Gənclər cəmiyyətin avanqard qüvvəsinə çevrilib
2 fevral Gənclər
Günüdür
Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırda günü-gündən artmaqdadır. Ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının bir təzahürü kimi fevral ayının 2-si respublikamızda Gənclər Günü elan olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin siyasətinin davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyətində gənclərin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür.
Dünən paytaxtın gözəl məkanlarından birinə çevrilən Dövlət Bayrağı meydanındakı "Cristall-Hall"da Səbail rayon gənclərinin 2 fevral - Gənclər Gününə həsr olunmuş möhtəşəm bayram balı keçirilmişdir. Gənclər balına rayonun istehsalatda, elm, mədəniyyət sahələrində, təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə, biznes və idmanda fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunmuşlar.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin inkişafı üçün gəncliyin möhkəm olması vacibdir. Yetişən nəslin sağlam təfəkkürə, düşünmə qabiliyyətinə sahib olması tərəqqiyə xidmət edir. Bu gün gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mühüm addımlar atılır. 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "Azərbaycan gəncliyi Dövlət Proqramı"nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi gənclər siyasətinin bir hissəsidir.
Qeyd olunmuşdur ki, Səbail rayon əhalisinin təqribən 26 faizini gənclər təşkil edir. Keçən müddət ərzində rayonda gənclər ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür.
Tədbirdə çıxış edənlər ölkədə və Səbail rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrdə fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə Səbail Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Mərasim
respublikamızın incəsənət xadimlərinin
iştirak etdiyi böyük konsert proqramı və gənclər
diskotekası ilə başa
çatmışdır.
R.BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 2 fevral.- S.4.