2014-cü ildə Azərbaycan müstəqil,
güclü və dinamik inkişaf
edən ölkə
statusunu daha da möhkəmləndirib
Azərbaycan Respublikası Prezidenti
Administrasiyası ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun 2014-cü
ilin yekunları ilə bağlı AzərTAc-a müsahibəsi
- Əli müəllim, başa çatmaqda olan 2014-cü ili Azərbaycan üçün uğurlu il kimi qiymətləndirmək olarmı?
- Şübhəsiz. Hesab edirəm ki, 2014-cü il də Azərbaycanın müstəqillik tarixində uğur və nailiyyətlərlə zəngin növbəti il kimi öz layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu əvvəlki illərdə olduğu kimi, bu il də ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edib.
2014-cü ildə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu məqsədlə istehsal obyektlərinin və iş yerlərinin yaradılması, iqtisadi və sosial infrastrukturun qabaqcıl standartlara uyğun yenidən qurulması, regional inkişaf, şəhər, qəsəbə və kəndlərin simasının müasirləşdirilməsi prosesi davam etdirilib və artıq demək olar ki, yekun mərhələyə qədəm qoyub.
Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də sosial yönümlü siyasət həyata keçirilib, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, vətəndaşları narahat edən problemlərin həlli, onların istək və arzularının qarşılanması daim dövlətin diqqət mərkəzində olub, bu sahədə ardıcıl tədbirlər görülüb.
Başa çatmaqda olan bu il, eyni zamanda, enerji strategiyasının yeni konturlarının müəyyənləşdirilməsi və həyata keçirilməsi, həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun yüksəlməsi baxımından mühüm il olub.
Azərbaycan regionda və dünyada humanitar mərkəz statusunu daha da möhkəmləndirib, multikulturalizm ideyasının təşviqinə, dinlərarası və millətlərarası dialoqun inkişaf etdirilməsinə öz dəyərli töhfəsini verib. Təsadüfi deyil ki, bu gün Azərbaycan bütün dünyada milli və dini tolerantlıq məkanı kimi tanınır.
Azərbaycanın xarici siyasəti müəyyən olunmuş strategiya əsasında həyata keçirilib və dövlətin suveren hüquqlarının, milli maraqlarının təmin edilməsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə, habelə ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsinə yönəlib. Birmənalı demək olar ki, Azərbaycan öz müstəqil, balanslı siyasəti, beynəlxalq təşkilatlarda fəal iştirakı ilə seçilib, xarici aləmlə əməkdaşlıq əlaqələrini inkişaf etdirib və nüfuzunu artırıb.
Ümumilikdə, 2014-cü ildə Azərbaycan müstəqil, güclü və dinamik inkişaf edən ölkə statusunu daha da möhkəmləndirib.
- 2014-cü ildə ölkəmizin sosial-iqtisadi inkişafını necə qiymətləndirərdiniz və sizcə, bu sahədə hansı uğurları xüsusi qeyd etmək olar?
- Artıq 10 ildir ki, Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə dünyada lider ölkələr sırasındadır. Təqdirəlayiq haldır ki, bu dinamika 2014-cü ildə də qorunub saxlanıb, üstəlik bəzi istiqamətlərdə daha ciddi artım müşahidə olunub.
İlk növbədə qeyd edilməlidir ki, bu il Azərbaycanın dövlət büdcəsi təxminən 25 milyard dollar səviyyəsində olub və Cənubi Qafqazın ümumi büdcəsinin 76 faizini təşkil edib. Cari ilin 10 ayı ərzində ümumi daxili məhsul (ÜDM) istehsalı 2,8 faiz, qeyri-neft sektoru isə 6,6 faiz artıb. Son illər qeyri-neft sektorunda müşahidə olunan sürətli artım əyani şəkildə təsdiq edir ki, iqtisadi sahədə qarşıya qoyulmuş strateji vəzifələr tam həcmdə yerinə yetirilir. Ölkəmizin valyuta ehtiyatları 53 milyard dollar səviyyəsinədək yüksəlib. Bu gün Azərbaycanın xarici borclarının ÜDM-ə nisbəti cəmi 8,5 faiz səviyyəsindədir ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab edilir.
Azərbaycan Prezidenti dəfələrlə bəyan
edib ki, həyata keçirilən siyasətin, görülən
bütün işlərin başlıca məqsədi Azərbaycan
vətəndaşlarının layiqli həyat şəraitinin
təmin edilməsidir. Bu ilin ötən dövrü ərzində
işsizliyin səviyyəsi 5,2 faizə, yoxsulluq isə 5 faizə
düşüb ki, bu göstəricilərə görə Azərbaycan
dünyanın inkişaf etmiş bir çox ölkəsini
belə geridə qoyub. Statistikaya
əsasən, son 10 ayda əhalinin gəlirləri 4,7 faiz artaraq 33,6 milyard manat olub. Əhalinin hər
bir nəfərinə düşən gəlir 3,4
faiz çoxalaraq 3 600 manata, orta aylıq əməkhaqqı isə
5,5 faiz yüksələrək 450 manata çatıb.
