Azərbaycan Prezidenti İlham Əliyev
Bakıda Heydər məscidinin
açılışında iştirak edib
Dekabrın
26-da Bakıda Heydər məscidinin
açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.
Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Heydər məscidinin açılışı münasibətilə keçirilən mərasimdə iştirak etdilər.
Mərasim “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
- Hörmətli şeyx həzrətləri.
Hörmətli din xadimləri, hörmətli qonaqlar, mərasim iştirakçıları.
Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün biz Azərbaycanın ən böyük məscidi olan Heydər məscidinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu gün ölkəmizin hər bir rayonundan dindarlar, ictimai xadimlər, nümayəndələr gəlmişlər və bu mərasimdə iştirak edirlər. Eyni zamanda, Şimali Qafqaz müftiləri də bizim qonaqlarımızdır. Mən onları səmimiyyətlə salamlayıram. Mənim dəvətimi qəbul edib bugünkü mərasimdə iştirak etdiklərinə görə onlara minnətdaram. Onların bu mərasimdə iştirakı Qafqaz müsəlmanlarının birliyini bir daha təsdiq edir.
İki il bundan əvvəl bu məscidin tikintisi ilə bağlı müvafiq Sərəncam verilmişdir. 2012-ci ilin sentyabr ayında bu məscidin tikintisi başlamışdır. Cəmi iki il ərzində belə möhtəşəm memarlıq əsəri yaradılmışdır. Tikinti zamanı mən dəfələrlə burada olmuşam, işlərin gedişi ilə maraqlanmışam. Şadam ki, biz Heydər məscidinin tikintisinə qısa müddət ərzində nail ola bildik. Bu ərazi genişləndirildi, yeni yollar salındı. Bu məscidə üç istiqamətdən yeni yollar çəkilib, ərazi abadlaşdırılıb, mərasim zalı tikilib.
Bu, doğrudan da tarixi hadisədir. Çünki
bu, Azərbaycanın gücünü, inkişaf
dinamikasını, bizim öz milli, dini ənənələrimizə
nə qədər sadiq olduğumuzu göstərir. Bu məscid ulu öndər Heydər Əliyevin
adını daşıyır. Bu da təbiidir.
Heydər Əliyev dahi şəxsiyyətdir.
Azərbaycan xalqına bütün dövrlərdə
ləyaqətlə xidmət etmişdir. Onun
rəhbərliyi altında hələ sovet dövründə
- 1970-1980-ci illərdə Azərbaycanda böyük inkişaf
prosesi getmişdir. Azərbaycan qabaqcıl
respublikaya çevrilmişdir. Məhz o illərdə
yaradılan böyük sənaye potensialı bu gün
müstəqil Azərbaycanın uğurlu inkişafına xidmət
göstərir. O illərdə - sovet dövründə
Ulu Öndər milli dəyərlərə böyük diqqət
göstərirdi. Onun bu sahədəki fəaliyyəti
xalq tərəfindən yüksək qiymətləndirilibdir.
Heydər Əliyev öz xalqına həmişə
çox bağlı olub və onun məşhur kəlamı
- “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” bu
gün hər bir azərbaycanlı üçün yol
göstərir.
Müstəqillik dövründə Ulu Öndərin xalq
qarşısında əvəzolunmaz xidmətləri
olmuşdur. Hətta müstəqilliyə qədər olan
dövrdə müstəqilliyə aparan yola da Heydər
Əliyev birinci qədəm qoymuşdur. Məhz
onun təşəbbüsü ilə hələ sovet
dövründə Naxçıvanda, Naxçıvanın Ali
Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağı dövlət bayrağı
kimi təsdiq edilmişdir. Yəni, budur
müstəqilliyə aparan yollarımız.
Azərbaycan xalqı Ulu Öndərə böyük
etimad göstərərək onu özünə rəhbər
seçəndən sonra ölkədə vəziyyət
müsbətə doğru dəyişməyə
başlamışdır. Biz o illəri
yaxşı xatırlayırıq. Müstəqilliyimizin
ilk illəri ölkəmiz üçün çox
ağır keçmişdir. Ölkəmizin,
ümumiyyətlə, müstəqil ölkə kimi
yaşaması sual altında idi. İqtisadi
böhran, siyasi böhran, sənaye istehsalının tənəzzülü,
demək olar ki, ölkə iflic vəziyyətinə
düşmüşdü. Bundan əlavə,
erməni işğalı, vətəndaş müharibəsi
Azərbaycanı sarsıdırdı, dağıdırdı.
Azərbaycan xalqı öz müdrikliyini bir daha
göstərərək Ulu Öndərə üz tutub onu
hakimiyyətə dəvət etmişdir və böyük dəstək
göstərərək 1993-cü ildə Heydər Əliyevi
Prezident vəzifəsinə seçmişdir.
Ondan sonra Azərbaycanda sabitlik və inkişaf
dövrü başlamışdır. Məhz Ulu Öndərin
dünyagörüşü, baxışları, siyasi
bacarığı sayəsində Azərbaycan bütün
ağır sınaqlardan şərəflə,
üzüağ çıxa bilmişdir. Onun
qoyduğu strateji xətt bu gün də dəyişməz
olaraq qalır. Ulu öndər Heydər
Əliyev Azərbaycanın bütün istiqamətlər
üzrə strateji hədəflərini müəyyən
etmişdir. Biz bu hədəflərə
çatmaq üçün bu gün də
çalışırıq və bu yolda böyük
uğurlara imza atmışıq.
