Bakıda Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının sədrlər şurasının səyyar iclası keçirilmişdir

 

Yanvarın 31-də Bakıda Türkiyə  Həmkarlar İttifaqları Konfederasiyasının sədrlər şurasının səyyar iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı  Səttar Mehbalıyev şuranın iclasının Bakıda keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirmişdir.

S.Mehbalıyev Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. O, hər iki ölkənin həmkarlar ittifaqları konfederasiyası arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır.

Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ərgün Atalay təşkilatın yığıncağının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulamışdır. O demişdir ki, Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası fəaliyyət göstərdiyi 62 il ərzində iki dəfə xarici ölkədə toplantı keçirmişdir və həmin toplantıların hər ikisi də Azərbaycanda təşkil edilmişdir. Bu, Azərbaycan ilə Türkiyə arasında uzun illərdir davam edən qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

Konfederasiyanın 35 üzv təşkilatının sədrlərinin və sədr müavinlərinin iştirakı ilə keçirilən iclasda ötən dövr ərzində görülən işlərin hesabatı dinlənilmiş, gələcək fəaliyyət planı müzakirə edilmişdir. 

Tədbirdə Ərgün Atalaya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsis etdiyi döş nişanı təqdim edilmişdir.

Türkiyəli qonaqlar, Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, Şəhidlər xiyabanında vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarını və türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir.

 

Azərbaycan.-2014.- 2 fevral.- S.2.