Dövlətin diqqət və qayğısı “Qarabağ”ı yeni qələbələrə ruhlandırır

 

İqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə, söz sahibinə çevrilən Azərbaycan artıq dünyada idman ölkəsi kimi də tanınır. İdmanın inkişafına göstərilən diqqət və qayğı, paytaxt Bakının, eləcə də digər şəhər və rayonların çoxsaylı beynəlxalq turnirlərə ev sahibliyi etməsi, yeniyetmə və gənc idmançıların qazandıqları uğurlar buna dəlalət edir.

Azərbaycan başda Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi kimi nüfuzlu təşkilatlar olmaqla, bütün beynəlxalq idman qurumları ilə sıx təmasdadır. Son illər qarşılıqlı əlaqələr daha da genişlənir. Bunu beynəlxalq idman təşkilatları rəhbərlərinin Bakıya intensiv səfərləri və ölkəmizdə keçirilən mötəbər turnirlər də təsdiq edir.

Gələn il ilk dəfə təşkil olunacaq Avropa Oyunlarının məhz Azərbaycana həvalə edilməsi beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə görülən işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verdiyi yüksək qiymətdir. Bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin yeritdiyi idman siyasətinin təntənəsidir.

Ölkədə inkişaf edən idman növlərindən birifutboldur. Prezident İlham Əliyevin 10 oktyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” müasir Azərbaycan futbolunun inkişaf tarixində yeni mərhələnin əsasını qoydu. Artıq komandalarımız avrokuboklarda uğurlu çıxışları ilə qitənin idman ictimaiyyətinin diqqət mərkəzindədirlər.

Belə klublardan biri də Ağdamın “Qarabağ” komandasıdır. Məlum olduğu kimi, ağdamlıların cari mövsümdə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “İnter”lə (İtaliya) keçirdikləri matçda hakim kobud səhvə yol verdi. Çexiyalı arbitr Miroslav Zelinkanın görüşə əlavə olunmuş sonuncu dəqiqədə vurduğumuz təmiz qolu qeydə almaması “Qarabağ”ı tarixi zəfərdən məhrum etdi.

Dekabrın 17-də Prezident İlham Əliyev “Qarabağfutbol klubunun üzvlərini qəbul etdi. Dövlət başçısı “İnter”lə oyunda hakim ədalətsizliyinə məruz qalmış “Qarabağ”ın artıq tarixə düşdüyünü dedi. Prezident komandanın vurduğu qolun hesaba alınmamasını hakim briqadasının qeyri-peşəkarlığı, yaxud da qərəzli mövqeyi nəticəsində baş verdiyini vurğuladı:

Siz böyük qələbələrə layiq idinizbu qələbələr bütün dünyanın gözü qarşısında sizin əlinizdən alındı” deyən dövlət başçısı ədalətsizliklə barışmağın çətin olduğunu, ölkəmizin də bir sıra məsələlərdə belə faktlarla qarşılaşdığını qeyd etdi. Prezident bəyan etdi ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan azadlıq, müstəqillik yolu ilə gedirheç bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz.

Dövlət başçısı son matçda hakim ədalətsizliyinə qarşı emosiyalarını cilovlayaraq yüksək mədəniyyət nümayiş etdirən komandanın artıq tarixə düşdüyünü bildirdi: “Mən sizi ilk növbədə ona görə dəvət etmişəm ki, son illər göstərdiyiniz oyunlar, əlbəttə, məni də, xalqımızı da sevindirir. Digər tərəfdən, bilirəm ki, komanda üçün indiki dövr o qədər də asan deyil. Çünki sizin bütün fikirləriniz artıq növbəti mərhələdə idi. O mərhələdə siz çıxış etməli idiniz. Bu qələbə sizdən vicdansızcasına oğurlanıb. Ancaq həyat davam edir. Bu ədalətsizlik sizi ruhdan salmamalıdır. Əksinə, sizi daha da çox ruhlandırmalıdır ki, qələbə əzmi daha da güclü olsun, növbəti yarışlarda Avropa idman ailəsinə bir daha sübut edəsiniz ki, “Qarabağfutbol klubu böyük uğurlara imza ata və Azərbaycan futbolunu ləyaqətlə təmsil edə bilər. Klubun adı “Qarabağ”dır, bu da sizin üzərinizə əlavə məsuliyyət qoyur. Əminəm ki, gələcək illərdə siz bu gözəl adı şərəflə, ləyaqətlə daşıyacaqsınız və “Qarabağklubu Azərbaycan xalqını yeni qələbələrlə sevindirəcəkdir”.

Prezident İlham Əliyevlə görüşün təəssüratlarını öyrənmək üçünQarabağ” komandasının təmsilçiləri ilə görüşüb söhbət etdik. Onlar görüşün gələcəkdə komandada məsuliyyəti daha da artıracağını qeyd etdilər.