İnflyasiya cəmi 1,5 faiz təşkil
etməklə əhalinin gəlirlərindən bir neçə
dəfə aşağı olub. Bu isə
bilavasitə göstərir ki, makroiqtisadi sabitliyin təmin
edilməsi istiqamətində görülən tədbirlər
çox yaxşı nəticə verir.
Bildiyiniz
kimi, 2014-cü il Azərbaycanda “Sənaye
ili” elan edilib. Bundan əsas məqsəd sənayenin modernləşdirilməsi
və qeyri-neft sənayesinin inkişaf etdirilməsi, o cümlədən
mövcud təbii və iqtisadi resursların təsərrüfat
dövriyyəsinə cəlb olunması, ənənəvi sənaye
sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin,
sənaye parklarının yaradılması, regionlarda sənaye
potensialının gücləndirilməsi, sənayenin
innovasiyalar əsasında inkişafının təmin edilməsidir.
Cari ildə sənaye potensialının gücləndirilməsi,
bu sahədə rəqabət qabiliyyətinin
artırılması, kadr potensialının inkişaf etdirilməsi,
müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi
ilə bağlı işlər həyata keçirilib, 200-dək,
o cümlədən 40-dan çox orta və iri sənaye
müəssisəsi açılıb. Ümumilikdə,
son 10 ildə sənaye istehsalı 2,7 dəfə
artıb.
Azərbaycanda mövcud olan əlverişli sərmayə
mühiti dinamik iqtisadi inkişafı şərtləndirən
əsas amillərdən biridir. Bu ilin 9 ayında ölkə
iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulub, nəticədə
yüzlərlə yeni istehsal obyekti yaradılıb, nəhəng
infrastruktur layihələri davam etdirilib, bir çox
mühüm layihələr isə başa
çatdırılıb. Onların arasında Heydər
Əliyev adına Beynəlxalq Hava Limanının yeni
aerovağzal kompleksini, Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı Kompleksinin bərə terminalını,
“Arpaçay-1” və “Arpaçay-2” su elektrik
stansiyalarını, Taxtakörpü və Şəmkirçay
su anbarları və digər bu kimi böyük obyektləri
xüsusi qeyd etmək olar. Həmçinin hazırda
Böyükşor gölünün və ətraf ərazilərin
ekoloji vəziyyətinin kompleks bərpası, “Ağ Şəhər”
və s. nəhəng layihələrin icrası davam etdirilir. Cari ildə Prezident İlham Əliyev
çoxsaylı istehsal, emal, təhsil, səhiyyə, mədəniyyət,
istirahət, yol-nəqliyyat və digər obyektlərin
açılışında iştirak edib.
Bütün bu layihələrin arasında illik
yükaşırma imkanı 25 milyon ton yük və bir milyon
konteyner olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı layihəsinin strateji əhəmiyyəti də
xüsusi qeyd olunmalıdır. Çünki Azərbaycan
hökumətinin qarşıya qoyduğu əsas vəzifələrdən
biri əlverişli coğrafi mövqeyə malik olan ölkəmizin
tranzit potensialının inkişaf etdirilməsidir. Hesab
edirəm ki, ötən ilin sentyabrında istifadəyə
verilmiş Gəmiqayırma zavodu, gələn il başa
çatdırılması nəzərdə tutulan
Bakı-Tbilisi-Qars dəmir yolu və Beynəlxalq Dəniz Ticarət
Limanı Asiya ilə Avropa arasında yükdaşıma sahəsində Azərbaycanın tranzit
imkanlarını tam realizə etməyə imkan yaradacaq.
Cari ildə
regionların, Bakı və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrası ilə əlaqədar tədbirlər davam etdirilib,
bölgələrdə yüzlərlə iqtisadi, sosial, mədəniyyət
və infrastruktur obyektləri istifadəyə verilib,
aparılan quruculuq və abadlıq işləri nəticəsində
şəhər və rayonların siması müasirləşib.
Qarşıdan gələn növbəti 2-3 il
ərzində bu proqramlar çərçivəsində
ölkə qarşısında duran əsas infrastruktur layihələrinin
başa çatdırılması nəzərdə tutulur.
Regionlarda 82 mini daimi olmaqla 100 mindən artıq yeni iş yeri
yaradılıb. Ümumilikdə, son 10 ildə açılan
iş yerlərinin sayı 1,3 milyona çatıb.
2014-cü ildə qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində
həyata keçirilən genişmiqyaslı tədbirlər
davam etdirilib.
Ağdam rayonu ərazisində 632 ailəlik, Hacıqabulda 101
ailəlik, həmçinin Gəncədə və Beyləqanda
yeni və müasir qəsəbələrin məskunlaşdırılması
prosesi yekunlaşıb. Ümumiyyətlə, 2001-2014-cü illər
ərzində bütün sosial-texniki infrastruktura malik 89
müasir qəsəbə salınıb, 220 min qaçqın
və məcburi köçkünün mənzil-məişət
şəraiti yaxşılaşdırılıb.
