Naxçıvan şəhərində Gənclər
Mərkəzi istifadəyə verilmiş,
Gənclər Günü qeyd
olunmuşdur
Fevralın 1-də Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmiş, Gənclər Günü münasibətilə tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 4 mərtəbədən ibarət olan Gənclər Mərkəzində elektron lövhəli 3 linqafon sinfi, kompyuter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe vardır.
Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilmiş, 104 kompyuter dəsti quraşdırılmış, mərkəzi server sistemi və daxili şəbəkə yaradılmış, kompyuterlərin hər birinin internetə çıxışı təmin edilmişdir. Mərkəzdə xarici dil kurslarının tədrisi üçün 3 linqafon sinfi yaradılmışdır. Siniflərdə 58 kompyuter və 3 elektron lövhə quraşdırılmışdır. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnə biləcəklər.
Mərkəzin elektron kitabxanasının bazasında minə yaxın ədəbiyyat vardır. Kitabxanada 11 kompyuter qoyulmuş, kitabları elektron formata çevirən surətköçürmə aparatı quraşdırılmışdır. Sürətli internetlə və xüsusi proqram təminatı ilə təchiz olunmuş kitabxanada gənclər, eyni zamanda, ölkəmizin digər elektron kitabxanalarının fondundakı ədəbiyyatlarla tanış ola biləcəklər. Binada gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların intellektual səviyyələrinin artırılması da nəzərə alınmış, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün intellektual zal istifadəyə verilmişdir. Zalda proyektor, səsgücləndirici avadanlıq və işıqlandırma sistemi quraşdırılmış, televiziya çəkilişlərinin aparılması üçün lazımi şərait yaradılmışdır.
Ali Məclisin Sədri "Xəmsə" intellektual oyununda yarışan komandaların nümunəvi çıxışını izləmişdir.
Bina ilə tanışlıqdan sonra 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli sərəncamı ilə hər il fevralın 2-nin Azərbaycanda Gənclər Günü kimi qeyd olunduğunu bildirmiş, belə bir əlamətdar gündə Naxçıvanda Gənclər Mərkəzinin istifadəyə verilməsi və Gənclər Günü münasibətilə muxtar respublikanın bütün gənclərini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və bölmələrində xidmət edən əsgərlərimizi, gənc zabitləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını təbrik edərək demişdir: "Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində ulu öndərimiz sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlamış, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu sahədə zəngin qanunvericilik bazası və gənclər siyasətini həyata keçirən dövlət orqanları yaradılmışdır. Bu gün ölkəmizdə gənclərlə iş "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu və 20-yə yaxın normativ hüquqi aktla tənzimlənir. Ötən dövrdə bu sahənin inkişafı ilə bağlı 5 dövlət proqramı qəbul edilmişdir.
Müstəqil ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gənc nəsil hərtərəfli qayğı ilə əhatə edilmişdir. Gənclərin yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramı qəbul olunmuş, gənc istedadların "Qızıl kitabı" təsis edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu yaradılmışdır. Son illər muxtar respublikada 220-yə yaxın səhiyyə müəssisəsi, 200-dən çox ümumtəhsil məktəbi, 17 uşaq bağçası və 18 uşaq musiqi məktəbi üçün binalar, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların idmanla məşğul olmalarını təmin etmək məqsədilə Olimpiya idman kompleksləri, üzgüçülük mərkəzləri, şahmat və digər idman növləri üzrə məktəblər, Gənclik Mərkəzi istifadəyə verilmişdir."
Qeyd olunmuşdur ki, gənclərin elmi potensialının formalaşdırılması, eləcə də onların mütaliə vərdişlərinin və dünyagörüşünün artırılması da diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublika Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Dövlət Universitetində və Gənclər Mərkəzində elektron kitabxanalar, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidməti yaradılmışdır.
Müasir dövrdə informasiya texnologiyalarının tətbiqi işinin və informasiya mübadiləsinin çevik forması olan sosial şəbəkələrin getdikcə genişlənməsi gənclər qarşısında əlavə fəaliyyət sahəsi açmışdır. Bizim üçün xoşdur ki, muxtar respublika gəncləri bu sahəyə nüfuz etməyi bacarmış, sosial şəbəkələrdə fəallığı xeyli artırmışlar. Gənclərimiz sosial şəbəkələrdən əsasən təbliğat vasitəsi kimi istifadəyə üstünlük verir, öz təcrübə və biliyini səmərəli informasiya mübadiləsinə yönəldir, internet resurslarında ölkəmiz, eləcə də muxtar respublikamız haqqında obyektiv və zəngin məlumat bazası yaratmağa çalışırlar.
Naxçıvan Muxtar Respublikasında əhalinin 63 faizindən çoxu 35 yaşa qədər gənclərdən ibarətdir. Bu göstərici bir yandan gənclər diyarı olduğumuza görə qürur hissi doğurursa, digər tərəfdən gənclər siyasətinin icrası istiqamətində qarşıya ciddi vəzifələr qoyur. Vəzifə konkret və aydındır. Biz gələcəyimizin formalaşması qayğısına bu gündən qalmalıyıq.
