Ata yolu
Azərbaycanda elektrik enerjisinə tələbatdan çox hasilat mənbəyi olmalıdır.
Heydər ƏLİYEV
Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafında olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.
İlham ƏLİYEV
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində tikilmiş Şəmkir SES və Yenikənd SES-dən sonra bu işıqlı yolun davamı kimi 2014-cü il noyabrın 15-də Daşkəsən və Gədəbəy rayonlarının qovuşuğunda - Şəmkirçay üzərində yaradılmış su anbarı ilə birgə gücü 25 meqavat olan, ildə 56 milyon kilovat elektrik enerjisi istehsal edən su-elektrik stansiyası istismara verildi. Bölgəyə yeni həyat, bolluq-bərəkət bəxş edəcək dəryaçanın ümumi su tutumu 164,5 milyon kubmetr, bəndin nüvə hissəsindən hündürlüyü 196 metr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir.
Beləcə ötən ayın ortalarında ümummilli lider Heydər Əliyevin bir arzusu, bir istəyi də reallığa çevrildi. Ulu öndər respublika əhəmiyyətli bu layihəni həyata keçirmək üçün hələ 1981-ci ildə Şəmkirçay üzərində su anbarı və kiçik su-elektrik stansiyası yaradılmasının texniki-iqtisadi sənədlərini hazırlatdırmışdı. Lakin Sovetlər birliyinin dağılmasına aparan məlum hadisələr nəinki bu layihəni, hətta Yenikənd SES-in yarıya çatmış tikintisini də əngəllədi. Nəticədə yarımçıq tikili sahibsizlik və baxımsızlıq ucbatından dağılıb-sökülmək təhlükəsi ilə üzləşdi. İdarəetmə sistemindəki hərc-mərclik ölkəni vətəndaş müharibəsinə, parçalanmaya sürükləyirdi. Yaxşı ki, bu zaman kəsiyində Azərbaycan xalqının səsinə səs verən, böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürdü. Ulu öndər hakimiyyətə qayıdandan az sonra yarımçıq tikintinin inşasına da xüsusi diqqət ayırdı. Qüvvələr səfərbərliyə alındı, iki-üç növbəli iş rejimi yaradıldı, obyektdə işlər sürətləndirildi. Nəticədə 2000-ci il mayın 23-də ulu öndərin iştirakı ilə Yenikənd SES işə salındı.
Amma ulu öndərin vaxtilə Şəmkir dəryaçasının tikintisi ilə bağlı hazırlatdırdığı möhtəşəm layihə müharibə şəraitində yaşayan ölkənin böyük kapital qoyuluşu imkansızlığından arzu olaraq qalırdı. Sevindirici haldır ki, ümummilli liderin bu ideyası Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi. Beş il bundan əvvəl ölkə rəhbəri İlham Əliyevin iştirakı ilə 2009-cu ilin gözəl bir may günündə təməli qoyulan Şəmkirçay su anbarının tikintisinə 700 milyon manatdan çox vəsait xərclənib. Bu, Taxtakörpü su anbarından sonra qeyri-neft sektorunda həcminə görə həyata keçirilən ən böyük layihədir. Uğurla reallaşan Şəmkirçay su anbarının, burada yaradılan su-elektrik stansiyası və su kanallarının açılışında Prezident İlham Əliyev də iştirak etmişdir. Şəmkirçay su anbarı ölkəmizin iqtisadi və sosial inkişafına böyük töhfə verəcək strateji bir layihədir. Göründüyü kimi, ulu öndərin Azərbaycanın energetika sisteminin inkişaf etdirilməsi kursunu onun layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Son on ildə ölkəmizdə dünya standartlarına uyğun elektrik istehsalı sahələrinin yaradılması bunu deməyə əsas verir. Başqa bir misal: Bakıda, Xəzər rayonunda sovet dönəmindən qalmış “Şimal” DRES-in ərazisində Yaponiya hökumətinin ayırdığı qrant hesabına 400 meqavat gücündə buxar qaz qurğusu (BQQ) da neçə ildir fəaliyyətdədir, artıq burada gücü 409 meqavat olacaq BQQ-nin inşası başa çatmaq üzrədir.
Son on ildə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə neçə-neçə yeni enerji mənbələri yaradılıb. Astara, Şəki, Xaçmaz, Quba rayonlarında, Bakı şəhərində və Sumqayıtda Finlandiyanın “W Vartsila” şirkətinin avadanlıqları əsasında elektrik stansiyası tikilib istifadəyə verilib. Bu sırada Şirvan şəhərində iki il bundan öncə ən müasir texnologiyalar əsasında istifadəyə verilmiş 800 meqavat gücündə Şirvan elektrik stansiyasının fəaliyyəti də xüsusi qeyd olunmalıdır.