2014-cü ildə Azərbaycanda informasiya-kommunikasiya
texnologiyaları, kosmik sənaye uğurla inkişaf edib. Dekabrın əvvəlində
“Bakutel-2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisi
çərçivəsində “Azersky” müşahidə peyki “Azərkosmos”
ASC-yə təhvil verilib. Bu, artıq Azərbaycanın
orbitə çıxarılmış ikinci peykidir. “Azersky” peykinin müdafiə, təhlükəsizlik,
fövqəladə hallar, təbii ehtiyatların tədqiqi və
digər geniş tətbiq sahələri var.
Təsadüfi
deyil ki, “Standard & Poor's”,
“Fitch Ratings”, “Moody’s” kimi dünyanın aparıcı
beynəlxalq reytinq agentlikləri ölkəmizə verilən
investisiya səviyyəli kredit reytinqlərini bir daha təsdiqləyiblər.
Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində
Azərbaycan 144 ölkə arasında 38-ci yerə yüksəlib
və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri arasında
birinciliyi əldə saxlayır.
-
2014-cü ili həm də Azərbaycanın
enerji strategiyasının həyata keçirilməsi
baxımından uğurlu il adlandırmaq olarmı?
- Bu il sentyabrın 20-də 1994-cü ildə
imzalanmış “Əsrin müqaviləsi”nin 20 ili tamam oldu.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş Azərbaycanın milli inkişaf
strategiyasının mühüm tərkib hissəsi kimi
“Əsrin müqaviləsi” ilə başlanan enerji siyasəti
dövlət müstəqilliyinin təmin olunması, gələcək
inkişafın əsaslarının
formalaşdırılması baxımından müstəsna əhəmiyyətə
malikdir. İmzalanmış sazişlər həmin
dövrdə mürəkkəb ictimai-siyasi proseslərin cərəyan
etdiyi Azərbaycanda sabitliyin bərqərar edilməsi, cəmiyyətin
potensialının vahid məqsəd uğrunda səfərbər
olunması üçün ciddi zəmin yaratdı. Dünyanın aparıcı şirkətləri Xəzər
dənizinin Azərbaycan sektorundakı karbohidrogen
ehtiyatlarının istismarına cəlb edildi, neftin dünya
bazarlarına çıxarılması üçün
marşrutlar müəyyənləşdirildi və qısa
müddətdə Azərbaycanın inkişafını təmin
edəcək mühüm işlər görüldü.
Əminliklə demək olar ki, “Əsrin
müqaviləsi” müstəqil Azərbaycanın
bugünkü uğurlarının təməlində duran
qlobal miqyaslı iqtisadi və siyasi hadisə olub.
Əlamətdar
hadisədir ki, 2014-cü il sentyabrın 20-də “Əsrin
müqaviləsi”nin 20 illik yubileyində müxtəlif dövlət
və hökumət başçılarının, rəsmi
şəxslərin və nüfuzlu şirkət rəhbərlərinin
iştirakı ilə digər nəhəng transmilli layihənin - “Cənub”
qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Məlumdur ki, 2011-ci ildə Azərbaycan ilə Avropa
İttifaqı arasında strateji enerji əməkdaşlığına
dair memorandum imzalandı. Bundan sonra 2012-ci ildə
Türkiyə ilə Trans-Anadolu (TANAP) qaz layihəsinə dair
saziş bağlandı, 2013-cü ildə isə Trans-Adriatik
(TAP) layihəsi əsas ixrac marşrutu kimi müəyyən
edildi. Bütün bunlar 2013-cü il dekabrın 17-də “XXI əsrin
layihəsi” adlandırılan “Şahdəniz-2” layihəsinə
dair yekun investisiya qərarının qəbul edilməsinə
şərait yaratdı.
“Şahdəniz-2”
və “Cənub” qaz dəhlizi layihələri Azərbaycanın
neft strategiyasına yeni nəfəs verməklə
yanaşı, həm də dünyanın enerji xəritəsini
dəyişdirəcək və Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında yeni bir vəziyyətin yaranmasına səbəb
olacaq.
- Ekspertlər
dünyada neftin qiymətinin sürətlə
ucuzlaşmasının bəzi enerji resursları
hasilatçısı və ixracatçısı olan ölkələrin
iqtisadiyyatına mənfi təsir göstərəcəyini
proqnozlaşdırırlar. Bu vəziyyət Azərbaycan
iqtisadiyyatına necə təsir edəcək?
- Neftin
qiymətinin kəskin aşağı düşməsi və
bu tendensiyanın bir neçə ili əhatə
etməklə davamlı xarakter daşıması
iqtisadiyyatı tamamilə enerji amilindən asılı olan
ölkələrin iqtisadiyyatına çox ciddi mənfi təsir
göstərə bilər. Təbii ki, enerji
ixracatçısı kimi Azərbaycanın da bundan ziyan
çəkməsi istisna edilməməlidir. Çünki Azərbaycan iqtisadiyyatında enerji
amili hələ də böyük rol oynayır və neftin
qiymətinin ucuzlaşması əldə olunan milli gəlirin
səviyyəsinə təsir edir. Bununla
yanaşı, bir çox digər enerji ixracatçısı
olan ölkələrlə müqayisədə, Azərbaycanın
nəzərəçarpacaq üstünlükləri də
var ki, ölkə iqtisadiyyatını ciddi neqativ təsirdən
sığortalayır.
