Milli birlik və
həmrəylik günü
Tarix sübut edib ki, hər bir xalqın taleyi ilə bağlı böyük ideyalar yalnız zamanın, dövrün reallıqlarını düzgün dəyərləndirən, gələcək barədə aydın təsəvvürlərə malik olan fenomen şəxsiyyətlərin əzmkar fəaliyyəti nəticəsində gerçəkləşir. Bu mənada, 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilməsi də məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Hələ 1991-ci il dekabrın 16-da ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul etmişdir. Bu əlamətdar bayram ilk dəfə məhz Naxçıvanda geniş qeyd olunmuş, azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilmişdir.
1990-cı illərin əvvəlində yaranmış tarixi şəraitdən bəhrələnərək dövlət müstəqilliyini bərpa edən Azərbaycanın həmin dövrün ilk vaxtlarında üzləşdiyi vətəndaş qarşıdurması, parçalanma, siyasi səhnədən tamamilə silinmə təhlükəsindən xilas olması, respublikada vətəndaş sülhü və həmrəyliyinin təmin olunması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Güclü xarizması, yüksək liderlik keyfiyyətləri, mütərəqqi ideyaları ilə birləşdirici şəxsiyyət olan ümummilli lider 1993-cü ilin iyun ayından etibarən ölkədə milli birliyi, vətəndaş sülhünü təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürütmüşdür. Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların milli icma çərçivəsindən çıxaraq mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətini genişləndirməsi, yerli cəmiyyətə inteqrasiyası, Azərbaycanı özünə vətən bilən digər xalqların xaricdə yaşayan nümayəndələri ilə əlaqələrin möhkəmləndirilməsi bu siyasətin prioritet istiqamətlərini təşkil etmişdir. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş ümummilli lider Heydər Əliyev xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır.
Dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyətlərinin, birliklərinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi zərurətini nəzərə alaraq ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-10-da Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında sərəncam imzalamışdır. Bu tarixi addım xarici ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması baxı-mından tarixi əhəmiyyət daşıyır. 2001-ci ilin noyabrında keçirilən Dünya azərbaycanlılarının I qurultayı azərbaycançılıq ideyalarının reallığa çevrilməsi, milli həmrəyliyin təmin olunması prosesinin əsasını qoymuş, Azərbaycan diasporunun formalaşması və inkişafının prinsipial istiqamətlərini müəyyənləşdirmiş, diaspor quruculuğu işinin dövlət siyasətinin tərkib hissəsi olmasının rəsmi təsdiqi kimi tarixilik qazanmışdır. Qurultayda diaspor və lobbiçilik fəaliyyəti ilə bağlı bir sıra mühüm məsələlər müzakirə edilmiş, qərarlar, fəaliyyət proqramları təsdiqlənmişdir.
Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl mübarizənin təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr idi. Qurultaydan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə diaspor sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üçün yeni komitə yaradılmış, habelə bu sahədə fəaliyyəti tənzimləyən “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun qəbul olunmuşdur. Qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılmasını; bu sahədə ciddi fəaliyyət üçün vahid strategiyanın hazırlanmasının hüquqi prinsiplərini; xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının müdafiəsində, milli xüsusiyyətlərini qoruyub saxlamasında və inkişaf etdirməsində dövlət siyasətinin məqsədlərini; Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, iqtisadi, sosial, mədəni inkişafı, digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin qurulması prosesinə xaricdə yaşayan soydaşlarımızın da fəal surətdə cəlb edilməsi yollarını müəyyənləşdirmişdir.
Ötən 11 ildə ümummilli liderin ideya prinsiplərinə sadiq qalan, onun formalaşdırdığı mütərəqqi ənənələri daha da inkişaf etdirən Prezident İlham Əliyev də diaspor quruculuğu işinə xarici siyasətin ayrılmaz hissəsi kimi yanaşır. Ölkə rəhbəri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciətində bu məqamlara toxunmuşdur: “Dünyada yaşayan soydaşlarımızın vətənə və azərbaycançılıq məfkurəsinə sədaqətini, xalqımızın öz keçmişinə və milli mənəvi dəyərlərinə ehtiramını əks etdirən bu bayram tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində milli birlik və həmrəylik ideyaları daha dolğun məzmun kəsb edərək, real fəaliyyət sahəsi kimi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. “Güclü dövlət - güclü diaspor” prinsipini rəhbər tutan həmin siyasətin əsas qayəsi xarici ölkələrdə yaşayan soydaşlarımızın tarixi vətənlə bağlılığını möhkəmləndirmək, mütəşəkkilliyini artırmaq, diaspor qurumlarının imkanlarından həmvətənlərimizin hüquqlarının və milli dövlət maraqlarının qorunmasında daha səmərəli istifadə etməkdən ibarətdir”.
