Heydər Əliyev Fondunun
prezidenti Mehriban
Əliyeva Respublika Uşaq
Sanatoriyasında yenidənqurmadan sonra
yaradılan şəraitlə tanış olub
Dekabrın
29-da Səhiyyə Nazirliyinin Bakının Buzovna qəsəbəsindəki
Respublika Uşaq Sanatoriyasının yenidənqurmadan sonra
açılışı olub.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva və qızı Arzu Əliyeva
açılışda iştirak ediblər.
Səhiyyə
naziri Oqtay Şirəliyev görülən işlər barədə
Azərbaycanın birinci xanımına ətraflı məlumat
verdi. Bildirildi ki, 1986-cı ildə fəaliyyətə
başlayan sanatoriyada heç vaxt təmir işləri
aparılmayıb. Bina istifadəyə yararsız olduğundan
2012-ci ilin iyunundan burada yenidənqurma işlərinə
başlanılıb. Altımərtəbəli binanın
ümumi sahəsi 8 min kvadratmetrdir. Sanatoriyanın
elektrokardioqrafiya, fizioterapiya, tədris-məşğələ,
psixoloq, oyun otaqları və palataları ən müasir tibbi
avadanlıqla təchiz edilib. Binada 182 nəfərlik tibbi heyətin
uşaqlara ən yüksək səviyyədə xidmət
göstərməsi üçün geniş imkanlar var. Səhiyyə
müəssisəsində somatik xəstəliyi olan 4-14
yaşlı uşaqlar müalicə alacaqlar. Sanatoriyaya
respublikanın bütün bölgələrindən olan
uşaqlar qəbul edilir. Tibb ocağında xüsusi
qulluğa ehtiyacı olan uşaqların anaları
üçün də palata nəzərdə tutulub. Binada
fizioterapiya və bərpa şöbəsi, müalicəvi
idman və 100 yerlik akt zalları, müalicəvi vannaların
olduğu dörd otaq yaradılıb.
Azərbaycanda
səhiyyə sektorunun inkişafı ilə bağlı
islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin
başlıca istiqamətlərindən birini təşkil
edir. Son illər Prezident İlham Əliyevin səhiyyənin
inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü
siyasət bu sahənin keyfiyyət və kəmiyyət
göstəricilərinin yüksəlməsinə səbəb
olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm
qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət
proqramlarının hazırlanaraq həyata keçirilməsi,
əhalinin sağlamlığının daha etibarlı şəkildə
qorunması, onların ən yüksək səviyyədə
tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə
reallaşdırılan siyasətin əsas prioritetləridir.
Ölkəmizin
gələcəyi olan uşaqların təlim-tərbiyəsinin
yüksək səviyyədə təşkili ilə
yanaşı, onların sağlamlığının
qorunması da dövlətimizin daim diqqət mərkəzindədir.
Bu məsələyə Heydər Əliyev Fondu da öz
töhfəsini verir. Ölkəmizdə uşaqların
sağlamlığının qorunması, eyni zamanda, səhiyyə
sisteminin daha da təkmilləşdirilməsi, onun maddi-texniki
bazasının müasirləşdirilməsi işində
Fondun həyata keçirdiyi çoxsaylı proqram, layihə və
tədbirlər mühüm əhəmiyyətə malikdir. Bu
tədbirlərin uğurlu icrası nəticəsində Azərbaycanda
çoxlu səhiyyə ocağı inşa edilib, ən
müasir tibbi avadanlıq və inventarla təchiz olunub.
Mövcud səhiyyə müəssisələrinin bir
çoxu isə əsaslı təmir edilərək istifadəyə
verilib.
Səhiyyə
Nazirliyinin Bakının Buzovna qəsəbəsindəki
Respublika Uşaq Sanatoriyasında yenidənqurmadan sonra
yaradılan şərait bir daha təsdiqləyir ki, gələcəyimiz
olan uşaqların sağlam böyümələri
üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın rəhbərliyi ilə həyata keçirilən
tədbirlər ardıcıl xarakter alıb.
Azərbaycan.-2014.- 30 dekabr.- S.3.