Eyni zamanda, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində
o illərdə sağlam zəmində dövlət-din
münasibətləri qurulmuşdur. O, həmişə qeyd edirdi ki, biz
öz milli, dini adət-ənənələrimizə sadiq
olaraq müasir, güclü dövlət qurmalıyıq. Bu idi onun strateji baxışları. Dövlət-din münasibətlərinin
qurulması, formalaşması böyük nailiyyətimizdir.
Bu gün də bu siyasət davam etdirilir.
Heydər Əliyevin dövründə Azərbaycanda
500-dən çox məscid tikilmişdir. Yüzlərlə
məscid təmir edilmişdir. Ulu Öndər
müqəddəs Kəbənin içində namaz
qılmışdır. Mən xoşbəxtəm
ki, bu xoşbəxtlik mənə də nəsib olmuşdur.
Yəni, o illərdə milli, dini dəyərlərə
göstərilən diqqət və müəyyən
edilmiş istiqamət bugünkü Azərbaycanın güclənməsinə
xidmət edirdi. Çünki indi bizim
güclü iqtisadiyyatımız var. Siyasi dayaqlarımız
da möhkəmdir. Ən önəmlisi, cəmiyyətdə
ölkəmizin inkişafı ilə bağlı vahid
yanaşma, vahid mövqe var. İctimai-siyasi vəziyyət
müsbətdir və əlbəttə ki, dövlət-din
münasibətləri burada böyük rol oynayır.
Bir sözlə, Ulu Öndərin Azərbaycan xalqı
qarşısında xidmətləri misilsizdir, əvəzolunmazdır. Azərbaycan
xalqı Ulu Öndərin xatirəsinə olan məhəbbətini
öz ürəyində daim saxlayır. Biz - onun
davamçıları isə onun yolu ilə gedərək
ölkəmizi daha da gücləndiririk, onun müəyyən
etdiyi siyasi xətti davam etdiririk.
Azərbaycan bu gün dünyada ən sürətlə
inkişaf edən ölkədir. Heydər Əliyev
siyasəti bu gün Azərbaycanda yaşayır, möhkəmlənir,
yeni formalarla zənginləşdirilir. Azərbaycanda
çox gözəl ictimai-siyasi vəziyyət hökm
sürür, xalqla iqtidar arasındakı birlik möhkəmdir,
sarsılmazdır. Bu birliyin təməlində
xalq tərəfindən bizim siyasətimizə olan dəstək
dayanır. Bizim siyasətimiz isə milli
maraqlara söykənir. Azərbaycan
xalqının maraqları bizim üçün hər
şeydən üstündür.
Azərbaycan iqtisadi sahədə dünyada ən
böyük nailiyyətlərə çata bilibdir. Bunu
bütün mötəbər beynəlxalq qurumlar qeyd edir.
İqtisadi inkişaf, iqtisadi islahatlar, sosial məsələlərin
həlli, insanlara göstərilən diqqət, regionların
inkişafı, bütün bunlar reallıqdır. Qeyd etdiyim kimi, bu gün bu məscidin
açılışı mərasimində iştirak edən
soydaşlarımız Azərbaycanın bütün
rayonlarını təmsil edirlər. Onlar,
orada yaşayan insanlar yaxşı görürlər ki, bu dəyişikliklər
insanlara nə qədər yeni imkanlar açır, rahatlıq
verir. İnfrastruktur layihələri, sosial
layihələr, iqtisadi inkişaf, yoxsulluğun, işsizliyin
aradan qaldırılması, bütün bunlar Azərbaycan
reallıqlarıdır.
Bütün
bunlara biz o qədər də asan olmayan beynəlxalq vəziyyətdə
nail olmuşuq. Dünyada indi maliyyə-iqtisadi
böhranın artıq ikinci mərhələsi
yaşanır. Ancaq mən həmişə
demişəm ki, Azərbaycan sabitlik adasıdır. Biz Azərbaycanı bütün bəlalardan qoruyuruq
və qoruyacağıq. Azərbaycan
xalqı təhlükəsizlik şəraitində, rifah
içində yaşamalıdır. Biz təhlükəsizliyi
qoruyuruq, ölkəmizin sürətli inkişafını təmin
edirik və beləliklə, Ulu Öndərin yoluna bir daha
öz işimizlə, əməlimizlə sadiq olduğumuzu
sübut edirik.
Azərbaycan bu gün dünyada söz sahibidir. Bizim beynəlxalq
nüfuzumuz gündən-günə möhkəmlənir.
Dünya birliyinin üzvlərinin mütləq əksəriyyəti
Azərbaycanı dəstəkləyir və bu dəstəyi
bizə verilən səslərdə ifadə edir. Azərbaycan dünyada etibarlı tərəfdaş
kimi özünü təsdiq edibdir. Azərbaycanın
regional inkişaf üçün gördüyü işlər
həlledici rol oynayır. Regional təhlükəsizlik,
əməkdaşlıq, regional məsələlərin həlli
– bunlar bizim bu bölgədə ümumi işimizə
verdiyimiz töhfələrdir.
