Tariximizin və mədəniyyətimizin təbliği naminə

 

Müasir dövrdə muzeylərin sosial-mədəni rolunun əhəmiyyətli dərəcədə artması onları beynəlxalq aləmdə mədəni proseslərin fəal iştirakçısına çevirmişdir. Bu gün muzeylər qloballaşmanın neqativ təsirinə müqavimət göstərən, keçmişlə bağlı həqiqətləri özündə təcəssüm etdirən, mədəni irsi qoruyan müqəddəs məbəd sayılır.

Azərbaycanda muzey işi qədimdən başlayaraq özünəməxsus yol keçmişdir. Azərbaycan hökmdarlarının saraylarında, məbədlərdə, həmçinin digər tikililərdə milli mədəniyyət tarixinin ən müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri mühafizə edilmişdir. Tarixi və bədii əhəmiyyət daşıyan eksponatların mühüm bir hissəsi sonrakı dövrlərdə əsas etibarilə şəxsi kolleksiyalarda toplanmışdır. Eyni zamanda tarixən regionda baş vermiş geosiyasi proseslər nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik əsl sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları arasında yer almışdır.

Təəssüf ki, ölkə ərazisindəki milli mədəni sərvətlərin bir qismi tarix boyu müharibələr, zəlzələlər və digər təbii fəlakətlər nəticəsində məhv olmuşdur. Sovet dövrü repressiyaları zamanı isə onların bir çoxu, o cümlədən dini abidələr - məscid və kilsələr “köhnəliyin qalıqları” sayılaraq dağıdılmış, hətta üstündə ərəb yazısı olan xalçalar belə islam dini ilə əlaqələndirilərək yandırılmışdır. Nəhayət, onu da təəssüflə qeyd etmək lazımdır ki, milli müstəqilliyin bərpasından sonrakı ilk illərdə Ermənistanın işğalına məruz qalmış ərazilərdəki tarix-memarlıq abidələri, xatirə-memorial kompleksləri və muzey-qoruqlar dağıdılmış, fondlarda mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarları bütünlüklə qarət edilmişdir.

Xalqımızın keçdiyi tarixi yolu canlı dəlil-sübutlarla əks etdirən bir çox qədim eksponatmateriallar bu gün Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası və fondlarında qorunub saxlanır. Muzey öz ekspozisiyası ilə xalqın tarixi yaddaşının möhkəmlənməsinə kömək edir, onun tarixi keçmişini, dövlətçilik ənənələrini, mədəniyyətini təbliğ edir.

Muzey 1920-ci il oktyabrın 25-də Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işə başlamış, 1921-ci ilin mayında ilk tamaşaçılarını qəbul etmişdir. İlk vaxtlar muzeydə tarix, arxeologiyaetnoqrafiya, botanikazoologiya, mineralogiyageologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də doğma diyarın tədqiqi cəmiyyəti və qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. Azərbaycan Dövlət Muzeyinin 1925-ci ildə təsdiq edilmiş əsasnaməsinə görə, muzeyin strukturunda edilən dəyişiklik tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və dövrə görə çox zəngin kitabxana fəaliyyətini davam etdirdi.

1923-cü ildə muzeyə direktor təyin edilmiş Davud Şərifovun səyi ilə Moskva, Sankt-Peterburq və Tiflisdən Azərbaycana aid bir sıra eksponatlar, o cümlədən xanlıqların bayraqları, silahlar, rəsm əsərləri və s. muzeyə qaytarıldı. Yeri gəlmişkən, bu il anadan olmasının 130 illiyini qeyd etdiyimiz Davud Şərifovun Tarix Muzeyinin inkişafında böyük rolu olmuşdur. Onun muzeyə rəhbərlik etdiyi 1923-1928-ci illər Azərbaycanda muzeyşünaslığın inkişaf dövrü idi. 1928-ci ildə Davud Şərifovun direktor vəzifəsindən uzaqlaşdırılması muzeyə böyük ziyan vurdu. Muzeyin yeni təyin olunmuş erməni direktoru bir sıra qiymətli eksponatların Moskvada açılmış İnqilab muzeyinə göndərilməsi barədə sərəncam vermişdi. Həmçinin qeyd etmək lazımdır ki, 1930-cu illərin sonu-1940-cı illərin əvvəllərində baş vermiş kütləvi repressiya və müharibə alimlərin və muzey işçilərinin sıralarını seyrəltdi. 1945-ci ildə Azərbaycan SSR EA-nın yaradılması ilə əlaqədar Azərbaycan Tarixi Muzeyi akademiyanın ictimai elmlər bölməsinin tərkibində elmi-tədqiqat idarəsi kimi fəaliyyətə başladı.

