Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva kimsəsiz
məzunlar üçün
Masazırda tikilmiş binanın açılışında
iştirak edib
Dekabrın
29-da Bakının Masazır qəsəbəsində valideyn
himayəsindən məhrum olmuş kimsəsiz məzunların
yerləşdirilməsi üçün 120 mənzildən
ibarət binanın açılış mərasimi olub.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva mərasimdə iştirak edib.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Baş nazirin
müavini Abid Şərifov binanın rəmzi
açılışını bildirən lenti kəsdilər.
Heydər
Əliyev Fondunun təşəbbüsünə qoşularaq
Ərazilərin Bərpası və Yenidən Qurulması
üzrə Agentliyin həyata keçirdiyi böyük sosial əhəmiyyətli
layihələrdən biri yetkinlik yaşına
çatdıqdan sonra internat evlərini tərk edən kimsəsiz
məzunların yerləşdirilməsi üçün
yaşayış binasının tikilməsidir. Valideyn himayəsindən
məhrum olan uşaqları hər zaman diqqətdə saxlayan
Mehriban Əliyeva əslində bu addımı ilə Azərbaycanın
xoşbəxt gələcəyinin təmin olunması işinə
öz töhfəsini verir. Rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun həyata keçirdiyi “Uşaq evlərinin və
internat məktəblərinin inkişafı” proqramı bu
kateqoriyadan olan uşaqların həyat şəraitinin
yaxşılaşdırılmasına, onların hər zaman
diqqət və qayğı ilə əhatə olunmasına
geniş imkanlar açıb.
Heydər
Əliyev Fondunun prezidenti çoxdan bəri ictimai narahatlıq
doğuran ciddi bir məsələnin - uşaq evlərində
tərbiyə alan və 18 yaşı tamam olmuş gənclərin
mənzillərlə təmin edilməsi ilə bağlı
problemin həllinə nail olub. Hazırda ölkəmizdə
uşaq müəssisələrində valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş 9
min 875 uşaq dövlət himayəsində yaşayır.
Uşaq evləri və internatlarda həmin uşaqlara dövlətimiz
tərəfindən 18 yaşınadək baxılır.
Yetkinlik yaşına çatıb uşaq evlərini tərk
edən məzunların yerləşdirilməsi, onların
sosial müdafiəsinin təmin edilməsi, cəmiyyətə
inteqrasiya olunması istiqamətində də dövlət tərəfindən
ardıcıl tədbirlər görülür. Prezident
İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın bu məsələyə diqqət və
qayğısının nəticəsi olaraq, Nazirlər
Kabinetinin müvafiq Sərəncamı əsasında
Abşeron rayonunun Masazır qəsəbəsində hər
iki valideynini itirmiş kimsəsiz məzunların yerləşdirilməsi
ilə əlaqədar yaşayış binasının
tikintisi üçün dövlət büdcəsindən vəsait
ayrılıb. İlkin mərhələdə 120 mənzilli,
240 nəfərlik 13 mərtəbəli yaşayış
binasının və infrastruktur obyektlərinin tikintisi
başa çatdırılıb. Sonrakı mərhələlərdə
isə əlavə hər biri 120 mənzilli, cəmi 540 nəfərlik
13 mərtəbəli 2 yaşayış binasının
tikintisi nəzərdə tutulub.
İstifadəyə
verilən binada 50 yerlik kafe və mətbəx, bərbərxana,
ticarət salonu, stolüstü oyunlar və internet zalları,
camaşırxana var. Binada bütün lazımi şərait
yaradılıb. Mənzillərin hamısı mebel, inventar və
avadanlıqla, o cümlədən mətbəx
avadanlığı və yataq dəstləri ilə təchiz
edilib. Binada fəaliyyət göstərəcək xidmət
sahələrində də məzunların özləri
çalışacaqlar ki, bu da 35 nəfər kimsəsiz məzunun
daimi işlə təmin olunması deməkdir.
Birinci
xanım Mehriban Əliyeva burada yaradılan şəraitdən
razılığını bildirdi, valideyn himayəsindən məhrum
olan uşaqlar üçün inşa edilən yeni binanın
açılışı münasibətilə təbriklərini
çatdırdı.
Azərbaycan.-2014.- 30 dekabr.- S.3.