İstanbulda Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
münasibətilə konsert təşkil olunub
İstanbulda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhərin “Gözyatağı” Mədəniyyət Mərkəzində konsert proqramı təşkil edib.
Əvvəlcə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Kadıköy rayon bələdiyyəsinin sədri Aykurt Nuhoğlu, Azərbaycan Mədəniyyət Evinin sədri Hikmət Elp və başqaları iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, bu milli bayramın yaranmasının tarixindən və əhəmiyyətindən danışıblar.
Konsertdə tanınmış müğənni Sevda Sonay pianoçu Nailə Əhmədova və tarzən Erol Çətinin müşayiəti ilə Azərbaycana, Vətənimizin gözəlliyinə həsr olunan mahnılar ifa edib.
Sonda Azərbaycan mədəniyyətinin inkişafında və təbliğindəki xidmətlərinə görə bir neçə şəxsə Azərbaycan Mədəniyyət Evi adından plaketlər təqdim olunub.
Azərbaycanın İstanbuldakı baş konsulluğunun kollektivi, Türkiyənin rəsmi şəxsləri, ölkə ictimaiyyətinin təmsilçiləri, qardaş ölkədə yaşayan azərbaycanlılar konsertin tamaşaçıları arasında olublar.
Sabir ŞAHTAXTI,
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan.-2014.- 31 dekabr.- S.5.