Azərbaycan gəncliyi ictimai
həyatın bütün sahələrində
fəaldır
2 fevral Gənclər
Günüdür
Gənclərin sağlam ruhda böyümələri və ölkəyə layiqli vətəndaşlar kimi yetişmələri üçün respublika rəhbərliyi tərəfindən davamlı tədbirlər həyata keçirilir. Ötən müddətdə cəmiyyətin bu əhəmiyyətli təbəqəsinin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlar yaradılmışdır.
Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini inkişaf yoluna çıxarmışdır. 1994-2003-cü illərdə gənclər siyasətinin hüquqi bazası yaradılmış, bu sahədə əsas vəzifələr və istiqamətlər müəyyənləşdirilmişdir. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumu keçirilmişdir. Gənclərin həyatında çox önəmli və yaddaqalan bir hadisəyə çevrilən forumdan sonra ölkədə gənclərə yeni münasibət açıq-aydın hiss olundu. Hər il fevral ayının 2-nin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması barədə sərəncam imzalayan ümummilli lider bəyan etmişdi ki, "biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik". Bu fikir ölkə gəncləri qarşısında geniş imkanlar açdı və onlar mühüm dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkildilər.
Prezident İlham Əliyev də son 10 ildə gənclər siyasətini uğurla davam etdirmişdir. Gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək məqsədilə 2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" qəbul edilmiş və mühüm tədbirlər həyata keçirilmişdir. Ölkəmizin dünya birliyinə inteqrasiya etdiyi dövrdə belə bir proqramın qəbul edilməsi gənclərlə aparılan işin konseptual əsaslarının konkretləşməsinə kömək etmişdir. Sivilizasiyanın innovativ inkişafına daha çox üstünlük verildiyi bir vaxtda gənclər siyasəti kompleks elmi tədqiqatlar əsasında formalaşdırılır və sistemli şəkildə reallaşdırılır. Gənclər siyasətinin həyata keçirilməsində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi gənclərlə işin səmərəsini artırmaqla yanaşı, onların informasiya cəmiyyətinə uyğunlaşmasına real zəmin yaradır. Cəmiyyətin intellektuallaşmasında məhz informasiya büyük əhəmiyyət kəsb edir. Son illər qəbul olunmuş dövlət proqramlarının əksəriyyətində gənclərlə bağlı bəndlər öz əksini tapmışdır.
Məktəblərin kompyuterləşdirilməsi, gənc vətəndaşlarımızın virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar Azərbaycanda informasiyalı cəmiyyətin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bu baxımdan dövlət başçısının "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə Təminatı (2005-2007-ci illər) Proqramı" mühüm bir sənəd olmuşdur. Ölkəmizdə təhsilin keyfiyyətinin artırılmasına, dünya təhsil sisteminə inteqrasiyasına imkan yaradan, əhalini informasiyalı cəmiyyətin üzvlərinə çevirən bu proqram uğurlu nəticələr vermişdir. "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012)"nın təsdiq edilməsi də bu istiqamətdə atılan vacib addımlardan biri olmuşdur.
Prezident elm-təhsil sahəsində böyük yüksəlişin təmin olunmasını ən başlıca prioritetlərdən biri kimi götürmüşdür. Bu sahələrin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, müəllimlərin əməkhaqlarında, tələbə, magistrant və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə diqqət və qayğısının bariz ifadəsidir. 2007-ci ilin əvvəllərindən başlayaraq elm adamlarının - alim və aspirantların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sira mühüm addımlar atılmışdır.
Prezident İlham Əliyevin ölkədə aparılan kadr islahatları zamanı gənclərə göstərdiyi etimad diqqəti cəlb edir. Dövlət başçısı bununla bağlı bildirmişdi: "Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar". Yüksək intellekti və bacarığı ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə cəlb olunması deyilənləri bir daha təsdiqləyir. Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Bu baxımdan ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın böyük əhəmiyyəti var.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işlə təmini, sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır.
Bakıda Gənclər Mərkəzinin, regionlarda isə gənclər evlərinin inşa edilməsi bu sahəyə olan diqqətin parlaq ifadəsidir. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 6 aprel 2011-ci il tarixində Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalamışdır. Proqramın əsas məqsədi gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılmışdır.
2010-2013-cü illərdə ölkənin şəhər və rayonlarında bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının inkişaf etdirilməsi, möhkəmləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması davam etdirilmişdir. Bədən tərbiyəsi və idmanın inkişafının elmi əsaslar üzərində qurulması istiqamətində genişmiqyaslı işlər aparılmaqdadır.
Gənclərimizin xarici ölkələrin ictimai-siyasi həyatında fəal iştirakını təmin etməsində son illərdə Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filiallarını açan Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qiymətləndirmək lazımdır. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu missiyanı üzərinə götürmüş Leyla Əliyeva fondun Moskva nümayəndəliyinə yüksək səviyyədə rəhbərlik edir. Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyeva azərbaycanlı gəncləri Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, Rusiya cəmiyyətinə daha sıx inteqrasiyaya və bununla bərabər, Azərbaycanın milli mədəniyyətinə qayğıkeşliklə yanaşmağa, onu qoruyub saxlamağa və yaymağa çağırmışdır.
İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyasına start verilməsi də fondun Moskva nümayəndəliyinin fəaliyyəti ilə bağlıdır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilir. Tunisdə ISESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət" beynəlxalq məlumat təşviqat kampaniyasına dəstək verilməsini və kampaniya çərçivəsində dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində soyqırımı ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Kampaniya çərçivəsində beynəlxalq ictimaiyyətə faciə ilə bağlı sənədli film təqdim olunur.
Bakıda Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc İş Adamları Şəbəkəsinin (İƏT GİAŞ) təsis qurultayının keçirilməsi də əlamətdar hadisə olmuşdur. İƏT-in üzvü olan ölkələri təmsil edən gənc iş adamları birliklərindən, eləcə də bu təşkilatın üzvü olmayan dövlətlərdə yaşayan gənc innovatorlar da daxil olmaqla 150-dək nümayəndənin işitrakı bu tədbirin mühüm əhəmiyyət daşıdığını bir daha göstərmişdir.
Qəbələdə Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - IDEA-nın təşkilatçılığı ilə "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" devizi ilə gənc ekoloqların beynəlxalq düşərgəsi də keçirilmişdir. Düşərgənin keçirilməsində məqsəd regionda və dünyada inkişaf etməkdə olan müxtəlif ekoloji qruplar və hərəkatlar arasında əməkdaşlıq və təşkilatlanma vasitəsilə işgüzar əlaqələrin qurulmasına töhfə vermək, gənc ekoloqların təmsil etdikləri regionların ictimai həyatında fəal iştirakını təmin etmək, onların öz icmalarında rolunu gücləndirmək və ekoloji maarifləndirmə prosesini həyata keçirmək üçün gəncləri səfir olmağa təşviq etmək idi. Dünyanın 35 ölkəsindən 100-dən çox gənc ekoloqun iştirak etdiyi düşərgənin sonunda gənc ekoloqların Qəbələ Bəyannaməsi qəbul edilmişdir.
Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
İmaməddin
QULİYEV,
Azərbaycan
Könullülər İctimai Birliyinin sədri
Azərbaycan.-2014.- 2 fevral.- S.4.