Dövlət başçısı bildirmişdir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında maraq və mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Dövlətin diqqət və qayğısı sayəsində xaricdəki soydaşlarımızın təşkilatlanması istiqamətində fəal iş aparılmışdır. Həmvətənlərimizin təşkilatlanması prosesinin daha geniş vüsət almasını, milli-mənəvi, əxlaqi dəyərlərini qorumaqla bu qlobal prosesdən kənarda qalmamasını təmin etmək məqsədilə 2003-cü ildə Almaniyanın Maynts şəhərində Dünya azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilmişdir. Forumda Azərbaycan diasporunun problemləri barədə səmərəli fikir mübadiləsi aparılmış, icma və birliklərin fəaliyyətinin əlaqələndirilməsi, Avropa azərbaycanlılarının vahid bir təşkilatda birləşdirilməsi ideyası gündəliyə gətirilmişdir. Bu ideyanın reallaşdırılmasının zəruriliyini nəzərə alaraq, 2004-cü ilin aprelində Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) təsis konfransı keçirilmişdir. AAK-ın təsis edilməsində başlıca məqsəd Avropada fəaliyyət göstərən Azərbaycan diasporunun vahid təşkilatda birləşdirilməsinə nail olmaqdır.
2004-cü ilin mayında qardaş Türkiyə Respublikasının İsgəndərun şəhərində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təsis olunması da bu sahədə atılan mühüm addımlardan biridir. Türkiyədə fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan dərnəklərini, müxtəlif qurumları və onların timsalında burada yaşayan bütün həmvətənlərimizi öz ətrafında sıx birləşdirmək yeni federasiyanın əsas məqsədlərindəndir. 2005-ci ildə isə Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyası təsis edilmişdir.
Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs verməklə, əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri geniş müzakirə mövzusu olmuşdur. Böyük ruh yüksəkliyi ilə başa çatan qurultayın nəticəsi kimi Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbulu, dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin və digər sənədlərin qəbulu istər təbliğati, istərsə də səmərəli əks-hücumun təşkili baxımından strateji əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev deyib: “Müstəqillik dövrünün qısa tarixi dövlətimizin strateji xəttinə alternativin olmadığını, azərbaycançılıq ideologiyasına söykənən siyasətin düzgünlüyünü sübut edir. Əminəm ki, dünya azərbaycanlılarının həmrəyliyi bundan sonra da xalqımızın qarşısında dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, torpaqlarımızı tezliklə Ermənistanın işğalından azad etməyə, sürətlə dəyişən, ziddiyyətli dünyanın çağırışlarına adekvat cavab verməyə kömək edəcəkdir”.
2011-ci ilin iyun
ayında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının III
qurultayı ölkəmizin diaspor və lobbi quruculuğu sahəsində
böyük uğurlar
əldə etdiyini bir
daha təsdiqlədi. Qurultayda
dərin məzmunlu nitq söyləyən
Azərbaycan Prezidenti İlham
Əliyev demişdir: “Bizi
fərqləndirən əlamət ondan
ibarətdir ki, harada
yaşamağımızdan asılı olmayaraq,
öz vətənimizə
bağlıyıq. Bura bizim
vətənimizdir, hamımızın vətənidir. Müstəqil
Azərbaycan bütün azərbaycanlıların
vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz
var - Azərbaycan dili! Bizim ümumxalq
ideologiyamız var - azərbaycançılıq məfkurəsi!
Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə
bir yerdə olsunlar. Həmişə bilsinlər ki,
onların arxasında
güclü Azərbaycan
dövləti dayanır
və onlar hər zaman Azərbaycan dövlətinə
arxalana bilərlər”.
Qurultayda
deyildi ki, hazırda qarşımızda
duran ən vacib və taleyüklü
vəzifələrdən biri
dünya azərbaycanlılarının
hər hansı bir ölkədə və mühitdə yaşamaq, fəaliyyət
göstərmək, özünün
milli-mənəvi dəyərlərini
qorumaq, inkişaf etdirmək, beynəlxalq aləmdə mədəni,
istedadlı, qədim tarixə və demokratik dəyərlərə
malik xalq kimi təmsil olunmaq hüququnu təmin etməkdir. Eyni zamanda, azərbaycanlı
icmalarının fəaliyyət
göstərdikləri ölkələrin
kütləvi informasiya
vasitələri ilə
əlaqələri yaxşılaşdırılmalı,
yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesi davam etdirilməli, ölkəmizlə bağlı
həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılmasında
fəal iştirak edən və Azərbaycan diasporuna ictimai münasibətlərin
qurulmasında yardım
göstərə biləcək
alim, siyasətçi
və jurnalistlərlə,
soydaşlarımızın yaşadıqları ölkələrin
qeyri-hökumət təşkilatlarının
təmsilçiləri ilə
sıx münasibətlər
qurulmalı, onlarla məqsədyönlü iş
aparılmalıdır.
Reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif
sahələrində meydana
çıxan problemlərin
həllində onun fəal iştirakının
gerçəkləşdirilməsi yolunda hələ çox işlər görülməlidir. Prezident İlham Əliyevin
bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü
və prinsipial siyasət aparması deməyə əsas verir ki, yaxın
illərdə Azərbaycan
diasporu daha da güclənəcək,
ölkənin taleyüklü
problemlərinin həllində
daha yaxından iştirak edəcəkdir.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 31 dekabr.- S.1.