Azərbaycan Prezidenti İlham Əliyev
Dövlət Neft Fondunun
yeni inzibati binasının
açılışında iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva dekabrın 29-da - Dövlət
Neft Fondunun yaradılmasının 15-ci ildönümü
günündə bu qurumun yeni inzibati binasının
açılışında iştirak ediblər.
Azərbaycanda Neft Fondunun yaradılması ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş mükəmməl neft strategiyasının bəhrələrindəndir. 2009-cu il dekabrın 29-da Prezident İlham Əliyevin iştirakı ilə Neft Fondunun yeni inzibati binasının təməli qoyulub. Ötən müddətdə ən müasir standartlar səviyyəsində aparılan tikinti-quraşdırma işləri başa çatdırılıb.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezident İlham Əliyevə yeni inzibati bina haqqında məlumat verdi.
Qüllə ilə birlikdə 24 mərtəbəli binanın hündürlüyü 140 metrdir. Dövlət Neft Fondunun yeni binası “BREEAM Assessment” qiymətləndirmə dərəcələrinin tələbləri nəzərə alınmaqla tikilib. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb.
Binanın interyeri Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən dizayn konsepsiyası əsasında qurulub. Bunlar Şirvan, Təbriz, Gəncə, Naxçıvan, Qarabağ, Quba, İrəvan, Bakı və Qazax xalçaçılıq məktəbləridir. Hər mərtəbə həmin xalçaçılıq məktəblərindən birinin motivləri əsasında işlənmiş xüsusi dizayna malikdir. Birinci mərtəbədə dizayn Şirvan və Təbriz xalçaçılıq məktəblərinin elementlərinə əsaslanır. Təbriz xalçaçılıq məktəbinə aid Ərdəbil xalçasının burada yaradılan mozaikası dünyanın nadir incəsənət əsərlərindən sayıla bilər.
Binanın birinci mərtəbəsində Heydər
Əliyev guşəsi yaradılıb. Burada Ulu Öndərin heykəli
qoyulub. Bir sıra dövlət mükafatları laureatı,
xalq rəssamı Tahir Salahovun rəhbərlik etdiyi layihə əsasında
hazırlanan heykəl xalq rəssamı, professor, heykəltəraş
Natiq Əliyev tərəfindən yaradılıb. Birinci mərtəbədə
yerləşən gözləmə və istirahət sahələrindən
ibarət olan “Petroleum lounge” daxili pilləkənlər vasitəsilə
kitabxana ilə əlaqələndirilib. Şirvan
xalçaçılıq məktəbinə xas
naxışlar “qış bağı”, “Petroleum lounge” və
lift lobbilərinin dizaynında geniş yer alıb. “Qış
bağı”nın dekorasiyası üçün Şirvan xalçaçılıq
məktəbinə aid Qobustan xalçasının motivlərindən
istifadə olunub. Birinci mərtəbənin yarımmərtəbəsi
Gəncə xalçaçılıq məktəbinin
elementləri ilə işlənib. Kitabxana burada yerləşir.
Kitabxanada ulu öndər Heydər Əliyevin neft
strategiyası, müstəqillik illərində ölkəmizdə,
o cümlədən regionlarda həyata keçirilən
kompleks yenidənqurma tədbirləri, Azərbaycanın ötən
illərdə keçdiyi şərəfli inkişaf yolundan bəhs
edən kitablar yer alıb. Binada ən müasir standartlara cavab
verən 7 lift quraşdırılıb.
Prezident
İlham Əliyevə Fondun yeni inzibati binasının
tikintisinin gedişi ilə bağlı qısa film
nümayiş etdirildi.
Muzeydə
Azərbaycanın neft tarixi və ümummilli lider Heydər Əliyevin
neft strategiyası geniş əksini tapıb. Buradakı stendlərdə
Dövlət Neft Fondunun fəaliyyəti, ötən 15 ildə
qazandığı uğurlar, maliyyələşdirdiyi layihələr
və investisiyalar barədə ətraflı məlumat almaq
mümkündür. Artıq Fondun Türkiyə, ABŞ,
Kanada, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, ümumilikdə
79 ölkədə investisiyaları var. Əsas prinsiplərindən
birini şəffaflıq təşkil edən Dövlət
Neft Fondunun layiq görüldüyü “BMT-nin Dövlət
Qulluğu” və digər mükafatlar da muzeyin
ekspozisiyasında yer alıb. Xatırladaq ki, Fond Şərqi
Avropa və MDB ölkələrinin dövlət təşkilatları
arasında bu mükafata layiq görülən ilk dövlət
qurumudur.
