Seyid Yusif ağa ziyarətgahı
Mənəvi dəyərlərimiz
Sovet hakimiyyəti dönəmində islami dəyərlərimizə, xüsusilə də məscidlərimizə, pirlərimizə, ziyarətgahlarımıza etimadsızlıq hökm sürürdü. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra buna da son qoyuldu. Xüsusilə də ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə gəldikdən sonra. Dini və milli dəyərlərimizə önəm verən ulu öndər Bibiheybət məscidində, Mir Mövsüm ağa ziyarətgahında oldu, digər məscid və müqəddəs yerlərə baş çəkdi, din təəssübkeşləri və sadə insanlarla görüşdü. Az sonra ölkəmizin müxtəlif ərazilərindəki məscidlərdə, pirlərdə, ziyarətgahlarda yenidənqurma və təmir-bərpa işlərinə başlanıldı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu missiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının sərəncamlarına əsasən ölkə ərazisindəki tarixi məscidlərin bərpasına və təmir olunmasına xüsusi diqqət yetirilir. 10 il ərzində ölkədə 80-dən çox məscid təmir edilib. Bibiheybət məscidi isə yenidən qurulub və genişləndirilib. Bu tarixi-dini memarlıq abidəsi Şərq memarlıq üslubunda inşa olunub. Azərbaycanda ən böyük məscid kompleksi olan Təzəpir məscidi də tarixi memarlıq üslubunu saxlamaqla, həmçinin İçərişəhərdə yerləşən Həzrət Məhəmməd məscidi, tarix-mədəniyyət abidələrindən olan Əjdərbəy məscidi təmir edilərək ziyarətçilərin istifadəsinə verilib. Şamaxıda qədim Cümə məscidində, eləcə də Gəncə şəhərindəki qədim İmamzada Kompleksində yüksək səviyyəli əsaslı təmir və yenidənqurma işləri görülüb.
Dövlət başçısının göstərişinə əsasən belə təmir və yenidənqurma işləri Bərdə rayonundakı Seyid Yusif ağa ziyarətgahında da aparılıb. "Azəraqrartikinti" ASC tərəfindən Seyid Yusif ağa türbəsi yerli memarlıq üslubunda yenidən qurulub, uzaq yerlərdən gələn ziyarətçilər üçün istirahət otaqları, ehsan süfrəsi açmaq üçün geniş zallar, namazgah, qurban kəsilməsi üçün xüsusi yer və digər yardımçı otaqlar tikilib. Ziyarətgahın həyətinə dekorativ üzlüklər döşənib, su xətti çəkilib, işıqlandırma sistemi təzələnib, əlavə oturacaqlar qoyulub, yaşıllıqlar salınıb, bir sözlə, buraya gələnlər üçün lazımi şərait yaradılıb.
Seyid Yusif ağa (Hüseynov Yusif Seyid Hüseyn oğlu) 2005-ci ilin avqustunda dünyasını dəyişib. Bundan əvvəl ziyarətçilər onun evinə, indi də bu türbəyə gəlirlər. Səhər saatlarından başlayan ziyarət qaranlıq düşənədək davam edir. İnsanlar ağanın məzarı önündə dualar oxuyur, dilək diləyib arzularına, niyyətlərinə kömək istəyirlər. Kimi də həyata keçmiş arzusunun işığında qurban kəsir, namazgaha keçib namaz qılır, kimi də istəyinə, niyyətinə görə "nəzir qutusu"na yaxınlaşır... Bütün bunlara görə insanlar yaradılan şəraitdən məmnun olduqlarını bildirirlər.
...Yəqin ki, aramızda Seyid Yusif ağanın özünü görməsə də, adını eşitməyən az adam tapılar. Hansı məclisdə nə vaxt ondan söz düşsə, "Allah rəhmət eləsin, ruhu behiştlik olsun, ağır seyidlərdən idi, böyük bir elin-obanın ağsaqqalıydı" deyirlər.
Seyid Yusif ağa həqiqətən də çox xeyirxah insan olub. Sovet hökumətinin kəshakəs vaxtında bir gün axşam mal-qaranın örüşdən dönən vaxtı qonşu kənddən Qafar adlı çənəsi əyilmiş bir kişi ona pənah gətirir. Ağa əlini o kişinin sifətinə çəkib az sonra deyir: "Bağışla ki, səni evimdə qonaq saxlaya bilməyəcəyəm, belə şeylərə görə məni izləyirlər, həbsə alacaqları, sürgün edəcəkləri ilə hədələyirlər. Get, gələn çərşənbə elə bu vaxt gələrsən, ona kimi çənən də düzələcək".
Səhər Seyid Yusif ağanın uşaqları mal-qaranı tövlədən çıxaranda Qafar kişini həyətdəki ot tayasının üstündən sürüşüb yerə düşən görürlər. Kişinin ağzındakı axşamkı əyrilikdən əsər-əlamət yox idi.
Seyid Yusif ağa insanların sağlamlığına, həyatdakı uğurlarına yardımçı olan tövsiyələri ilə yanaşı, kiminsə itkisinin yerinin müəyyən edilməsində də köməyini əsirgəməzdi.
