Əlvida, ötən il, salam, Təzə il

 

 

Əlvida, ötən il,

            əlvida sənə.

Bir görüşmərik

            səninlə daha.

Dağ dağa rast gələr,

            bəlkə, haçansa,

Bizsə sənin ilə

            heç zaman,

                        heç vaxt

Bir daha, bir daha

            qarşılaşmarıq.

Hər zaman qalmayan

            gözəllik kimi,

Yanan ulduz kimi

            parladın, söndün.

Keçmiş zaman olub,

            axan çay olub,

Şərəfli, şöhrətli

            tarixə döndün.

Gəldin Yer üzünə,

            bu kainata

Məsum körpə kimi,

            bəyaz qar kimi.

Yaşadın dəqiqə,

            saatla, ayla,

Min bir ümid dolu

            gələn sabahla.

Ömür karvanının

            bu yollarında

Elimə, günümə -

            Azərbaycana

Yeni qələbələr,

            yeni zəfərlər,

Könüllər oxşayan

            sevinc bəxş etdin.

Uğurlar üstünə

            uğur gətirib,

Yaxşını yamandan

            seçib götürüb,

Ölkələr, millətlər

arasında biz

Bir az da ucaldıq,

            boy atdıq sənlə.

Amma bir söz gəlib,

            deməsəm, olmaz.

Gərək heç dəyməsin

            o söz xətrinə.

Ötən günlərinlə,

            aylarınla sən

Bir yaş da qaladın

            yaşımız üstə.

Deməli, qocaldıq

            bir yaş da belə.

Amma kədərdən çox

            sevincimiz var.

Qocala-qocala

            cavan görünən,

Boyu çinar kimi

            göyə ucalan,

Ayağı torpaqda

            məğrur palıdtək

 Vüqarla, qürurla

            möhkəm dayanan

Odlar yurdu adlı

            şöhrətli, şanlı

Elimiz, günümüz

            Vətənimiz var.

                 ***

Salam, bir salam,

            gələn Təzə il!

Ayağın düşərli,

            sayalı olsun!

Kimin arzusu,

            niyyəti var,

Göyərsin zəmitək,

            bol bəhər versin.

Hər kəs əkdiyinin

            bəhrəsin

 görsün.

Toy, şənlik bəzəsin

            hər günü, ayı.

Ondan da pay düşsün

            hər bir insana.

Göyərçin qanadlı

            sülh şüarımız

Yayılsın hər yana -

            bütün cahana!

Ölkələr, millətlər

            mehriban olsun,

Hər duyan ürəkdə

            xoş niyyət olsun.

Savaş da, dava da

            qalsın qınında.

Bir körpə uşağın,

            cavan əsgərin

Burnunun ucu da

            heç qanamasın.

İşğalçı siyasət,

            ikili mövqe

İlim-ilim itib

            yox olub getsin.

Ərisin istiyə düşən

            qar kimi,

Gözümüz onları

            bir görməsin.

Torpağın sinəsi

            daha yenidən

Dilim-dilim olub

            qoy sökülməsin,

            qan tökülməsin.

Min bir əzab ilə,

            alın təriylə

Tikilən, salınan

            şəhərlər, kəndlər

Nahaqdan odlara

            qoy qalanmasın,

            alovlanmasın.

Analar nisgilli

            göz yaşlarıyla

Bir daha, bir daha

            qoy ağlamasın.

oğul itkisi,

            nə ər itkisi

Ana sinəsini

            qoy dağlamasın.

Qarabağ həsrəti

            vüsala dönsün.

Qaçqınlar yığışsın

            ocaq başına.

Şuşadan ucalsın

            muğamatımız,

Qızlar toplaşsınlar

            bulaq başına.

Yenə bayrağımız

            Xankəndimizdə

Vüqarla, qürurla

            qoy dalğalansın,

Düşmən qəzəbindən

            Alışsın, yansın.

Arzular, istəklər

            dərya qədərdir.

Hansını söyləyim,

            hansını yazım?

Bir daha, bir daha

            yenə deyirəm:

Təzə il, qədəmin

            mübarək olsun!

 

Seyran CAVADOV,

Azərbaycan.-2014.- 31 dekabr.- S.9.