Bir sözlə, ictimai-siyasi vəziyyət sabitdir,
ölkə daxilindəki problemlər öz həllini
tapmaqdadır.
Beynəlxalq mövqelərimiz kifayət qədər
möhkəmdir, iqtisadi dayaqlar isə bu gün
özünü göstərir. Hətta
dünyada, bölgədə, yaxın qonşuluqda yaşanan
istənilən xoşagəlməz hallar Azərbaycana təsir
etmir. Ona görə yox ki, biz
özümüzü təcrid etmişik, əksinə, biz
dünyaya açığıq. Ona
görə ki, Azərbaycanda aparılan siyasət milli maraqlara
söykənir. O ölkələrdə ki, siyasət
milli maraqlara söykənir, o ölkələrdə sabitlik də,
inkişaf da olacaq. Dəfələrlə
demişəm, Ulu Öndərin adını daşıyan
möhtəşəm məsciddə bir daha demək istəyirəm
ki, Azərbaycan müstəqillik yolu ilə gedir, müstəqil
siyasət aparır, öz məsələlərini
özü həll edir. Mənim
üçün Prezident kimi əsas vəzifə xalqın
etimadını doğrultmaqdır, xalqa xidmət etməkdir.
Mən bütün dövlət məmurlarını
dəfələrlə buna çağırmışam,
onlara öz göstərişlərimi vermişəm. Demişəm ki, biz hamımız - Prezident başda
olmaqla xalqın xidmətçiləriyik. Budur
bizim vəzifəmiz.
Azərbaycanda bütün azadlıqlar - mətbuat
azadlığı, söz azadlığı, sərbəst
toplaşmaq azadlığı, vicdan azadlığı təmin
edilir. Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə
təmin edilir. Bu da hesab edirəm ki, bizim
ümumi inkişafımızda çox böyük əhəmiyyətə
malik olan bir sahədir. Din, etiqad
azadlığı Azərbaycanda tam şəkildə təmin
edilir.
Son 11 il ərzində Azərbaycanda 250-yə
yaxın məscid tikilmiş və ya təmir edilmişdir. Xalqımız üçün çox böyük
dəyər kəsb edən Bibiheybət, Təzəpir,
Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi
onların arasındadır. Hazırda
İmamzadə dini, tarixi, mədəni mərkəzində təmir-bərpa
işləri aparılır. Bu gün
ölkəmizin ən böyük, möhtəşəm, əzəmətli
Heydər məscidi açılır. Azərbaycanda
digər başqa dinlərin məbədləri, o cümlədən
dövlət vəsaiti hesabına tikilir, təmir edilir. Onu da qeyd etməliyəm ki, bu məscid dövlət
vəsaiti hesabına tikilmişdir, necə ki, rus pravoslav,
katolik, alban kilsələrinin tikintisi, təmiri işlərində
dövlət öz dəstəyini vermişdir. Azərbaycanda sinaqoqlar tikilir, təmir edilir. Yəni, Azərbaycanda bu sahədə nadir təcrübə
əldə edilibdir. Bu, bizim
üçün təbiidir. Çünki
bu, bizim üçün normal həyat tərzidir, cəmiyyətin
normal yaşamasıdır. Eyni zamanda, bu,
bizim dövlət siyasətimizdir. Bax, bu
iki amil bu müsbət ab-havanı yaradır. Həm cəmiyyətdən gələn istəklər,
sifarişlər, eyni zamanda, dövlət siyasətimiz.
Azərbaycanda təhlükəsizlik tam şəkildə
təmin edilib.
İctimai iqlim müsbətdir. Burada dövlət-din münasibətləri və
dinlərarası münasibətlər xüsusi yer tutur.
Bu gün bu, belədir, sabah da belə
olacaqdır. Azərbaycanda bütün
xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri
bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində
heç bir qarşıdurma olmamışdır və
olmayacaqdır. Hətta heç bir
anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk.
Bu gün sivilizasiyalararası dialoq haqqında müxtəlif
fikirlər, fərziyyələr irəli sürülür. Alimlər,
jurnalistlər, ictimai xadimlər, hətta siyasətçilər
də bəzi hallarda bu münasibətlərin gələcəyinə
o qədər də müsbət baxmırlar,
yanaşmırlar. Çox təəssüf
edirəm. Gəlsinlər Azərbaycanın
təcrübəsini görsünlər, öyrənsinlər.
Görsünlər ki, bir ölkədə
bütün dinlərin nümayəndələri
mehribanlıq şəraitində necə yaşaya bilərlər,
bütün millətlərin hüquqları necə təmin
edilə bilər. Biz buna necə nail ola
bilmişik? Bəzi hallarda xarici qonaqlar məndən
bunu soruşurlar. Bunu izah etmək
üçün gərək bir neçə gün vaxt sərf
edəsən. Çünki yenə də
deyirəm ki, bu, dövlət siyasətimizdir. Eyni zamanda, tarixən belə olubdur. Azərbaycan
da və cəmiyyət də bu gözəl mənzərəni
görərək öz töhfəsini verir ki, bu proses daim
davam etsin.