İlk növbədə qeyd edilməlidir ki, son 10 ildə
həyata keçirilən məqsədyönlü siyasət
nəticəsində Azərbaycan iqtisadiyyatı şaxələndirilib
və qeyri-neft sektorunun sürətli inkişafı təmin
edilib. Artıq bir neçə ildir ki, ÜDM
istehsalında qeyri-neft sektorunun çəkisi 50 faizdən
çoxdur və 2014-cü ildə bu nisbət 59 faizə
çatıb.
Digər tərəfdən, Azərbaycan kifayət qədər
böyük valyuta ehtiyatlarına malikdir və buna görə
də iqtisadiyyatda və büdcə təminatında hər
hansı fors-major vəziyyət yarana bilməz.
Təcrübə də göstərir ki, Azərbaycanın
unikal iqtisadi modeli ən mürəkkəb hallarda belə
makroiqtisadi sabitliyin və stabil iqtisadi artım templərinin
qorunub saxlanmasını təmin edir. 2008-ci ildə başlanmış və
bir neçə il davam edən
ümumdünya iqtisadi böhranı zamanı Azərbaycan
iqtisadiyyatında müşahidə olunan artım da bunu təsdiqləyir.
Yeri gəlmişkən, həmin dövrdə də
neftin qiyməti kəskin aşağı düşmüş
və bir barrelinə görə 30-40 dollar təşkil
etmişdi.
Əksər ekspertlərin rəyinə əsasən
hazırda neftin qiymətinin enməsi bir tərəfdən
dünyanın aparıcı ölkələrində iqtisadi
artım səviyyəsinin aşağı düşməsi və
enerjiyə olan tələbatın azalması ilə izah edilirsə,
digər tərəfdən də bu halın süni xarakter
daşıdığı və müəyyən siyasi məqsədlərə
hesablandığı vurğulanır. Onların qənaətinə
görə, bu proses davamlı xarakter daşıya bilməz və
bir müddət sonra neft bazarında qiymətlərin stabilləşməsi
müşahidə olunacaq.
Bütün bunları nəzərə alaraq birmənalı
şəkildə demək olar ki, hazırda dünya
iqtisadiyyatında və enerji bazarında müşahidə
olunan meyillər Azərbaycan iqtisadiyyatına, makroiqtisadi
sabitliyə, əhalinin sosial durumuna mənfi təsir göstərməyəcək. Əksinə,
Azərbaycan hökuməti qarşıdan gələn
dövrdə də iqtisadi artımın təmin edilməsi
üçün müvafiq tədbirlər görmək əzmindədir.
- Başa
çatmaqda olan ildə ölkəmiz xarici siyasət sahəsində
hansı uğurlara nail oldu?
- Azərbaycan
dövləti ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə çoxşaxəli, balanslaşdırılmış
xarici siyasət kursu həyata keçirərək beynəlxalq
aləmə uğurla inteqrasiya olunub, region və dünya
ölkələri ilə səmimi, qarşılıqlı
hörmətə və əməkdaşlığa əsaslanan
çoxtərəfli və ikitərəfli əlaqələr
qurub. Həmin dövrdə əsası qoyulmuş təməl
üzərində yaradılan bugünkü böyük
iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyətin
həyatının bütün sahələrinin dinamik
inkişafı, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin
uğurla həll edilməsi bu gün Azərbaycana imkan verir
ki, tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət
yürütsün. Prezident İlham Əliyevin həyata
keçirdiyi xarici siyasətin məntiqi nəticəsidir ki,
dünyada Azərbaycanın tərəfdaşlarının,
bizə dost ölkələrin sayı getdikcə artır. Azərbaycan regionun aparıcı ölkəsi olmaqla
yanaşı, dünyada sözü eşidilən, mövqeyi
nəzərə alınan güc amilinə çevrilir, qlobal
məsələlərin həllinə cəlb olunur. Bu mənada Azərbaycan 2014-cü ildə də beynəlxalq
aləmdə öz mövqelərini əhəmiyyətli dərəcədə
gücləndirib, üzv və tərəfdaş olduğu
beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə
əməkdaşlıq əlaqələrini dərinləşdirib.
Bu ilin may
ayından başlayaraq Azərbaycan Avropa Şurası Nazirlər
Komitəsinə sədrlik edib. Azərbaycan bu
müddətdə korrupsiya ilə mübarizəni öz fəaliyyətinin
prioritet istiqaməti seçib, demokratiya, təhlükəsizlik,
dinlərarası dialoq məsələlərinə geniş
diqqət ayırıb, bir sıra səmərəli təşəbbüslərlə
çıxış edib. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçinin
təyin olunması, Azərbaycanın haqq səsinin Avropa
ictimaiyyətinə çatdırılması, Avropada rolunun,
nüfuzunun artması və digər məsələlər
ölkəmizin 6 ay müddətində bu nüfuzlu qurumun ali
orqanına rəhbərliyi dövründə əldə
etdiyi uğurlardır.