Hazırda muzeydə elmi ekspozisiya şöbəsi, üç elmi fond şöbəsi, on fond və bərpa laboratoriyası fəaliyyət göstərir. Muzeyin zəngin kolleksiyası müxtəlif illərdə nəşr edilmiş kataloq, albom, kitab-albom, buklet və məqalələrin əsasını təşkil edir. Muzeyin əməkdaşları Fransa, Britaniya, Rusiya, İran, Almaniya, Polşa, Yuqoslaviya, Bolqarıstan və digər ölkələrdə mühazirələrlə çıxış etmişlər. Muzey indibir sıra xarici ölkələrlə əməkdaşlığı davam etdirir. Muzeyin alimləri Türkiyə, ABŞ, Rusiya, Hindistan, Qazaxıstan, Polşa, Norveç, İtaliya, Britaniya, Belarus, Gürcüstan, Bosniya, Ukrayna və digər ölkələrdə keçirilən simpoziumkonfranslarda uğurla çıxış edirlər.

Azərbaycan mədəniyyətinin təbliğində muzeyin təşkil etdiyi sərgilərin böyük rolu var. Bütün fəaliyyəti ərzində Azərbaycan Tarixi Muzeyi dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərin iştirakçısı olmuşdur. Bu günmuzeyin əməkdaşları Azərbaycanın zəngin mədəniyyətinin xaricdə tanıdılması işində böyük səy göstərirlər. Elə bu yaxınlarda, noyabrın 27-də Milli Azərbaycan Tarixi Muzeyinin Praqada Çexiya Milli Muzeyinin tərkib hissəsi olan Naprstek muzeyinin binasında təşkil etdiyi “Azərbaycan - möcüzəli Odlar yurdu” sərgisinin təntənəli açılışı olmuşdur. Sərgidə Azərbaycanın tarix və mədəniyyətini əyani olaraq əks etdirən 300 eksponat təqdim olunmuşdur. Çoxlu tamaşaçının gəldiyi sərgi maarifləndirici tədbirlərlə müşayiət olundu. Azərbaycanın tarixi və mədəniyyəti barədə ətraflı məlumat vermək məqsədilə sərgi davam edən müddətdə silsilə məruzələr oxunmaqda davam edir. Təqdirəlayiq haldır ki, çex alimlərinin özləri də Azərbaycanın təbliği işində fəallıq göstərmişlər. Sərgi çərçivəsində professor Eduard Qombar Azərbaycan xalqının mənşəyi, ölkəmizin tarixi, xalqımızın adət-ənənələri haqqında məlumat vermişdir. Daha sonra magistr Adriana Stibrna Nizami Gəncəvinin həyat və yaradıcılığı, onun ümumbəşəri mahiyyət daşıyan ədəbi irsi barədə məruzə etmişdir. Həmçinin qonaqlara Azərbaycan mətbəxinin nümunələrindən ibarət süfrə açılmış, milli mətbəximizin xüsusiyyətləri haqqında məlumat verilmiş, eləcə də Azərbaycan rəqsinin bəzi nümunələri nümayiş etdirilmişdir. Sonrakı aylarda Azərbaycan mədəniyyətinin vizit kartı olan Azərbaycan xalçalarının yaranmainkişaf tarixi, dünya kolleksiyalarında qorunan Azərbaycan xalçaları haqqında, dahi Nizaminin Şərq poeziyasına verdiyi töhfələrdən, həmçinin onun əsərlərində Makedoniyalı İsgəndərin obrazının əks olunmasından söhbət açılacaq.

Sərgiyə gələn uşaqlar da yaddan çıxmamışdır. Belə ki, onlar üçün sərgidə guşə ayrılmış, burada rəsm ləvazimatı qoyulmuşdur. Uşaqlarla məşğələ aparılan zaman valideyn istirahət guşəsində əyləşərək Azərbaycan musiqisinə qulaq asa, Azərbaycan haqqında kliplərə tamaşa edə bilər. Çex uşaqlarına Azərbaycanın tarixi və mədəniyyəti barədə daha dolğun məlumat vermək üçün xüsusi uşaq proqramı tərtib edilmişdir. Uşaq proqramında Azərbaycanın coğrafi mövqeyi, ölkənin adının mənası, dövlətçilik rəmzləri, tarix və mədəniyyətinin xüsusiyyətləri sual-cavab şəklində təqdim olunur. Milli Azərbaycan Tarixi Muzeyinin Praqada təşkil etdiyi “Azərbaycan - möcüzəli Odlar yurdu” sərgisi gələn il fevralın 15-dək davam edəcək.

