Emal sənayesi daxili
bazarı geniş çeşidli
məhsullarla təmin edir
Dünyanın meqoiqtisadi göstəricilərini nəzərdən keçirəndə son illər bir sıra ölkələr üçün hələ də davam edən iqtisadi böhranların, dünyanı dramatik gərginlikdə saxlayan lokal münaqişələrin, “rəngli” inqilabların bir sıra dövlətlərin iqtisadiyyatını çökdürdüyünü görürük. Qlobal iqtisadi böhranların məngənəsində boğulan ölkələrdə maaşlar aşağı düşür, iş yerləri ixtisar edilir, müəssisə və zavodlar bağlanmaq məcburiyyəti qarşısında qalır. Bu hal yalnız inkişaf etməkdə olan dövlətlərdə yox, hətta inkişaf etmiş ölkələrdə belə, adi hala çevrilmişdir.
Ölkəmizdəki siyasi sabitlik iqtisadi inkişafın qarantı kimi çıxış edir desək, yanılmarıq. Digər tərəfdən, həm 2014-cü ilin 11 ayının, həm də ondan əvvəlki illərin statistik rəqəmlərini nəzərdən keçirəndə Azərbaycanın inam və arxayınlıqla ciddi uğurlara imza atdığını müşahidə etmək mümkündür. Nə qlobal böhranlar, nə də ki, münaqişələr, “rəngli” inqilabların dalğası Azərbaycanı silkələyə bildi. Balanslı xarici siyasət, daim ölkəmizin maraqlarının qorunması, daxili iqtisadi siyasətin intibaha, islahatlara köklənməsi bütünlükdə öz müsbət nəticəsini verdi. Ölkəmiz dünyanı silkələyən qlobal problemləri arxada qoyaraq bir çox sahələrdə liderliyi ələ aldı və öz tarixində görünməmiş uğurlara imza atdı.
Bu uğurların sırasında emal sənayesinin inkişafı daha çox diqqət çəkən sahələrdən biridir. Dövlət Statistika Komitəsinin cari ilin 11 ayının göstəricilərində bütünlükdə sənayenin inkişafı aydın görünür. 2014-cü ilin yanvar-noyabr aylarında bu sahədə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 29,8 milyard manat təşkil etmişdir. Sənayenin qeyri-neft bölməsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faizlik artım qeydə alınmışdır. Sənaye məhsulunun 23,4 faizi emal bölməsində istehsal olunmuşdur. Emal sənayesində özəl sektor əvvəlki illərlə müqayisədə daha yüksək fəallıq nümayiş etdirir. Belə ki, sözügedən dövr özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,1 faizini təşkil etmişdir. Bütünlükdə isə 11 ayda emal bölməsinin müəssisələri və fərdi sahibkarlar (ev təsərrüfatlarının da fərdi istehsalı nəzərə alınmaqla) tərəfindən 7 milyard manat dəyərində və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz çox məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. O cümlədən təxminən 2,3 milyard manatlıq qida məhsulları, 191 milyon manatlıqdan artıq içki, 22,2 milyon manatlıq tütün məmulatları, 42 milyon manatlıqdan çox toxuculuq məhsulları, 29 milyon manatlıqdan artıq geyim, 16,4 milyon manatlıq dəri və dəri məmulatları, ayaqqabı, 22,5 milyon manatlıq kağız və karton, 36,7 milyon manatlıq rezin və plastmas istehsal edilmişdir. Artıq yeni texnologiyaların istehsalı da nəzərəçarpacaq dərəcədə artmışdır. Belə ki, bu ilin 11 ayı ərzində 54,9 milyon manatlıq kompüter və digər elektron avadanlıqları istehsal edilmişdir. Bundan başqa, hesabat dövründə 98,6 milyon manatlıq hazır metal məmulatları, 417,4 milyon manatlıq tikinti materialları, 277,6 milyon manatlıq metallurgiya məhsulları, 155,9 milyon manatlıq elektrik avadanlıqları, 283,6 milyon manatlıq maşın və avadanlıqlar, 29,9 milyon manatlıq mebel istehsal edilmişdir.
Bu dövr qida, içki və tütün məmulatları istehsalı müəssisələri tərəfindən 2,5 milyard manatdan artıq məhsul istehsal edilmiş, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 0,9, içki istehsalında 9,1, tütün məmulatlarının istehsalında 1,8 faiz artım əldə edilmişdir. Toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı müəssisələri tərəfindən 87,8 milyon manat həcmində məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə geyim istehsalında 65, toxuculuq sənayesində 6,7 faiz artım müşahidə olunmuşdur.
Göründüyü kimi, emal sənayesinin bütün istiqamətlərdə dinamik inkişafı müşahidə olunur, bazara çıxarılan mal və məhsulların həm siyahısı genişlənir, həm də həcmi əvvəlki illərə nisbətən artır. Bunun səbəblərini aydınlaşdırmaq üçün son 3 il ərzində ölkənin paytaxtında və bölgələrdə istifadəyə verilən yeni istehsal sahələrinin qısa xronologiyasını nəzərdən keçirmək kifayətdir.