Eyni zamanda, biz bu gün beynəlxalq aləmdə dinlərarası
dialoqun möhkəmləndirilməsi üçün öz dəyərli
töhfəmizi veririk. Təsadüfi deyil ki, məhz Azərbaycan
dünyanın multikulturalizm mərkəzlərindən birinə
çevrilmişdir. Ölkəmizdə
keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası
dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə
görüşləri - bütün bunlar bu gün Azərbaycan
reallıqlarıdır. Biz
çalışırıq bu tədbirlərin keçirilməsi
ilə ümumi işimizə töhfəmizi verək ki,
dünyada da dini, milli zəmində heç vaxt
anlaşılmazlıq, qarşıdurma olmasın. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini
görürük. Yaxın Şərqdə,
Avropada, digər yerlərdə dini amil əsasında
müharibələr, davalar, qanlı toqquşmalar baş
verir. Bu, əlbəttə ki, bizi çox
narahat edir. Yenə də deyirəm,
ümid edirəm ki, Azərbaycan öz müsbət təcrübəsini
başqa ölkələrlə bölüşərək
ümumbəşəri dəyərlərə qiymətli
töhfəsini verir və verəcəkdir.
Bir daha demək istəyirəm ki, biz Azərbaycanda
bütün məsələləri ardıcıllıqla, məqsədyönlü
şəkildə həll edirik. Bizim siyasətimizin mənbəyi
Azərbaycan xalqıdır. Azərbaycan
xalqının arzularını Azərbaycan iqtidarı
gerçəkləşdirir. Biz bundan sonra
da bu yolla gedəcəyik. Əminəm ki,
ölkənin qarşısında duran bütün vəzifələr
uğurla icra ediləcəkdir. O cümlədən ən
ağrılı problem - Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ problemi də öz həllini tapacaq, Azərbaycan
öz ərazi bütövlüyünü bərpa edəcək.
Bu gün güclü Azərbaycan ordusu, güclü Azərbaycan
iqtisadiyyatı, beynəlxalq mövqelərimiz imkan verir ki, biz
bu istiqamətdə istədiyimizə nail olaq. Bizim istədiyimiz
bizim haqqımızdır. Haqlı tələblərimiz
var. Biz ərazi bütövlüyümüzü bərpa etmək
istəyirik. Biz istəyirik ki, azərbaycanlılar
bütün tarixi Azərbaycan torpaqlarında, Dağlıq
Qarabağda, digər işğal edilmiş torpaqlarda
yaşasınlar. Vaxt gələcək azərbaycanlılar
bizim tarixi torpaqlarımızda - İrəvan
xanlığında, Göyçə, Zəngəzur
mahallarında da yaşayacaqlar. Ona görə
biz daha da fəal işləməliyik,
çalışmalıyıq, hər bir vətəndaş
öz sahəsində ümumi işimizə töhfə verməlidir.
Mən tam əminəm ki, gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini və
hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən
dağıdılmış bütün digər məscidlərini
bərpa edəcəyik, orada birlikdə namaz
qılacağıq. Biz ölkəmizin ərazi
bütövlüyünü bərpa edəcəyik.
Mən bir daha Sizi və bütün Azərbaycan
xalqını bu tarixi hadisə - Heydər məscidinin
açılışı münasibətilə ürəkdən
təbrik etmək istəyirəm. Qarşıdan Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il
bayramı gəlir. Bu bayramlar münasibətilə
bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.
Azərbaycan xalqına rifah, sülh, tərəqqi
arzulayıram. Sağ olun.
X X X
Sonra
Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə
Şurasının sədri, Rusiya Federasiyası
Qaraçay-Çərkəz müftisi İsmayıl
BERDİYEV çıxış edərək dedi:
- Hörmətli
cənab Prezident.
Hörmətli Mehriban xanım.
Hörmətli şeyx. Hörmətli həmkarlar,
müftilər, qardaş və bacılar.
Bu gün həqiqətən əsl bayramdır. Mən də
bu fürsətdən istifadə edərək Sizi ad
gününüz münasibətilə təbrik edirəm.
Bu, ən gözəl məscidlərdən
biridir. Bu, mənim gözlədiyimdən də
ecazkar bir mənzərə idi. Belə bir
möhtəşəm bina səmavi bir təəssürat
oyadır. Sanki hər bir nəqşi əsl
möcüzədir. Mən belə bir
möcüzəni heç yerdə görməmişəm.
Həqiqətən də bu binaya verilən ad
belə gözəlliyə layiqdir. Biz hələ
sovet dövründə onunla fəxr edirdik. Həmin vaxtlar o, Siyasi Büronun üzvü kimi
hakimiyyətin zirvəsində olanda, Sosialist Əməyi Qəhrəmanı
adını daşıyanda hamımız fəxr edirdik ki,
hakimiyyətdə belə bir müsəlman var.