Bu ilin iyununda Bakıda 300-dən artıq deputatın
iştirakı ilə ATƏT Parlament Assambleyasının
sessiyası keçirilib. Sessiyada qəbul
olunmuş Bakı Bəyannaməsində ölkələrin sərhədlərinin
toxunulmazlığı, ərazi bütövlüyü
prinsipi bir daha vurğulanıb.
Qeyd edilməlidir
ki, son illər Azərbaycan tam müstəqil siyasət
yürüdən dövlət kimi beynəlxalq aləmdə
böyük nüfuz və hörmət qazanıb. 2011-2012-ci
illərdə ölkəmizin BMT Təhlükəsizlik
Şurasında təmsil olunması və ümumilikdə iki
ay müddətində həmin ali quruma sədrlik
etməsi, bu il isə Avropa Şurası Nazirlər Komitəsinə
rəhbərlik etməsi bu nüfuzun əyani göstəriciləridir.
Təsadüfi deyil ki, Azərbaycan 2015-ci ildə
Türkiyədə keçiriləcək “Böyük 20-lik”
(G20) ölkələrinin toplantısına dəvət
alıb.
Eyni
zamanda, müstəqil siyasət Azərbaycana imkan verir ki,
öz milli maraqlarını daha effektiv müdafiə etsin,
müxtəlif xarici qüvvələrin ölkənin daxili
işlərinə qarışmaq, öz iradəsini diktə
etmək cəhdlərinə tutarlı və layiqli cavab versin.
- Əli müəllim, bu kontekstdə ayrı-ayrı
dövlətlərin, xarici təşkilatların Azərbaycanda
insan hüquq və azadlıqlarının vəziyyəti ilə
bağlı iddialarını necə qiymətləndirmək
olar?
- AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev
dəfələrlə bəyan edib ki, biz beynəlxalq təşkilatlarla
və dünya ölkələri ilə münasibətlərimizi
qarşılıqlı hörmət, etimad, səmərəli
əməkdaşlıq prinsipləri üzərində qururuq
və xarici siyasətimizdə bu prinsiplərin yerinə
yetirilməsinə çalışırıq. Bir-birinin
daxili işlərinə müdaxilə etməmək
ayrı-ayrı ölkələrlə əməkdaşlığımızın
başlıca şərtləri sırasına daxildir.
Azərbaycan qanunun aliliyinin təmin olunduğu, hüquqi
və demokratik ölkədir. Azərbaycanda hər kəsin
fikir, söz və məlumat azadlığı təmin edilib,
vətəndaş cəmiyyəti institutlarının,
müstəqil medianın fəaliyyəti üçün zəruri
şərait yaradılıb. Hazırda Azərbaycanda
yüzlərlə QHT, media orqanı heç bir maneə
olmadan, tam sərbəst şəkildə fəaliyyət
göstərir.
Azərbaycan
hökumətinin əsas tələbi ondan ibarətdir ki,
inkişaf etmiş Avropa ölkələrində olduğu
kimi, Azərbaycanda da QHT-lərin və medianın fəaliyyətində
demokratik azadlıqlardan sui-istifadə hallarına yol verilməsin
və bu sahədə qanunların aliliyi təmin olunsun. Nə Azərbaycan qanunlarında, nə də beynəlxalq
qanunvericilikdə konkret cinayət əməli törətmiş
hər hansı peşə sahibi ilə bağlı xüsusi
imtiyaz nəzərdə tutulmayıb. Hər
bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da məhkəmələr
qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin,
fərdlərin iddialarını, arzu və istəklərini
deyil, qanunun aliliyini əsas götürürlər.
Buna
görə də hesab edirik ki, son zamanlar ABŞ və Avropa
İttifaqının müəyyən dairələrinin, bəzi
beynəlxalq təşkilatların Azərbaycana qarşı
yürütdüyü qərəzli, ikili standartlar siyasəti
artıq bütün etik çərçivəni
aşıb və tərəfdaşlıq münasibətlərinə
sığmayan, qarşılıqlı əməkdaşlıq
prinsipinin ruhuna zidd, dözülməz hal alıb. Bəzi ölkələrin rəsmi şəxsləri,
bir sıra media orqanları və vətəndaş cəmiyyəti
institutları sanki mikroskop altında Azərbaycanda problemlər
axtarır, öz fəaliyyətlərini büsbütün
ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil
etməyə yönəldirlər. Halbuki, həmin
ölkələrin özlərində insan hüquq və
azadlıqlarının kobud şəkildə pozulması, dini
və irqi ayrı-seçkilik və digər məsələlərlə
bağlı ciddi problemlər var. Məsələn,
ABŞ-ın Ferqyuson şəhərində qaradərili gəncin
polis tərəfindən qətlə yetirilməsindən sonra
başlanan gərginlik özünü “demokratiyanın
beşiyi” kimi qələmə verən bu ölkədə
insan haqları sahəsində çox ciddi
çatışmazlıqların olduğunu üzə
çıxardı. Dinc etiraz aksiyalarının zor tətbiq
etməklə dağıdılması, peşə borcunu yerinə
yetirən jurnalistlərin döyülməsi və həbsi,
hüquq müdafiəçilərinin təzyiqlərə məruz
qalması və digər bu kimi hallar ABŞ-da insan
hüquqlarına necə “hörmətlə”
yanaşıldığını əyani şəkildə
göstərdi. Analoji hallar həm də
Avropanın bir çox inkişaf etmiş ölkələrində
özünü büruzə verir. Ksenofobiya,
dini və irqi ayrı-seçkilik, islamofobiya bir çox Avropa
ölkəsi üçün səciyyəvi hallardır.
