İran və Azərbaycan müştərək
mədəniyyətə malikdir
İran
İslam Respublikasında nəşr olunan “Dəniz” qəzeti
bu ölkənin Azərbaycandakı səfiri Möhsün
Pakayinin müsahibəsini dərc edib.
Səfir
Azərbaycanın sürətlə inkişaf etdiyini və
bunun rəsmi Tehranı sevindirdiyini bildirib. “Hər iki xalq
müştərək mədəniyyətə malikdir.
Xalqların tarixi, dini və milli adət-ənənələri,
ümumilikdə mədəniyyətləri biri-birinə
çox bənzəyir. Odur ki, Bakıda yaşayaraq fəaliyyət
göstərmək bizim üçün heç bir çətinlik
yaratmır. Biz Azərbaycanda özümüzü qəriblikdə
hiss etmirik” – deyə səfir qeyd edib.
İranlı
diplomat vurğulayıb ki, hər iki ölkənin dövlət
rəsmilərinin qarşılıqlı səfərləri
və aparılan danışıqlarda əldə olunan
razılaşmalar Azərbaycan ilə İranın siyasi cəhətdən
də yaxınlaşmasını şərtləndirir. Azərbaycan
və İran diplomatları beynəlxalq təşkilatlar
çərçivəsində səmərəli əməkdaşlıq
edir və bir sıra məsələlərə dair vahid
mövqe nümayiş etdirirlər.
Media
sahəsində əməkdaşlıq əlaqələrindən
danışan M.Pakayin bildirib ki, azərbaycanlı jurnalistlərin
İrana, iranlı jurnalistlərin isə Azərbaycana səfərləri
təşkil olunub. Bu səfərlər geniş ictimaiyyətə
obyektiv məlumatların çatdırılmasına şərait
yaradır. Mətbuat nümayəndələrinin
qarşılıqlı səfərləri davam etdiriləcək.
İqtisadiyyat
və ticarət əlaqələrinin də yüksələn
xətlə inkişaf etdiyini diqqətə çatdıran səfir
yaxın gələcəkdə iki ölkə
arasındakı münasibətlərin daha da
yaxınlaşacağına əminliyini ifadə edib.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran
Azərbaycan.-2014.- 27 dekabr.- S.12.