Qarabağ dərdi - erməni vandalizmi
Azərbaycanda, daha geniş coğrafi məkanda götürsək, türk dünyasında qanlı terror törətməklə özlərinin vandalizm siyasətini yeridən erməni daşnaklarının çirkin niyyətləri barədə az yazılmayıb. Dünyanın tanınmış ictimai-siyasi xadimləri belə, onların bu iyrənc əməllərini ifşa edən hadisələri tarixin arxivində yerləşdiriblər.
Ermənilərin vandalizm siyasəti imperiya xislətlilərin məqsədinə xidmət etdiyi üçün daşnaklar zaman-zaman törətdikləri bəşəri cinayətə görə layiq olduqları cəzanı almadıqları üçün “iki addım da irəli atılıblar”: türkləri məruz qoyduqları soyqırımını ünvanlarına yazmaqla, özlərini məzlum xalq kimi sırımağı bacarıblar.
Yenicə çapdan çıxmış nəşrlərdən biri olan “Qarabağ dərdi - erməni vandalizmi” kitabı da daşnakların saxta soyqırımı iddialarına əsaslı cavab kimi qiymətləndirilir. Camal Zeynaloğlunun sayca on ikinci kitabını məhz bu ağrı-acılarla dolu mövzuya həsr etməsi heç də təsadüfi deyil.
Kitabda müəllifin birinci Qarabağ savaşlarına həsr etdiyi sənədli povesti, hekayələri, eləcə də Xocalı sakinlərinin əsirlikdə çəkdiyi müsibətlər əsasında qələmə aldığı məqalələri, tanınmış ictimai-siyasi və dövlət xadimlərinin erməni vandalizmini ifşa edən fikirləri yer alıb.
Zaman keçdikcə bu iyrənc siyasət ifşa olunsa da, təəssüf ki, dünyada davam etdirilən ikili standartlar daşnakların əl-qolunu bir az da açmağa imkan yaradıb. Buna görə onlar tarixi Azərbaycan ərazilərində özlərinə dövlət qurmaqlarına baxmayaraq, “böyük Ermənistan” xülyasından əl çəkmir, qonşulara, əsasən də türk xalqlarının torpaqlarına diş qıcayır, Türkiyəni isə “erməni soyqırımı”nı bütün dünyada tanıtmağa cəhd göstərirlər, havadarlarını bu saxta oyuna qoşmağa və beləliklə, çirkin niyyətlərini reallaşdırmağa çalışırlar.
Kitabın özəlliklərindən biri də dünyadakı erməni terror təşkilatlarının harada və nə vaxtdan fəaliyyət göstərmələri barədə məlumatların burada xronoloji ardıcıllıqla verilməsidir.
Ümumiyyətlə, kitab Qarabağın tarixi, ermənilərin dəfələrlə törətdiyi qanlı olaylar, indiki Ermənistan torpaqlarında , öz dədə-baba yurdlarında yaşayan azərbaycanlıların bir əsrdə dörd dəfə deportasiyaya məruz qalması, o yerlərdə daşnakların törətdiyi soyqırımılar barədə məlumat əldə etmək nöqteyi-nəzərdən kitab dəyərli topludur.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2014.- 30 dekabr.- S.11.