Buna görə də hesab edirik ki, öz ölkələrində
ciddi problemləri “görməyənlər”in Azərbaycana
barmaq uzatmağa və yeri gəldi-gəlmədi bizi tənqid
etməyə haqları yoxdur.
Biz üzv olduğumuz beynəlxalq təşkilatların
haqlı iradlarını həmişə nəzərə
alırıq, göstərilən nöqsanları aradan
qaldırmağa çalışırıq. Harada tənqidlər
qərəzli xarakter daşıyır və Azərbaycanın
maraqlarına zərbə vurmaq məqsədi güdürsə,
həmin tənqidlərin qəbulolunmazlığı
açıq şəkildə ifadə edilir. Azərbaycan heç bir halda özünün
dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq
təşkilatların və ya ölkələrin istək və
arzularına qurban vermək niyyətində deyil. Onlar anlamalıdırlar ki, Azərbaycan müstəqil
dövlətdir, öz siyasətini xalqın iradəsinə,
milli maraqlara uyğun şəkildə həyata keçirir və
bundan sonra da bütün təzyiq və təhdid cəhdləri,
qeyri-diplomatik ritorika heç bir nəticə verməyəcək
və bütün əsassız iddialar adekvat şəkildə
cavablandırılacaq.
-
2014-cü ili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli baxımından necə qiymətləndirirsiniz?
Bu il bir tərəfdən yüksək səviyyədə
danışıqlar prosesi davam etdirildi, digər tərəfdən
isə qoşunların təmas xəttində vəziyyətin
gərginləşməsi müşahidə olundu.
- Təəssüf
ki, 2014-cü ildə də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı konkret irəliləyiş müşahidə
olunmadı. Bunun da başlıca səbəbi
odur ki, Ermənistan rəhbərliyi öz ənənəsinə
uyğun şəkildə qeyri-konstruktiv mövqeyini davam etdirərək
bütün səylərini mövcud status-kvonu qoruyub
saxlamağa yönəldir. Hesab edirəm
ki, Ermənistan rəhbərliyi qoşunların təmas xəttində
təxribatlar təşkil etməklə beynəlxalq ictimaiyyətin
diqqətini məsələnin mahiyyətindən
yayındırmağa və onu münaqişənin müxtəlif
neqativ təzahürləri üzərində
fokuslaşdırmağa cəhd göstərir.
Avqust ayında erməni təxribatçı
qrupların basqın cəhdləri qabaqcadan
planlaşdırılmış aksiya olsa da, onlar
qarşılarına qoyduqları məqsədə nail
olmamış və ciddi itkilər verərək geri çəkilmişlər. Şübhəsiz,
Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı
qondarma rejim daxildə ictimai narazılığın
artacağını və cəmiyyətin ciddi təzyiqlərinə
məruz qalacaqlarını bildiklərindən, öz itkilərinin
miqyası barədə obyektiv informasiya verməkdən çəkindilər.
Bununla yanaşı, erməni
işğalçıları bir daha Azərbaycan Silahlı
Qüvvələrinin gücünü və yüksək
döyüş qabiliyyətini gördülər və əmin
oldular ki, onların qarşısında peşəkar, ən
müasir silahlarla təchiz olunmuş döyüşkən
nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri
regionun ən güclü ordusudur və qarşısına
qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir.
Məlumdur
ki, məhz bu gərginlikdən sonra avqustun 9-10-da Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü
ilə Soçi şəhərində Azərbaycan və Ermənistan
prezidentlərinin növbəti görüşü
keçirildi. Doqquz aydan sonra ölkə rəhbərləri
səviyyəsində birbaşa təmasların bərpa
olunması, habelə digər formatlarda keçirilən
görüşlər Ermənistan-Azərbaycan,
Dağlıq-Qarabağ münaqişəsinin nizamlanma prosesinə
öz müsbət təsirini göstərəcəyi ilə
bağlı ümidləri artırdı. Bundan
başqa, oktyabrın 27-də Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü
ilə Azərbaycan və Ermənistan prezidentləri növbəti
dəfə görüşdülər. Cənab
Olland da hazırkı status-kvonun qəbuledilməz olduğunu
qeyd etməklə tərəfləri böyük sülh
sazişinə dəvət etdi.
Ancaq
danışıqlardan dərhal sonra Ermənistan silahlı
qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində,
qoşunların təmas xəttinin yaxınlığında
hərbi təlimlərə başlaması, bu təlimlərə
40 mindən artıq hərbçinin, ağır texnikanın
cəlb edilməsi bir daha əyani şəkildə göstərdi
ki, Ermənistan rəhbərliyi danışıqlar prosesinin
konstruktiv məcrada davam etdirilməsində maraqlı deyil və
sülhə aparan istənilən addımı, təşəbbüsü
əngəlləmək niyyətindədir. Üstəlik,
təlimlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin
bölmələrini təxribata çəkmək cəhdləri
də müşahidə olundu ki, bu da Ermənistan ordusuna məxsus
hərbi vertolyotun vurulması ilə nəticələndi.