Ali Məclisin Sədri gənclər siyasətinin həyata keçirilməsi ilə məşğul olan müvafiq orqanlara tapşırıqlar verərək demişdir: "Gənclik gələcəkdir. Sağlam gənclik isə həm də sağlam gələcək deməkdir. Bu mənada böyüməkdə olan nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın böyük rolu vardır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirməli, gənclər arasında idmanın kütləviliyinin təmin edilməsi məqsədilə federasiyalarda səmərəli işbirliyi qurmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu yaradılan infrastrukturdan düzgün istifadə etməli, bu gün açılışını keçirdiyimiz Gənclər Mərkəzi naxçıvanlı gəncləri vahid amal - vətənpərvərlik, dövlətçilik və millilik ruhunda birləşdirən güclü mərkəzə çevrilməlidir. Fond tərəfindən gənclərə məlumat, məsləhət, təlim, peşə seçimi və digər istiqamətlərdə kömək göstərilməli, elm, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən istedadlı gənclər üzə çıxarılmalı, onlar haqqında məlumat bazası yaradılmalıdır".
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi məktəblərdə şagirdlərin xalqımız və dövlətimiz üçün yararlı vətəndaş kimi yetişmələrini diqqət mərkəzində saxlamalı, Azərbaycan dili, tarixi və mədəniyyəti ətraflı öyrədilməli və tədris olunmalıdır. Bu gün ali təhsil müəssisələrində təhsil alan gənclər təkcə gələcəyin mütəxəssisləri deyillər. Onlar, eyni zamanda, xalqımızın sahib olduğu intellektual potensialın daşıyıcılarıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi elmi-tədqiqat işlərinə həvəsi olan gəncləri müəyyənləşdirərək tədqiqat işlərinə cəlb etməli, gənc alimlərin fəaliyyəti stimullaşdırılmalıdır.
Yaradıcılıq birlikləri öz fəaliyyətlərini gənclərlə iş sahəsində də gücləndirməli, Naxçıvan Muxtar Respublikası Yazıçılar və Rəssamlar birlikləri gənc şair və yazıçılara, rəssamlara istiqamət verməli, onların yaradıcılıq axtarışlarını diqqət mərkəzində saxlamalıdırlar. Muxtar respublikanın kütləvi informasiya vasitələri gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən teleradio layihələrinin və qəzet materiallarının hazırlanmasını təmin etməli, televiziya, radio və qəzetlərdə xalqımızın milli dəyərlərini və tarixini əks etdirən materiallara üstünlük verilməli, yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işi əməli tədbirlərdə öz əksini tapmalıdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək demişdir ki, dövlət gənclər siyasətinin icrası istiqamətində Naxçıvan Muxtar Respublikasında məqsədyönlü tədbirlər görülür. Muxtar respublikada yaradılan təhsil, səhiyyə, mədəniyyət və idman infrastrukturu gənc nəslin fiziki sağlamlığının qorunması, yaradıcılıq potensialının artırılması və intellektual inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu gün muxtar respublikamızda ümumilikdə 68 mindən artıq yeniyetmə və gənc idmanla məşğul olur. 2013-cü ildə müxtəlif idman növləri üzrə gənc idmançıların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilmiş, onlar dünya çempionatlarında 6, Avropa çempionatlarında 4, beynəlxalq turnirlərdə 6, Azərbaycan birinciliklərində isə 52 medal qazanmışlar.
Naxçıvan Dövlət Universitetinin təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tələbə gənclər təşkilatının sədri Çilənay Qurbanlı demişdir ki, muxtar respublikada gənclərə göstərilən qayğı konkret fəaliyyətə hesablanıb. Yaradılmış şərait nəticəsində ümumtəhsil məktəblərimizdə tədrisin səviyyəsi yüksəlmişdir. Hazırda muxtar respublikanın onlarla gənci dünyanın müxtəlif aparıcı ali məktəblərində təhsil alır. Muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin yaxından iştirakı üçün hər cür şərait vardır. Ümummilli liderin ideyalarına sədaqət ruhunda tərbiyə olunan gənclər yaradılan infrastrukturdan səmərəli istifadə edir, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikanın inkişafında fəal iştirak edirlər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirmişdir ki, muxtar respublikada gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və onların ictimai-mədəni həyatda fəal iştirakı təmin edilmişdir. Bu gün istifadəyə verilən Gənclər Mərkəzi gənclərin intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkilinə hərtərəfli şərait yaradacaqdır.
Sonra gənclər Ali Məclis Sədrinin təltif və hədiyyələri ilə mükafatlandırılmışdır.
Ali Məclisin
Sədri 7 gəncə "Naxçıvan Muxtar
Respublikasına xidmətlərə görə" və
"Rəşadətli əməyə görə"
nişanını və vəsiqələrini, 33 gəncə
isə qiymətli hədiyyələr təqdim etmişdir.
Azərbaycan.-2014.- 2 fevral.- S.2.