Yeni
binadakı akt salonu 200 nəfərlikdir. 150 nəfərlik yeməkxana
da müasirliyi və orijinal dizaynı ilə diqqəti cəlb
edir. Konfrans salonunda 40 nəfərin iştirakı ilə
müvafiq tədbirlər keçirmək mümkün olacaq.
Bütün otaqlar və zallar ən son elmi-texniki yeniliklərə
əsaslanan avadanlıqla təchiz olunub. Burada səmərəli
fəaliyyət üçün hərtərəfli şərait
yaradılıb.
Binada
informasiya texnologiyalarının normal işini təmin etmək
məqsədilə müasir “Data Center” yaradılıb. Həmin
mərkəz hesabına fasiləsiz, etibarlı e-mail, İP
telefoniya, simsiz şəbəkə, audio-video telekonfrans,
İPTV, videomüşahidə, mərkəzləşdirilmiş
anten və müvafiq proqram sistemləri təmin olunub.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva
binanın dizaynında Naxçıvan
xalçaçılıq məktəbinin motivlərindən
istifadə olunan 22-ci mərtəbəsindən paytaxtın mənzərəsini
seyr etdilər.
Hazırda Bakı nəinki respublikamızın, eləcə də dünyanın ən gözəl və müasir şəhərlərindən biridir. Ölkəmizin paytaxtı tədricən meqapolisə çevrilir. Bakı planetdə ən sürətlə inkişaf edən şəhərlərdən biridir.
Yeni inzibati binada milli mənəvi dəyərlərin, o cümlədən Azərbaycanın mükəmməl xalçaçılıq sənəti ilə yanaşı, klassik musiqisinin geniş təbliği də diqqət mərkəzində saxlanılır.
Burada Azərbaycanda ilk dəfə olaraq Bina
İdarəetmə Sistemi quraşdırılıb. İnsan
müdaxiləsinin minimuma endirildiyi həmin sistemdə inzibati
binanın texniki, təhlükəsizlik və informasiya
texnologiyaları məsələləri mərkəzləşib.
Binanın havalandırılması da müasir BMS proqramı vasitəsilə
həyata keçirilir. Ekoloji məsələlər də
xüsusi diqqət mərkəzində saxlandığından
bura yaşıl bina standartlarına cavab verir.
Binada alternativ enerjidən istifadə məqsədilə ərazidə günəş panelləri quraşdırılıb.
Binanın zirzəmi hissəsində ən müasir standartlara cavab verən yeraltı avtomobil dayanacağı da inşa olunub.
Burada Fondun mütəxəssislərinin hərtərəfli fəaliyyəti və strateji ehtiyatların səmərəli idarə edilməsi üçün maksimum şərait yaradılıb.
Yaranmasının 15 illiyini qeyd edən Dövlət Neft Fondunda əgər 2001-ci ildə 270 milyon dollar məbləğində vəsait var idisə, hazırda bu məbləğ 37 milyard dolları üstələyir. Ötən dövrdə Neft Fondunun vəsaitlərinin idarə edilməsi sahəsindəki fəaliyyətində bir sıra yeniliklər tətbiq edilib. Fondun portfelində səhmlər, daşınmaz əmlak və qızıl kimi yeni investisiya alətləri geniş yer alıb. Hazırda Azərbaycanın Dövlət Neft Fondu beynəlxalq aləmdə institusional quruculuq, vəsaitlərin səmərəli idarə edilməsi, əməliyyatların şəffaflığı və informasiyanın açıqlığına görə fərqlənən və böyük nüfuza malik qurum kimi tanınır.
Yeni inzibati bina ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.-2014.- 30 dekabr.- S.1.