İsmayıl
Berdiyev yenidənqurma dövründə Azərbaycanın
qarşılaşdığı çətinliklərdən
danışaraq dedi:
- O
dövrdə həqiqətən çox qorxunc bir müharibə
gedirdi. Şəhidlərin də sayı
çox idi. Bütün bu məşəqqətlərə
dövlətin başçısı da, siz hamınız da
davam gətirdiniz. Allah-Taala “Qurani-Kərim”də belə
buyurur: “Siz çətinliklərə tab gətirdiniz, bu isə
sizə yüngüllük bəxş edəcək”. Belə
bir çətin dövrdə xalq Heydər Əliyevi
çağırdı, o, əsl müdrik insan kimi ayağa
qalxaraq, xalqın çağırışına səs verdi. Bu müdrik insan
qarşıda duran vəzifələrin öhdəsindən məharətlə
gəldi. Onun dediyi ilk kəlmədən
biri də bu oldu ki, Azərbaycan müstəqil dövlətdir.
O, öz milləti və xalqı ilə fəxr edirdi və o,
həqiqətən fantastik uğurlara nail oldu. Siz
hamınız bütün bunları görmüsünüz və
onunla bir yerdə olmusunuz. Belə bir məsəl
də var ki, ağac öz bəhrəsini zəhmət görəndə
verir. Siz də bu istiqamətdə fəaliyyətinizi
davam etdirirsiniz. Mən Sizə bu yolda
uğurlar arzu edirəm. Mən buraya gələndə
həmişə şeyx həzrətlərinə deyirəm
ki, siz xoşbəxt xalqsınız. Belə
bir dövlət başçısı hər bir xalq
üçün böyük xoşbəxtlikdir. Mən həmişə şeyxə deyirəm ki, bəxtəvər
insanlarsınız ki, bu cür Prezidentiniz var.
X X X
Rus
Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının
rəhbəri ALEKSANDR çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Hörmətli Mehriban xanım.
Hörmətli şeyx həzrətləri. Hörmətli
müftilər, din xadimləri, xanımlar və cənablar.
Bu gün ümummilli liderimiz Heydər Əliyev
haqqında xeyli söhbət açıldı. Həqiqətən
də müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir.
O, həm müdrik siyasi xadim, həm peşəkar təşkilatçı,
həm də istedadlı, dahi iqtisadçı idi. Cənab Prezident də öz
çıxışında qeyd etdi ki, Heydər Əliyevin həyatında
ən mühüm hadisələrdən biri Məkkədə
müqəddəs Kəbəni ziyarət etmək olub. Təbii ki, onun ziyarətgahda duaları təkcə
öz ailəsi üçün deyil, həm də doğma
xalqı və ölkəsi üçün idi. Həm də demək lazımdır ki, Heydər
Əliyevin bu fəaliyyəti hələ sovet dövründə
özünü büruzə verirdi. Heydər
Əliyev xalqın, cəmiyyətin həyatında dinin əhəmiyyətini
çox gözəl başa düşürdü. Mən keçmiş din xadimlərinin sözlərini
xatırlayıram. Onlar deyirdilər ki,
bütün Sovet İttifaqından fərqli olaraq, Azərbaycanda
dini dəyərlərə münasibət tamam fərqlidir.
Məlum olduğu kimi, Sovet İttifaqında dinə
ateist münasibət bəslənirdi. Amma
Azərbaycanda hətta o dövrün tanınmış din
xadimlərinə hörmətlə yanaşırdılar.
Elə buna görə də mömin insanların minnətdarlıq
əlaməti olaraq Heydər Əliyev adına
məscid ucaldılıb.
Son illərdə
Azərbaycanda bir çox yeni məscidlərin inşa
olunduğunu, Bibiheybət, Şamaxı Cümə məscidlərində
bərpa və yenidənqurma işlərinin
görüldüyünü vurğulayan Aleksandr dedi:
- Belə
bir məscidin ucaldılması son dərəcə əlamətdardır.
Bu, müasir cəmiyyətin tələbatına
uyğun hadisədir. Amma bu, təkcə
Heydər Əliyevin xatirəsinə ithaf deyil, həm də Azərbaycanın
gələcəyi deməkdir. Cənab Prezident, şəhərə
və xalqa verdiyiniz bu töhfəyə görə çox
sağ olun.
X X X
Bakı
Dağ Yəhudiləri Dini İcmasının sədri Milix
YEVDAYEV mərasimdə çıxış edərək dedi:
- Möhtərəm
Prezident.
Hörmətli, Mehriban xanım.
Şeyx həzrətləri.
Dünyada
dostlara hörmət göstərən,
Həyatda dözümə baş əyən mənəm.
Ölən
mən deyiləm öldüyüm zaman,
Öləndən sonra da yaşayan mənəm.
Bəli, Ulu Öndər ölməzliyə qovuşub. Ulu Öndər
Sizin üçün böyük bir xəzinə qoyub gedib.
Ulu Öndər öz amallarını, öz arzularını,
öz niyyətlərini Sizin
üçün böyük bir xəzinə olaraq
saxlamışdır. Hər şeydən əvvəl
isə o, Sizin üçün öz təmiz, ülvi
adını saxlayıb getmişdir.