Son illər ölkənin
hidropotensialından daha
səmərəli istifadə
olunur. Məsələn,
Naxçıvan Muxtar
Respublikasındakı “Arpaçay-2” Su- Elektrik Stansiyası, su anbarı və sutəmizləyici qurğular kompleksi, Şabran rayonu ərazisində yaradılan
Taxtakörpü su anbarı, su elektrik stansiyası, Taxtakörpü-Ceyranbatan su
kanalı və Füzuli rayonunda inşa edilən su- elektrik stansiyası,
habelə bu günlərdə respublikamızın
qərb bölgəsində
istifadəyə verilmiş
Şəmkirçay su
anbarı, su-elektrik stansiyası, su-kanalı buna bariz nümunədir.
Həmin
mənbələr ölkəmizdə
enerji sisteminin fasiləsiz təminatında
müstəsna əhəmiyyətə
malikdir.
Dövlətin elektroenergetika siyasətində
alternativ və bərpa olunan enerji mənbələrinin
yaradılması prioritet
təşkil edib. Bu istiqamətdə də dünya standartlarına uyğun layihələr həyata keçirilib.
Dövlət başçısının
müvafiq sərəncamı
ilə Sənaye və Energetika Nazirliyinin bazasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb, habelə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması
üzrə Dövlət
Proqramı” qəbul edilib. Dövlət proqramının tələb və tövsiyələrinə uyğun
ölkənin ayrı-ayrı
regionlarında dağ
çaylarının potensialından
istifadə olunmaqla kiçik su-elektrik stansiyaları, günəş
və külək elektrik stansiyaları yaradılıb. Həyata keçirilən
layihələr hesabına
ölkə ərazisində
təxminən 3 min meqavatdan
yuxarı yeni enerji gücləri əldə olunub. Bu da Azərbaycanda
elektrik enerjisinə tələbatdan çox hasilat mənbələrinin
yaranmasına və respublikamızın enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsinə
təminat yaradıb.
Şəmkirdə, boz dağların ətəklərindəki ormanlıqlardan keçən Kür çayının üzərində yaradılmış, ulu öndərin əvəzsiz yadigarları - möhtəşəm Şəmkir SES və Yenikənd SES, Şəmkirçay su anbarı, ildə 56 milyon kilovat elektrik enerjisi istehsal edəcək su-elektrik stansiyası nəinki Şəmkir rayonunun, bütövlükdə bölgənin ictimai-iqtisadi həyatında ölçüyəgəlməz dəyərlərə malikdir. Bu obyektlər strateji əhəmiyyəti ilə yanaşı, həm də bolluq-bərəkət mənbəyi, insanların xoş güzəranı deməkdir. Şəmkir, Göygöl, Samux, Goranboy rayonlarında 54 min hektar torpağın su ilə təminatı əvəzolunmaz dərəcədə yaxşılaşacaq, Gəncə və Şəmkir şəhərlərinin əhalisi daimi içməli su ilə təmin olunacaq, Samux rayonunun Nəbiağalı qəsəbəsinə və ehtiyac duyulan digər yerlərə su veriləcəkdir... Prezident İlham Əliyevin sözləri ilə desək, “Suvarma, meliorasiya, kənd təsərrüfatı, sahibkarlıq, enerji təhlükəsizliyi, içməli su, yəni insanların sağlamlığı və inkişafı. Bax budur bir layihədə cəmləşən amillər”.
Gəncədən Şəmkirə doğru uzanan magistral yolun sağ tərəfində heç vaxt suvarma suyu görməyən sahələrə dəryaçadan su axıdılacaq. Yabanı kol-kosdan başqa heç nə bitirməyən, bel, kətmən dəyməyən 17 min hektar ərazi yaxın illərdə əkin və meyvə bağları, bostançılıq və bitkiçilik, fermer təsərrüfatları hesabına başqa görkəm alacaq. Bu, eyni zamanda, yüzlərlə insanın iş yeri, minlərlə ailənin dolanışığı, təmiz hava, sağlamlıq və təbii ekoloji sərvət - yeni həyat deməkdir. Necə deyərlər, bölgəyə yeni ab-hava, xoş ovqat gəlib. Dövlət başçısı İlham Əliyev regionlara səfərləri zamanı çıxışlarında dəfələrlə bəyan etmişdir: “Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, iqtisadiyyatın dinamik inkişafı, ölkə vətəndaşlarının firavan həyatı, ən nəhayət, Azərbaycanın elektrik enerjisi istehsalı sahəsində dünya dövlətləri sırasında layiqli yer tutması - bu idi ulu öndərin arzusu, istəyi, tələbi. Bu istəyi isə ümummilli liderin özü qədər inandığı, ata yolunun davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev uğurla reallaşdırır.
Rəhman SALMANLI,
Azərbaycan.-2014.- 30 dekabr.- S.7.