Bütün bunları nəzərə alaraq, birmənalı
şəkildə demək olar ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin indiyə kimi həll
olunmamasının başlıca səbəblərindən
biri də beynəlxalq birlik tərəfindən
işğalçı Ermənistana qarşı ciddi
sanksiyaların tətbiq edilməməsidir. Bu gün Ukrayna hadisələri
fonunda bu ölkənin separatçı bölgələrinə,
Krıma və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, ilk
növbədə, 1992-ci ildən BMT-nin qəbul etdiyi dörd
qətnamənin icrasını qulaqardına vuran
işğalçı Ermənistana və separatçı
Dağlıq Qarabağ rejiminə şamil edilməli idi. Ermənistana qarşı təzyiqlər və
sanksiyalar həm də bütün regionda təhlükəsizliyin
təmin olunması üçün vacibdir. Üstəlik, dünyada analoji halların təhlili
təsdiq edir ki, təcavüzkarı dayandırmağın ən
effektli yolu ona qarşı təsirli praktiki tədbirlərin
görülməsindən keçir. Beynəlxalq aləm,
ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər, BMT Təhlükəsizlik
Şurası başda olmaqla bütün aparıcı beynəlxalq
təşkilatlar mövcud vəziyyətə diqqəti
artırmalı və regionda qarşıdurmanın yenidən
alovlanmaması üçün Ermənistanı destruktiv fəaliyyətdən
çəkindirəcək real tədbirlər görməlidirlər.
- Həmin
insidentlər, eyni zamanda, Azərbaycanda informasiya təhlükəsizliyinin
təmin edilməsi məsələsini
aktuallaşdırdı və Azərbaycan Prezidenti müvafiq Sərəncam
da imzaladı. Bu sahədə görülən
işlərlə bağlı nə deyə bilərsiniz?
- Hesab
edirəm ki, Azərbaycan ictimaiyyəti Ermənistanın vəziyyəti
gərginləşdirmək cəhdlərinə birmənalı
olaraq düzgün yanaşma nümayiş etdirdi. Bu da cəmiyyətimizdə həmrəyliyin,
müxtəlif xarici təzyiq, təhdid və təxribatlara
qarşı vahid mövqeyin olduğunu göstərdi. Bir daha sübut olundu ki, heç bir problem Azərbaycanda
mövcud milli birliyi sarsıtmaq gücündə deyil.
Eyni zamanda, etiraf olunmalıdır ki, avqustda
qoşunların təmas xəttində yaranmış gərginliklə
bağlı bir çox internet media resursları qeyri-adekvat,
anlaşılmaz mövqe tutdular. Məhz bu resurslar
yanlış, qeyri-obyektiv informasiyaların mənbəyinə
çevrildilər, bəzi hallarda isə bilərəkdən
və ya bilməyərəkdən erməni mediasının təxribat
xarakterli məlumatlarını Azərbaycan ictimai rəyinə
daşıyaraq cəmiyyətdə çaşqınlıq,
ruh düşkünlüyü yaratmağa xidmət etdilər.
Bununla yanaşı, bəzi siyasi qruplar, onların nəzarətində
olan azsaylı QHT-lər və media öz ənənələrinə
sadiq qalaraq, antimilli mövqe tutdular, erməni təbliğatının
ruporu qismində çıxış etdilər, əsas hədəf
kimi düşmən ölkəni deyil, Azərbaycan hakimiyyətini
seçdilər.
Mövcud vəziyyət cəmiyyətin informasiya təhlükəsizliyi
məsələsini bir daha aktuallaşdırdı və bu sahədə
təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini
zəruri etdi.
Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi
ilə dövlət orqanlarının mətbuat xidmətlərinin
və kütləvi informasiya vasitələri rəhbərlərinin
müşavirəsi keçirildi. Həmin
tədbirdə informasiya təhlükəsizliyi ilə
bağlı hazırkı durum hərtərəfli təhlil
edildi, mövcud problemlər və onlardan
çıxış yolları göstərildi.
Sentyabrın
24-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Ermənistan Respublikası Silahlı Qüvvələri ilə
təmas xəttində bəzi təhlükəsizlik tədbirləri
haqqında” Sərəncam imzaladı və cəmiyyətin
informasiya təhlükəsizliyinin təmin olunması ilə
bağlı qarşıda duran vəzifələr, həyata
keçiriləcək tədbirlər müəyyənləşdirildi.
Sərəncamdan dərhal sonra müvafiq dövlət
orqanları tədbirlər planı hazırlayaraq həyata
keçirməyə başlayıblar. Lazımi
vəsaitlər və təlimatlar hazırlanır, maarifləndirmə
işləri və müzakirələr aparılır. Hesab edirik ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamında
qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi
nəticəsində informasiya təhlükəsizliyi sahəsində
mövcud çatışmazlıqlar aradan qaldırılacaq.