Allah-Taalaya çox şükürlər olsun ki,
Prezident həzrətləri, Siz o xəzinənin üstündən
xərcləmirsiniz, öz əməllərinizlə, öz
arzularınızla o xəzinənin üstünə gətirirsiniz. Bu xalqa, bu millətə
göstərdiyiniz fövqəlbəşər xidmətlərinizlə
Siz o xəzinəni zənginləşdirirsiniz. Məhz budur ölməzlik.
Milix
Yevdayev Azərbaycanda gedən inkişafın dünyada bəzi
dairələrdə qısqanclıq hissi
yaratdığını, buna baxmayaraq, ölkəmizin tərəqqi
yolu ilə uğurla irəlilədiyini diqqətə
çatdıraraq dedi:
- Azərbaycan Prezidentinin daxili və xarici siyasəti
xalqa, millətə, məmləkətə, bu məmləkətdə
yaşayan bütün xalqlara arxalanır. Çünki
Siz həm Azərbaycanın, həm də hər bir Azərbaycan
vətəndaşının Prezidentisiniz. Siz həmişə əlçatmaz yox, əlçatan
bir Prezidentsiniz. Ona görə də mən
Sizə, ailənizə, bütün Azərbaycan xalqına əmin-amanlıq,
xoş günlər, səadət arzulayıram.
Hər
eldən-obadan Sizə var salam,
Hamının qəlbində Sizədir inam.
Möhtərəm
Prezident, sadə bir insan,
Dərin minnətdarıq Prezident Sizə.
Ona
görə də mən bu qısa
çıxışımda Sizə və bütün Azərbaycan
xalqına Ulu Tanrıdan yolunuzun uğurlu,
gözünüzün nurlu, çörəyinizin isti,
suyunuzun sərin, dizinizin taqətli olmasını diləyirəm.
Allah amanında.
X X X
Sonra
Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı
səlahiyyətli nümayəndəsi Şafik
PŞİXAÇEV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Hörmətli Mehriban xanım.
Hörmətli Şeyximiz Allahşükür Paşazadə.
Əziz həmkarlarım, əziz dostlarım.
Bu gün təkcə bizim qardaş Azərbaycanın
müsəlman əhalisi üçün deyil, bütün
müsəlman icması üçün əlamətdar
gündür.
Mən də Allaha dua edirəm ki, Sizin ailənizdən
xeyir-bərəkətini əsirgəməsin. Allahın
rəsulu Məhəmməd Peyğəmbər deyib ki, Allaha
ibadət etmək üçün bir məscid tikdirən
insanın yeri behiştdir. Mən Allaha dua
edirəm ki, Siz uzun müddət öz sevimli
xalqınızı sevindirəsiniz.
Cənab
Prezident, biz bu gün Azərbaycan Respublikasının ərazisində
- dini ayrı-seçkiliyə yol verməyən, dini zəmində
qarşıdurmalara qəti etirazını bildirən torpaqda
görüşürük. Bütün dünyada
xalqların və millətlərin bir-birilərinə
qarşı qalxdığı bir vaxtda şükür
Tanrıya ki, Sizin respublikanızın ərazisində
sülh, əmin-amanlıq və qarşılıqlı
anlaşma hökm sürür. Həqiqətən
də heç kəs inkar edə bilməz ki, bu gerçəkliyin
təməlini ümummilli lider Heydər Əliyev qoyub.
Bu gün Azərbaycan xalqı inamla gələcəyə
irəliləyir. Sizin də, şeyxülislamın da fəaliyyəti
bu məqsədə xidmət edir. Öz
xalqına, öz ölkəsinə belə bir xidmət Allah tərəfindən
bəyənilməyə bilməz.
Şafik
Pşixaçev ulu öndər Heydər Əliyevin Azərbaycan
xalqı qarşısındakı misilsiz xidmətlərini
vurğulayaraq dedi:
- Mən
bütün bunları layiqincə qiymətləndirən,
böyük Heydər Əliyevin vəsiyyətlərinə əməl
edən Azərbaycan xalqına sonsuz minnətdarlığımı
bildirirəm. Mən Ulu Tanrıya dua edirəm.
Azərbaycana hər dəfə gələndə
gördüklərimdən, buradakı tərəqqidən
heyrətə gəlirəm.
Möhtərəm
Prezident, Sizə, ailənizə xalqınızın bu
paklığını qorumaq yolunda böyük uğurlar
arzulayıram, həm də əldə olunan nailiyyətləri
daha da artırmağı diləyirəm. Çünki
hər dəfə Bakıya gələndə dünyanın
heç bir diyarında rast gəlmədiyimiz xoş mənzərənin
şahidi oluruq.
Sizin ürəyinizə təpər,
cansağlığı, xalqınıza isə müdriklik
arzu edirəm.
X X X
Çıxışına
dua oxumaqla başlayan Qafqaz Müsəlmanları İdarəsinin
sədri şeyxülislam Allahşükür PAŞAZADƏ
dedi:
- Möhtərəm
cənab Prezident İlham Əliyev həzrətləri,
Möhtərəm
Mehriban xanım,
Leyla
xanım,
Heydər
Əliyev ocağı,
Hörmətli müftilər, din xadimləri.
