Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrında Məhəmməd
Əmin Rəsulzadənin
130 illik yubileyi təntənəli
mərasimlə qeyd edilmişdir
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi təntənəli mərasimlə qeyd edilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olmuşlar.
Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət, incəsənət xadimləri, elmi ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
AMEA-nın vitse-prezidenti, akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli məlumat vermişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 2013-cü il 22 noyabr tarixli sərəncamının icrası ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın, Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən, ölkənin hər yerində M.Ə.Rəsulzadənin yubiley mərasimləri keçirilmişdir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamında qeyd olunduğu kimi, xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlətçiliyin dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında M.Ə.Rəsulzadənin böyük xidmətləri olmuşdur.
M.Ə.Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov M.Ə.Rəsulzadənin çoxşaxəli fəaliyyətinin əhəmiyyətindən, onun siyasi publisistikasının ictimai fikir tariximizdə rolundan danışmışlar.
Qeyd olunmuşdur ki, M.Ə.Rəsulzadə müxtəlif ölkələrdə və ideoloji mühitlərdə yaşamasına baxmayaraq, ömrünün sonunadək azərbaycançılığı hər şeydən uca tutmuşdur. Onun siyasi fəaliyyəti kimi elmi, ədəbi irsi də son dərəcə zəngin və qiymətlidir. M.Ə.Rəsulzadənin siyasi və elmi-publisistik fəaliyyəti bir-birini üzvi surətdə tamamlayır.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamına uyğun olaraq 1994-cü ildə M.Ə.Rəsulzadənin 110 illik yubileyi geniş qeyd edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyində ulu öndər nitqində Şərqdə ilk demokratik respublikanın yaradıcılarının vətəndaşlıq şücaəti, xalq qarşısında böyük qəhrəmanlıq nümunələri göstərdiklərini xüsusi vurğulamışdır.
Yubiley mərasimində M.Ə.Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə babasının xatirəsinə göstərilən böyük diqqət və ehtirama görə Prezident
İlham Əliyevə minnətdarlığını bildirmişdir. O, həmçinin silsilə tədbirlərin təşkilində əməyi olan hər kəsə təşəkkür etmişdir.
Mərasim
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, eləcə
də incəsənət ustalarının ifasında bədii-musiqili
kompozisiya ilə davam etmişdir.
Azərbaycan.-2014.- 2 fevral.- S.2.