- Əli
müəllim, 2014-cü il Azərbaycan cəmiyyəti
və ölkəmizin ictimai-siyasi həyatında daha hansı əlamətdar
hadisələrlə yadda qaldı?
- Cəmiyyət
həyatında mühüm hadisələrdən biri kimi bu il keçirilmiş bələdiyyə
seçkilərini göstərmək olar. Seçkilər
demokratik, şəffaf, beynəlxalq standartlara uyğun,
seçicilərin fəallığı şəraitində
baş tutdu. Səsvermə günü
seçki məntəqələrində proseslərin əvvəldən
axıradək izlənilməsi məqsədilə respublika ərazisini
tam əhatə etməklə, 1000 seçki məntəqəsində
veb-kameralar quraşdırılmışdı. Seçki prosesinin müxtəlif mərhələlərinin
qanunauyğun şəkildə keçirilməsi
üçün zəruri şərait təmin edilmişdi.
Seçkilərdə 8 siyasi partiya iştirak
etmiş, üzvləri seçkilərdə iştirak edən
siyasi partiyaların sayı isə 30 olmuşdur.
Ümumilikdə ölkə üzrə 1607 bələdiyyədə
15035 yerə 37077 nəfər namizədliyini irəli
sürmüşdür ki, bu da həm əhali arasında bələdiyyələrə
böyük maraq olduğunun, həm də rəqabətin
yüksək olduğunun göstəricisidir. İlkin məlumata
görə, seçici fəallığının 38,9 faiz olması da deyilənləri təsdiq
edir.
Yerli və xarici müşahidəçilər
seçki komissiyalarının fəaliyyətini, səsvermə
prosesini, səslərin hesablanmasını müsbət qiymətləndirib
və seçkilərin nəticələrinə təsir
göstərə biləcək qanun pozuntularının
müşahidə olunmadığını bəyan ediblər. Keçirilmiş
exit-poll da seçkilərin nəticəsi ilə
üst-üstə düşüb.
Bu il
noyabrın 1-2-də müxtəlif ölkələri təmsil
edən nüfuzlu dövlət xadimlərinin, dünya elminin
parlaq simalarının, tanınmış şəxslərin
iştirakı ilə keçirilmiş IV Bakı Beynəlxalq
Humanitar Forumu həm regionda, həm də dünyada
böyük maraqla qarşılanıb. Bu da bir
daha təsdiq edir ki, Azərbaycan artıq dövrün aktual məsələlərinin
müzakirə edildiyi ümumdünya səviyyəli humanitar mərkəz
kimi qəbul olunur.
İl ərzində
keçirilmiş XXI Azərbaycan Beynəlxalq Telekommunikasiya və
İnformasiya Texnologiyaları Sərgi və Konfransı , XIV
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi,
XIV Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi,
XXII Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, I Azərbaycan
Beynəlxalq müdafiə sənayesi (“ADEX-2014”) sərgisi və
dünyanın aparıcı şirkətlərinin
iştirakı ilə keçirilmiş digər
çoxsaylı tədbirlər həm müxtəlif sahələrdə
Azərbaycanın zəngin potensialını nümayiş
etdirməyə şərait yaradıb, həm də ölkəmizə
böyük marağın olduğunu bir daha göstərib.
I Avropa Oyunlarına hazırlıq uğurla həyata keçirilir, Bakıda yeni, müasir idman arenaları tikilib istifadəyə verilir. Tədbirlə bağlı Azərbaycana gələcək idmançıların, turistlərin yerləşdirilməsi üçün müvafiq işlər görülür, təhlükəsizlik, nəqliyyat və digər vacib məsələlər kompleks şəkildə həll edilir. Əminliklə demək olar ki, I Avropa Oyunları müstəqil Azərbaycanın tarixində ən mühüm hadisələrdən biri olacaq və ölkəmizi dünyaya dinamik inkişaf edən, müasir dövlət kimi təqdim edəcək.
2014-cü ildə diqqətəlayiq hadisələrdən biri kimi Azərbaycanda iqtidar-müxalifət dialoqunun bərpa edilməsi və siyasi partiyaların rəhbərləri ilə görüşün keçirilməsi qeyd olunmalıdır. Bundan əvvəlki dövrdə vətəndaş cəmiyyəti institutları və media rəhbərləri ilə də görüşlər keçirilib, irəli sürülən təkliflər öyrənilib, ümumiləşdirilmiş və həlli mümkün olan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb. Azərbaycan hakimiyyəti siyasi opponentləri, qeyri-hökumət təşkilatları və media ilə konstruktiv dialoqa həmişə açıq olub və bundan sonra da bu siyasət davam etdiriləcək.
Hesab edirəm ki, 2014-cü ilin yekunları
qarşıdan gələn 2015-ci ilə nikbinliklə
baxmağa tam əsas yaradır. Azərbaycan iqtidarı
xalqın dəstəyinə arxalanaraq gələcəkdə
də üzərinə düşən vəzifələri ən
yüksək səviyyədə həll etməyə, Azərbaycanı
yeni, möhtəşəm
uğurlara doğru aparmağa hazırdır.
Azərbaycan.-2014.- 26 dekabr.- S.4-6.