Mədəniyyət və Turizm Nazirliyinin 2014-cü ildəki

 fəaliyyətinin yekunları geniş müzakirə edilib

 

Dekabrın 26-da Mədəniyyət və Turizm Nazirliyinin aparat işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə kollegiya iclası keçirilib.

Əvvəlcə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə son aylarda fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət işçilərinə ali mükafatlar təqdim edilib.

Kollegiyanın gündəliyi təsdiqləndikdən sonra nazir Əbülfəs Qarayev geniş məruzə ilə çıxış edib. Nazir cari ildə ölkəmizdə keçirilmiş möhtəşəm mədəniyyət tədbirlərindən, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışan natiq deyib ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cari ilin Azərbaycan mədəniyyəti üçün uğurla başa çatdığını diqqətə çatdıran nazir bildirib ki, Azərbaycan 2014-cü ildə dünya əhəmiyyətli bir neçə möhtəşəm tədbirə ev sahibliyi edib. Bu tədbirlər sırasında mədəniyyət tədbirləri xüsusi önəm daşıyır.

Ə.Qarayev Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səylərini xüsusi qeyd edib. Bildirib ki, Heydər Əliyev Fondu mədəni irsin, o cümlədən tarixi və mədəniyyət abidələrinin istər ölkəmizdə, istərsə də xaricdə qorunub saxlanılmasına və bərpa edilməsinə böyük diqqət yetirir.

Nazir deyib ki, bu il Azərbaycan kinosu sahəsində də uğurlu olub. Filmlərimiz il ərzində 52 beynəlxalq müsabiqədə iştirak edib.

Azərbaycan kitablarının nüfuzlu sərgilərdə mükafatlara layiq görüldüyünü deyən nazir bildirib ki, 2015-ci ildə Bakıda növbəti beynəlxalq kitab yarmarkası keçiriləcək.

Ә.Qarayev diqqətə çatdırıb ki, dövlətimizin başçısının müvafiq sərəncamları ilə Bakı Xoreoqrafiya Akademiyası və TurizmMenecment Universiteti yaradılıb. Hər iki təhsil müəssisəsinin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olmasını onlara göstərilən xüsusi diqqət kimi dəyərləndirən nazirin sözlərinə görə akademiya üçün yenimüasir binanın inşası ilə bağlı işlər görüləcək.

TÜRKSOY-a üzv ölkələrin UNESCO ilə əlaqələrindən söz açan nazir qeyd edib ki, bu istiqamətdə daha genişmiqyaslı layihələr həyata keçirilməli, birgə əməkdaşlıq məsələləri üzərində işlər aparılmalıdır.

TÜRKSOY-la əməkdaşlığın davamlı olacağını diqqətə çatdıran natiq bildirib ki, hər xalq öz kökünün müqəddəsliyini qoruyub saxlamaq istəyir. Buna görə də biz səylərimizi birləşdirib türksoylu ölkələrin mədəni irsinin qorunmasında birgə addımlamalı və müştərək layihələr təqdim etməliyik.

Ə.Qarayev diqqətə çatdırıb ki, bütün görülən işlər ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na uyğun olaraq həyata keçirilib.

Ə.Qarayev görülmüş işlər, əldə olunmuş uğurlarla yanaşı, problemlərdən də söz açıb.

Tədbirdə gündəlikdə duran məsələlər geniş müzakirə olunub və növbəti il üçün nazirliyin planı təsdiq edilib.

İclasdan sonra keçirilən mətbuat konfransında nazir Əbülfəs Qarayev bir daha il ərzində qazanılmış uğurlardan söz açıb. Qeyd edib ki, kinoteatrlarımızda nümayiş olunan filmlər ya Azərbaycan dilinə dublyajda, ya da subtitrlərlə göstərilməlidir.

Bu təcrübənin dünyanın müxtəlif ölkələrində özünü doğrultduğunu deyən natiq əlavə edib ki, bütün kinoteatrlara məktub göndərilərək yalnız dövlət reyestrinə daxil edilən filmlərin nümayiş olunmasına icazə verilib.

Mətbuatla əlaqələrin daha da səmərəli qurulması üçün gələn ildən qəbul edilmiş strategiyaya uyğun olaraq mühüm işlərin görüləcəyi də diqqətə çatdırılıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan edilmiş milli turizm mövzusuna həsr olunmuş publisistik məqalələr müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafat alanlar arasında AzərTAc-ın əməkdaşı da vardır.

Sonda jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.

 

Azərbaycan.-2014.- 27 dekabr.-  S.5.