AĞAYEV,

Azərbaycan.-2014.- 25 dekabr.- S.11.