Əziz iştirakçılar, bu gün bizim
üçün çox böyük və müqəddəs
gündür.
Bu müqəddəsliyin bir neçə amili
vardır. Bu, Allahdandır. Yəni, bu günün seçilməsi təsadüfi
deyil. Bu gün peyğəmbər əleyhissəlamın
bizə buyurduğu cümə günüdür. Bu, bütün müsəlmanlar üçün
çox əziz cümə günüdür. İkincisi, Rəbiül-əvvəl ayının
başlanğıcı, Mövlud günüdür, peyğəmbər
əleyhissəlamın anadan olan günüdür.
Ulu öndər Heydər Əliyev həzrətlərinin
adını daşıyan məscidin
açıldığı bu gün mənim
üçün böyük müqəddəs günlərdən
biridir. Onun
ruhu buradadır, Allah-Taala onun ruhunu şad etsin, inşallah!
Məndən əvvəlki natiqlərin
çıxışları mənə çox təsir etdi. Mən bu
gün Ulu Öndəri həyatımda yenidən dərk etdim.
Mən elə bilirdim ki, Heydər Əliyevi dərk
etmişəm. Amma illər ötdükcə
görürəm ki, bu dahi insanın böyüklüyü
daha ucadadır. Bu insan dünyadan getmiş
olsa da, dediyi sözlər, qoyduğu dövlətçilik məktəbi,
onun siyasəti, mənəviyyata olan münasibəti, xalqa,
torpağa məhəbbəti o qədər böyük idi ki,
onu dillə ifadə etmək çox çətindir. Heydər Əliyev çox böyük şəxsiyyət
idi. Deyə bilərəm ki, Allah-Taala onu
bizə, Azərbaycan xalqına bir örnək, bir töhfə
göndərmişdi. Mən heyfsilənirəm
ki, bunu bəzi adamlar başa düşmürlər. Əgər Heydər Əliyev olmasaydı, bəlkə
də bu gün müstəqil Azərbaycan da yox idi.
Heydər Əliyev həzrətləri Bakıya
qayıdandan sonra birinci Təzəpir məscidini ziyarət
etdi. Bu günlər idi. Peyğəmbər
əleyhissəlamın Mövludu günündə
bütün xalqı Allah yolunda bir olmağa dəvət etdi.
Heydər Əliyev həzrətlərinin
adını daşıyan çox müəssisələr
var. Amma onun haqqı var ki, bu məscid onun adını
daşısın. Bu, xalqın istəyi,
diləyi idi. Bu məscid, doğrudan da Ulu Öndərimizin
adına layiqdir.
Möhtərəm cənab Prezident, Siz Kəbə evini
yada saldınız. Biz Heydər Əliyev həzrətləri
ilə birlikdə Kəbə evində namaz qılarkən Ulu
Öndər ancaq xalqı, Vətəni, torpağı, şəhidlər
üçün dua etdi. Möhtərəm Prezident, biz
Sizinlə də Məkkədə olmuşuq. Mehriban
xanım da orada idi. Siz də
xalqımız, Vətənimiz, torpağımız və
Qarabağ torpaqlarının tezliklə azad olunması, şəhidlərimiz
üçün dua etdiniz. Siz Kəbə evində bir
neçə il bundan əvvəl söz
verdiniz ki, “mən məscid tikdirəcəm”. Kəbənin
içində edilən dualar müstəcəb oldu və Heydər
Əliyevin adına belə bir məscid
tikildi. Mən inanıram, orada Qarabağ
haqqında, şəhidlərimiz haqqında edilən dualar da
inşallah müstəcəb olacaq. Mən
buna inanıram. Çünki bu dualar Kəbə
evində oxunub.
Mən Heydər Əliyev həzrətləri ilə
çox görüşlərdə olmuşam, söhbət
etmişik. Yadımdadır, BMT-nin 50 illiyi idi, Nyu-Yorkdan geri
qayıdırdıq. Əlimdə “Quran”
var idi, “Quran” oxuyurdum. Rəhmətlik Heydər Əliyev
həzrətləri mənə dedi ki, “Quran”dan bir az oxu və mənə tərcümə et ki,
orada nə deyilir. Orada bir ayə var ki, Allah-Taala buyurur: “Bəzi
müşriklər, istəməyənlər, həqiqəti,
haqqı dananlar, istəyirlər ki, Allahın yandırdığı
çırağı söndürsünlər. Üfürməklə söndürmək istəyirlər.
Deyir, mən yandırmışam o
çırağı, sən onu üfürməklə
söndürə bilməzsən”. Sonradan dedi ki, bu, mənə çox təsir etdi.
Həqiqətən
də bir çox adamlar bəlkə də ola
bilsin xarici ölkələri görməyiblər deyə, Azərbaycana
qiymət verə bilmirlər. Azərbaycan bu
gün həqiqətən də cənnətdir. Baxın, bütün müsəlman dövlətləri
bir-birinə qarışıb, vuruşur, məzhəb
ayrı-seçkiliyi mövcuddur. Bu gün
heç yerdə rast gəlməzsən ki, buradakı kimi yəhudi,
xristian, katolik - bütün din xadimləri bir yerə, bir məscidə
gəlib çıxış etsinlər. Bu,
yalnız Azərbaycandadır. Çünki
bu bünövrəni qoyan Heydər Əliyev həzrətləri
olub. Heydər Əliyev həzrətləri
bizi tolerantlığa, qardaşlığa, dinlər
arasında dialoqa və bir-birinə hörmətə
çağırırdı və bunu bizə öyrətdi.