2011-ci ildə Abşeronda mebel fabriki və AzMDF zavodu, Samuxda Meyvə qurudulması və emalı müəssisəsi, Ağcabədidə “Atena” süd istehsalı və emalı kombinatı, süd emalı zavodu, Qəbələdə limonad, Şəkidə şərab, Oğuzda qarğıdalı emalı, Xaçmazda Kondensator zavodları istifadəyə verilmişdir.
2012-ci ildə Bakıda Metal konstruksiyalar zavodu, Bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Bərk məişət tullantılarının yandırılması zavodu, Sumqayıtda “Azgüntex” zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzi, Füzuli rayonunda “Qarabağ broyler” fabriki, su elektrik stansiyası, İmişlidə “Araz” Damazlıq quşçuluq fabriki, Qazaxda Konserv zavodu yeni yaradılan müəssisələrin sırasına qoşuldu.
2013-cü ildə Bakıda Gəmi təmiri istehsalat bazası, Gəmiqayırma və çörək zavodları, Qaz turbinli istilik elektrik stansiyası, Şərurda “Arpaçay” su elektrik stansiyası, Sumqayıtda “Gilan” tekstil parkı, Polad boru zavodu, “Sağlam qida” Aqrar Sənaye Kompleksi, Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası, Abşeron rayonunda Birdəfəlik plastik qablar və priforminqlər istehsalı və “Milla” süd məhsulları və dondurma istehsalı zavodları, Ağcabədi rayonunda “Aqat-Aqro” heyvandarlıq kompleksi, Gədəbəydə Qızıl emalı zavodu, Qazax rayonunda Sement zavodu, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Aqrar-sənaye kompleksi və Hacıqabul rayonunda Seramik plitələr istehsalı zavodunun yaradılması ölkədə emal sənayesinin inkişafına ciddi təkan verdi.
Hər il açılan zavod və fabriklərin sayının mütəmadi artması, həmçinin əksər bölgələrdə yaradılan geniş turizm mərkəzləri, yeni müalicə-istirahət zonaları, yolların təmiri, körpülərin salınması ölkənin simasını bütünlükdə dəyişməklə yanaşı, emal sənayesində də yeniliklərə zəmin yaratdı.
Cari ildə Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Suraxanı Günəş Elektrik Stansiyası, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su anbarı və sutəmizləyici qurğular kompleksi, Sumqayıtda Azərbaycan kağız və karton istehsalı kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncədə Metaltökmə və fasiləsiz yayma zavodu, Ağdaşda Yem və meyvə emalı zavodları, Füzuli rayonundaTikiş fabriki, İsmayıllı, Lənkəran və Şəmkirdə çörək istehsalı zavodlarının istifadəyə verilməsi onu deməyə imkan verir ki, Azərbaycan emal sənayesi sahəsində geniş çeşidli məhsullarla özünü təmin etmək gücündə olmaqla yanaşı, xarici bazara rəqabətə davamlı məhsul çıxarmaq gücündədir.
Belə uğurlu iqtisadi siyasət insanların güzəranına da müsbət təsir edir. Əgər ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı 2005-ci ildə 123,6, 2010-cu ildə 331,5 manat olmuşsa, 2013-cü ildə bu rəqəm 425,1, bu ilin 11 ayında isə 485,4 manata çatmışdır. Maaşların belə artımı bir neçə amillə bağlıdır. Ən vacibi odur ki, ölkədə yeni yaranan sahibkarlar təbəqəsi müasir tələblərə uyğun iş qurmağa çalışırlar. Eyni zamanda, ölkənin təhsil sistemindəki islahatlar, vacib sahələr üzrə mütəxəssislərin xaricdə hazırlanması da işəgötürənləri daha yüksək maaş vəd etməyə sövq edir. Məsələn, emal sənayesində 2000-ci ildə 60 manata yaxın əməkhaqqı alan işçinin maaşı 2013-cü ildə 421 manatdan çox olub. Mədənçıxarma sənayesində bu rəqəm 2000-ci ildən bu günədək 162,9 manatdan 1717,3 manatadək yüksəlib. Ölkəmizdə yeni yaranan istehsal sahələrində, zavod və fabriklərdə sahibkarlığın inkişafı yalnız istehsal olunan malların artan çeşidi ilə yox, həm də işçilərin yüksələn həyat şəraiti və artan gəlirləri ilə müşahidə olunur.
Burada kəndli əməyinin də yeni dəyərə minməsini qeyd etmək lazımdır. 10 il əvvəl bağda işləmək üçün cəlb edilən fəhlələr, sözün əsl mənasında, bir qarın çörəyə də razı olurdularsa, indi bağ sahibi ilə sövdələşir, işinin dəyəri aşağı hədlə ödəniləndə imtina edir və onu qane edən sahibkarı nə axtarmağa, nə də gözləməyə vaxt sərf edir. Bölgələrdə açılan zavod və fabriklər, yeni istirahət mərkəzləri, saysız-hesabsız turizm obyektləri, yeni salınan min hektarlarla bağ sahələrində təcrübəsi və bacarığı olan hər bir kəsi yüksək maaş, yaxşı qazanc gözləyir.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2014.- 26 dekabr.- S.9.