AVİF qalibləri mükafatlandırdı

 

Velosiped idmanı gənc rəssamların gözü ilə” mövzusunda rəsm, heykəl və dekorativ sənət əsərləri üzrə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqə Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) tərəfindən Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı ilə birlikdə velosiped idmanının inkişafına töhfə vermək məqsədilə keçirilib.

İki ay öncə start verilən müsabiqəyə ümumilikdə 200-ə yaxın yaradıcı insan öz əsərini təqdim edib ki, onların da içərisində paytaxt sakinləri ilə yanaşı, müxtəlif regionların təmsilçiləri də var idi. Ən yaxşı sənət əsərlərini isə xalq rəssamı Ağəli İbrahimovun başçılıq etdiyi münsiflər heyəti müəyyənləşdirib.

Qaliblərin adı “Park Bulvar” AVM-də təşkil edilən sərginin açılış mərasimində elan olunub. İdman ictimaiyyətinin nümayəndələrinin, veteran və gənc velosipedçilərin, həmçinin bədii yaradıcılığa həvəsi olan insanların iştirak etdikləri tədbirdə çıxış edənlər sərginin əhəmiyyətindən danışaraq bildiriblər ki, nümayiş olunan əl işləri sağlamlığı və idmanı özündə birləşdirir. O da vurğulanıb ki, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən ölkəmizdə ilk dəfə keçirilən bu sərgidəki əl işləri Heydər Əliyev Fondu tərəfindən xarici ölkələrdə keçiriləcək sərgilərdə nümayiş etdirilə bilər. Bu isə sağlam həyat tərzinin və idmanın təbliğində böyük rol oynayır.

Münsiflər heyətinin seçiminə əsasən, 1-ci yerə Şəmsəddin Böyükdüzlünün əl işi layiq görülüb. Rahib QarayevVüqar Ağayev isə öz yaradıcılıq işlərinə görə müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Ən yaxşı 3 əsərin müəllifləri pul mükafatları ilə təltif ediliblər. Bundan başqa, 20 əsərin müəllifi də həvəsləndirici mükafatlara layiq görülüb.

Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, xalq rəssamı Ağəli İbrahimov, Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri İsmayıl İsmayılov və Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin müdiri Ziyadxan Əliyev təqdim ediblər. Qeyd edək ki, müsabiqəyə qəbul edilmiş ən yaxşı əsərlər dekabr ayının 31-dək “Park Bulvar” AVM-də sərgilənəcək.

Tədbirdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran AVİF-nin vitse-prezidenti Sahib Ələkbərov qeyd edib ki, uzun müddət Azərbaycanda velosiped idmanı lazımi şəkildə təbliğ edilməmişdi: Amma son illər Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinin səyi ilə bu sahədə böyük işlər görülüb. Ölkədə velosiped idmanının inkişafı üçün maddi texniki bazanın yaradılmasına nail olunub. İdmanda yaxşı nəticələrin əldə olunması kütləvilikdən keçir. Kütləviliyə nail olmaq üçünsə idmanın hər bir növünü, o cümlədən velosipedi də populyarlaşdırmaq lazımdır. “Velosiped idmanı gənc rəssamların gözü ilə” mövzusunda keçirilmiş müsabiqə də məhz buna xidmət edir. Məlumat üçün bildirim ki, bu təşəbbüs AVİF tərəfindən irəli sürülüb. Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəssamlıq Akademiyası və onun rəhbərliyi bu təşəbbüsü dəstəkləyiblər. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman İdarəsi də çox fəal şəkildə bu tədbirə qoşulublar. Sərgiyə 2 ay müddətində 200-ə yaxın işin təqdim olunması onu sübut edir ki, biz istədiyimiz nəticəni ala bildik”.

Sahib Ələkbərov onu da bildirib ki, müsabiqəyə qəbul edilmiş əsərlərin sərgiləndiyi məkan da çox düzgün seçilib: “Bura insanların gediş-gəlişi olan yerdir. Onlar bu məkanda istirahət edərkən velosiped idman növü ilə də tanış ola biləcəklər. Federasiya əməkdaşları və həmin işlərin müəllifləri isə onlara öz əsərləri barədə məlumat verəcəklər. Bu da velosiped idman növünün populyarlaşması üçün böyük rol oynayacaq. Hesab edirəm ki, qarşımıza qoyulan məqsədə çatmışıq. Gələcəkdə belə tədbirlərin davamlı olaraq keçirilməsini planlaşdırırıq”.

 

Azərbaycan.-2014.- 26 dekabr.- S.11.