Bu siyasət bu gün də davam edir. Mən çox sevinirəm ki, İlham Əliyev həzrətləri
də, onun ailəsi də bu gün bunu davam etdirir.
Möhtərəm
İlham Əliyev həzrətləri, prezident seçkiləri
dövründə minlərlə dindar Kəbə evində
dua edə-edə öz gələcəyinə, Azərbaycanın
birliyinə və Sizə səs verdi. Onlar Sizin qələbənizə sevinirdilər və
dualar edirdilər. Allah-Taala Sizi qoruyur,
Tanrının nəzərləri, mərhəməti Sizin
üzərinizdədir. Mən Allahdan dua edirəm ki,
inşallah bu mərhəməti Sizin
üzərinizdən heç vaxt əskik etməsin.
Mənim bir qardaş kimi Heydər Əliyev həzrətlərini
və Zərifə xanımı xatırlamadığım
gün yoxdur.
İnanın ki, mən hər gecə yatmazdan əvvəl
anamı, atamı yada salıramsa, Heydər Əliyevi də, Zərifə
xanımı da yada salıram. Allah onlara rəhmət
etsin!
Mənim bu gün çıxışım başqa səpkidə
idi. Bu dövrlər duaların müstəcəb olan
vaxtıdır. Mən arzu edirəm ki, - keçən səfər
də dedim, sizin gözəl nəvələriniz var və
onları çox istəyirsiniz, - Mehriban xanım, Allah-Taala
inşallah, sizə oğul nəvəsi də nəsib etsin.
Hörmətli
İlham Əliyev həzrətləri, Sizin özünüzə
də demişəm, hərdən elə qəti addımlar
atırsınız ki, həmin addımı heç kim gözləmir. Avropa
Şurasında əyləşib barmaq silkələdiniz.
Onu hər adam edə bilməz. Amma Siz bunu etdiniz. Çünki
Siz Heydərin oğlusunuz və buna görə də biz fəxr
etməliyik. Azərbaycan xalqı Sizinlə
fəxr edir.
Mən bir şeyxülislam kimi yaratdığınız
bu gözəl məkanda Sizə, Azərbaycan xalqına dualar
edirəm. Bu
məsciddə 95 metrlik minarənin ucalması əlbəttə,
Sizin istəyinizlədir. Allah-Taala Sizi, ailənizi
daha da uca etsin. Allah-Taala bütün Azərbaycan
xalqını Sizinlə bərabər xoşbəxt etsin.
Allah-Taala inşallah, bizə
torpaqlarımızın tezliklə azad olunmasını nəsib
etsin. Siz çoxlu işlər
görmüsünüz, yeni məscidlər, sinaqoqlar, kilsələr
tikilir, təmir olunur. Həqiqətən də
dünya gəlib bizdən öyrənə bilər. Sizin yaratdığınız multikulturalizm məktəbi,
tolerantlıq mərkəzi bu gün davam edir və
inşallah, bizim müstəqilliyimiz də, Azərbaycan da
daimidir. Çünki onun bünövrəsini
ulu öndər Heydər Əliyev qoymuşdur və
inşallah daimi də olacaq.
Mənim ürəyim doludur, çoxlu sözlərim var. Amma qəlbən, ruhən onu Sizə dualarla çatdıracağam. İnşallah mən həmişə Sizə dua edəcəyəm. Bu gün Heydər Əliyevin, Zərifə xanımın ruhu buradadır, bizi eşidirlər. Çünki ruhlar heç vaxt ölmürlər, onlar yaşayırlar. Mən istərdim ki, bütün şəhidləri yada salaq və dünyadan gedənləri, xüsusən Ulu Öndəri yada salaq və onun ruhuna, Zərifə xanımın ruhuna, bütün şəhidlərin ruhuna bir fatihə verim.
Fatihə verəndən sonra çıxışını yekunlaşdıran şeyxülislam Allahşükür Paşazadə dedi:
-
Mübarək olsun, bir daha təbrik edirəm. Bu
yeni məscid inşallah, bütün xalqımız
üçün xeyirli olsun.
X X X
Sonra Prezident İlham Əliyev mərasimdə iştirak
edən Şimali Qafqaz respublikalarının din xadimləri ilə
görüşdü.
X X X
Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban
Əliyeva və ailə üzvləri Fəxri xiyabana gəldilər.
Dövlətimizin başçısı ulu öndər
Heydər Əliyevin məzarını ziyarət edərək
üzərinə gül dəstəsi qoydu.
Görkəmli oftalmoloq alim, akademik Zərifə
Əliyevanın da xatirəsi yad olundu.
Tanınmış dövlət xadimi Əziz Əliyevin
və professor Tamerlan Əliyevin də xatirələri
anıldı.
AzərTAc
Azərbaycan.-2014.- 27 dekabr.- S.1-3.