Əmrah Çəlikəl (“Qarabağ”ın idman direktoru): “Cənab Prezidentin bizi qəbul etməsi böyük bir hadisədir, həqiqətən, bizə verilən ən böyük qiymətdir. Çalışacağıq ki, bu qiymətə layiq olaq. Bundan sonra Azərbaycanı Avropada daha yaxşı təmsil etməliyik. Prezidentin bu addımı bizi çox ürəkləndirdi. Deyiləsi sözlərim çoxdur. Ancaq ölkə rəhbərinin klubumuza göstərdiyi diqqət barədə duyğularamı dilə gətirməkdə çətinlik çəkirəm. Cənab Prezident bizi həmin oyunun qalibi adlandırdı. Hakimin etdiyi haqsızlıqdan danışdı. Ruhdan düşməməyimizi, bizdən daha böyük uğurlar gözlədiyini dedi. Bu, hər bir klub rəsmisinin, futbolçunun eşitmək istədiyi sözlərdir. Ölkə Prezidentinə minnətdarlığımızı bildiririk ki, sahibsiz olmadığımızı göstərdi. Bu görüş çox yerinə düşdü. Doğrudan da bu günə qədər ruh düşkünlüyü var idi. Hakim haqsızlığı futbolçularımıza psixoloji cəhətdən mənfi təsir göstərmişdi. Ancaq bu gün gördük ki, cənab Prezident bizdən çox böyük uğurlar gözləyir. Ona görə də ümidləri doğrultmalıyıq. Bu görüş bizim üçün əvəzolunmaz stimuldur”.

Qurban Qurbanov (komandanın baş məşqçisi): “Azərbaycanda idmanın inkişafı dövlət tərəfindən dəstəklənir və məhz dövlətin yeritdiyi siyasət nəticəsində müasir idman infrastrukturu yaradılır. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən bu siyasət təkcə idman qurğularının inşa edilməsi ilə məhdudlaşmır. Belə ki, istər paytaxtda, istərsə də regionlarda inşa edilən müasir idman bazaları ilə yanaşı, digər infrastruktur obyektləri də müasirləşdirilir. Bu gün ölkəmizdə hər bir idman növü kimi, futbola da qayğı diqqət mərkəzindədir. Dekabrın 17-də cənab İlham Əliyevlə çox dəyərli bir görüş oldu. Məşqçi heyəti, rəhbərliklə yanaşı, futbolçular da görüşdə iştirak etdilər. Dövlət başçısı “Qarabağ” haqqında tam məlumatlı idi. Onun futbolçuların yanında olması və onları qalib kimi qarşılaması bizdə özünəinam hissini daha da artırdı. Problemlərimizlə maraqlandı və xalqımızın adından bizi təbrik etdi. Təmiz qələbə qazandığımızı, amma hakimə görə növbəti mərhələyə çıxa bilmədiyimizi vurğuladı. Onu da qeyd edim ki, “Qarabağ” Avroliqanın qrup mərhələsinə yüksələndə də dövlət başçısı məni telefon vasitəsilə təbrik etmişdi. Bu dəfə isə bizimlə görüşdü. Biz gələcəkdə daha diqqətli və məsuliyyətli olmalıyıq ki, Azərbaycan futbolu üçün uğurlar qazanaq. Fərəhli haldır ki, bu gün idmançılarımız ən nüfuzlu beynəlxalq turnirlərdən çempion olaraq vətənə qayıdırlar. Tam əminliklə söyləmək olar ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan idmanını, futbolunu hələ çox nailiyyətlər gözləyir. Bir daha dövlət başçısına təşəkkürümü bildirirəm”.

Rəşad Sadıqov (komandanın kapitanı): “Bu mənim ölkə Prezidenti ilə üçüncü görüşüm idi. Cənab İlham Əliyevin bizi salamlaması, “İnter”lə oyunda bizi qalib hesab etməsi çox xoş idi. Ölkə rəhbəri ilə görüş bizim üçün fəxrdir. Bu, qarşıdakı oyunlarda məsuliyyətimizi daha da artıracaq”.

Vüqar Nadirov (hücumçu): “Həyatımda ən məsuliyyətli və qürurverici görüşlərdən biri oldu. Cənab Prezidentin komandaya azarkeşlik etməsi bizi daha da ruhlandırdı və növbəti oyunlarda qələbə üçün bizə güc verdi. Söz veririk ki, Azərbaycanın adını zirvələrə qaldırmaq, növbəti tarixi qələbələrə imza atmaq üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik. Həmişə cənab Prezidentin etimadını doğruldacağıq. Dövlət başçısının tövsiyələri heç vaxt yadımızdan çıxmayacaq. Biz Azərbaycanın bayrağını və himnini həmişə qəlbimizdə əziz tutmalıyıq”.

Qara Qarayev (yarımmüdafiəçi): “Avroliqada komandamıza edilən böyük haqsızlıqdan sonra dövlət başçısı İlham Əliyevin bizi qəbul etməsi futbolçulara əlavə güc verdi. Həqiqətən, bu görüş gələcək uğurlara ümidimizi xeyli artırdı. Bu dəstək sayəsində yeni-yeni qələbələr qazanacağıq. Çünki cənab İlham Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı naminə atdığı addımlar Azərbaycanı dünyaya idman ölkəsi kimi də tanıtmışdır. Bu istiqamətdə görülən işlərin yeni mərhələdə daha da genişləndirilməsi uğurlarımızı artıracaqdır. Gələn mövsümdən etibarən məqsədimiz UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır”.

İnanırıq ki, “Qarabağ”ın uğurları digər klublarımız üçün örnək olacaq. Dövlətin yürütdüyü məqsədyönlü siyasət digər idman növləri kimi, futbolun da inkişafına zəmin yaradır. Şübhə etməmək olar ki, iqtisadi inkişaf tempinə görə dünya liderləri sırasında yer alan Azərbaycan futbolda da öz sözünü deyəcək.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2014.- 28 dekabr.-  S.1.