Milli Azərbaycan Tarixi Muzeyi ölkənin zəngin mədəni irsinin qorunması və təbliği ilə bərabər, xarici ölkələrlə əlaqələrinin inkişafına xüsusi diqqət yetirir. “Milli Azərbaycan Tarixi Muzeyinin hədiyyələr kolleksiyası” sərgisinin keçirilməsi və eyniadlı kataloqun nəşri bu işə xidmət edir. Bu il mayın 16-da muzeydə “Dost ellərin hədiyyələri” sərgisi açılmışdır. Sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinə məxsus xatirə əşyaları, Azərbaycan Respublikasına, onun müxtəlif təşkilatlarına və görkəmli xadimlərinə həm xarici ölkələr tərəfindən, həm də respublika daxilində müxtəlif münasibətlərlə verilmiş hədiyyələr - 74 ölkə və bölgəni təmsil edən 600-dən artıq nadir eksponat nümayiş olunmuşdur.

Muzey Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətinin işıqlandırılması yönündə də fəaliyyət göstərmişdir. İyunun 23-də muzeydə görkəmli arxeoloq, Azərbaycanda paleontologiya elminin inkişafına böyük töhfə vermiş Məmmədəli Hüseynovun xatirəsinə həsr olunmuş fotosərginin açılışı oldu. İyulun 23-dək davam etmiş fotosərgidə arxeoloqun həyat və fəaliyyətini əks etdirən nadir fotoşəkillər nümayiş olunmuşdur.

Muzey 2014-cü ildə ölkənin bölgələrində də sərgilər təşkil etməyi planlaşdırmışdı. Bu ilin yanvarında Milli Azərbaycan Tarixi Muzeyi “Gəncə Qala Qapıları - ArxeologiyaEtnoqrafiya Muzeyi Abidə Kompleksi”ndə iki səyyar sərgi - “Azərbaycan milli geyimləri” və “Azərbaycan - qədim sivilizasiya məkanı” sərgilərini təşkil etmişdir. Prezident İlham Əliyev abidə kompleksində olarkən adı çəkilən sərgilərlə də tanış olmuştariximizin əyani surətdə təbliğindən razılığını bildirmişdir. Həmin sərgilərdə 204 eksponat - arxeoloji materiallar, qədim keramika nümunələri, silahlar, bəzək əşyaları, milli geyimlər, tikmələr nümayiş olunmuşdur. Muzeydə Azərbaycan xalqının formalaşdığı ərazinin kosmosdan görüntü xəritəsi, Dərbənd qalasının maketi və digər eksponatlar böyük maraq doğurdu. Qeyd edək ki, bu, dövlət müstəqilliyinin bərpasından bəri Milli Azərbaycan Tarixi Muzeyinin regionlarda keçirdiyi ilk səyyar sərgi idi. İl ərzində sərgilərlə 17,5 mindən çox tamaşaçı tanış olmuşdur.

2008-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin rəsmi internet saytı yaradılmışdır. O vaxtdan bəri sayt xeyli təcrübə qazanmışdır və hazırda ölkənin 50 ən yaxşı saytından biridir. Bu il muzeyin internet səhifəsində yeni məlumatların operativ yerləşdirilməsi təmin olunmuşdur. Belə ki, 2014-cü ildə 81,5 min internet istifadəçisi muzeyin saytına müraciət etmişdir.

Muzey sayt vasitəsilə muzeyşünaslıq işinin inkişafı naminə yerlixarici ölkə muzeyləri ilə sıx əlaqələr qurur. Eyni zamanda 2008-ci ildən etibarən muzey əməkdaşlarının eksponatların öyrənilməsi ilə bağlı nəşr olunmuş əsərlərinin elektron variantları rəsmi saytda yerləşdirilir.

Qarşıda duran vəzifələrdən biri də muzeydə hazırlanmış dövrlər üzrə ekskursiyaların elektron variantlarının yeniləşdirilməsi və rəqəmsallaşdırılmasıdır. Muzey bu işin də öhdəsindən gələcək, tariximizin mühüm mərhələlərini əhatə edən materiallar yerlidünya elmi ictimaiyyəti qarşısına həm də xarici dillərdə olmaqla layiqli şəkildə çıxarılacaq. Gələcəkdə məlumat bazasının bütünlüklə internetdə yerləşdirilməsi isə Azərbaycan və onun tarixi haqqında müfəssəl məlumat əldə etməyi asanlaşdıracaq.

 

Nərgiz ƏLİYEVA,

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi

işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru

Azərbaycan.-2014.- 27 dekabr.-  S.11.