Kəlbəcər rayonunun Ağcakənd kəndindən Məhəmməd adlı bir nəfər 7 il bundan əvvəl (4 noyabr 2007-ci il) Seyid Yusif ağanı ziyarət edərkən ətrafındakılara belə əhvalat söyləyir: "Seyid Yusif ağa atama təsbeh bağışlamışdı. Bu təsbeh onun üçün çox əziz idi. Günlərin bir günü təsbeh itdi, ha axtardıq, təsbeh tapılmadı. Beləcə, iki il girinc olduq, təsbeh tapılmadı ki, tapılmadı.
Bu itki atama çox pis təsir eləmişdi. Bir gün atam gecə yarısı məni təlaşla yuxudan oyadıb dedi: "Məhəmməd, təsbehi tapmışam!"
- Hanı? - deyə soruşdum. Atam həyəcanla:
"Ağanı yuxuda gördüm, bikefliyimin səbəbini
soruşdu, mən də verdiyi təsbehi itirdiyimi bildirdim. O mənə təsbehin
yerini dedi".
Mən təsbehin harada olduğunu soruşdum.
- Təsbeh
qonşumuzun yük yerinə yığılan
yorğan-döşəyin altındadır, - dedi.
Atama
çox yalvardım ki, bir təsbehə görə qonşu
ilə münasibətimizi pozma, yaxşı olmaz...
Atam inadından dönmədi. Səhər
açıldı, gün qalxan kimi bütün
qapı-qonşuları da çağırıb, həmin
qonşunun evinə getdi. Yük yerindəki
yorğanın arasından təsbehi çıxartdı.
Hamı məəttəl qalmışdı.
Atam
qonşulara dedi ki, təsbehin yerini gecə yuxuda ona Seyid Yusif
ağa bildirib".
Seyid Yusif ağanın belə möcüzəli
xeyirxahlığından yüzlərlə misallar, söhbətlər
eşitmək olar. Açığını deyim ki, ağanın bu kimi
işlərinə şəkk edənlər də olub, amma
sonradan... Sonradan haqqında söhbət
açacağım molla kimi gəlib əlindən
öpüb üzrxahlıq ediblər. Seyid Yusif
ağanın oğlu Seyid Hüseyn ağa atasının
ömür yolundan bəhs edən "Bura sənin evindir"
kitabında yazır ki, bir dəfə həyətimizə bir
molla gəldi. O, kimdənsə atamın ərəb əlifbasında
təhsil almadığını öyrənibmiş. Atam stulda, biz də kötüklərin üstündə
oturmuşduq. Molla: - Ağa, icazə ver, atana bir Quran
oxuyum, - dedi.
Atam
razılıq verdi. Molla
Quranı oxuyub qurtarandan sonra atamdan atasının adını
və babasının adını soruşdu ki, Quranı
tapşırsın.
Atam
yüngülcə bir təbəssümlə:
- Mənim
atama elə Quran gərək deyil, - dedi.
Molla :
- Kimə
tapşırım? - deyə bir də təkrar
soruşanda atam dedi:
- Elə
altındakı kötüyə tapşırsan, daha
yaxşı olar.
Molla atamdan niyə belə deməsinin səbəbini
soruşanda, atam onun böyük bir hissəsini
oxumadığını xatırlatdı. Sonra da əli ilə
işarə edərək lap yaxınına
çağırıb dedi:
- Mən sirr açan deyiləm, amma
baxıram, kitabın çox köhnədir, yəqin, vərəqlər
başqa yerdə qalıb.
Molla əlindəki
kitabı o yana-bu yana səhifələyib
vərəqləri tapdı, atama təşəkkür elədi.
Atam sonradan onun atasına bütöv bir Yasin surəsi
oxudu, özü də əzbərdən. Molla
peşman-peşman atamın əlini öpüb ondan
ayrıldı.
Elə insanları buraya ziyarətə gətirən də
bu inam, bu imandır. Ziyarətə
nəinki Bərdənin kəndlərindən və
Qarabağın müxtəlif
yerlərindən, Azərbaycanın
ən ucqar kənd və qəsəbələrindən gələnlər
indi də az deyil. Kimliyindən və haradan gəlməsindən
asılı olmayaraq, burada hamı ehtiramla
qarşılanır, ziyarətçilərə çay, isti
yemək təklif olunur.
İnsan
ağlı kəsəndən, əli qələm tutandan
oxumalı, öyrənməli, yaşa dolduqca xalqının bu kimi milli-mənəvi
dəyərlərinə ehtiram göstərməli, alimlərin,
aqillərin tövsiyələrindən bəhrələnməli,
böyük həyat təcrübəsi olan ağsaqqalların,
ağbirçəklərin, ən nəhayət, səni
Yaradanın həyati sözlərinə, ağıllı məsləhətlərinə
yardımçı olmaqla mənəvi dəyərlərimizin
qoruyucusu və bu missiyanın nəsildən-nəslə
daşıyıcısı olmalıdır. Ən azından,
yaşadığımız dünyanın yarıdan
çoxunun tanıdığı, ağır seyidlərdən
olan Seyid
Yusif ağanın oğlu, el ağsaqqalı Seyid Hüseyn kimi. Seyid Yusif ağanın
xeyirxahlığından oğlu Seyid Hüseyn "Bura sənin
evindir" kitabında ətraflı söhət açıb. Atası Seyid Yusif ağa
haqqında
yazdıqlarını Allahın adı ilə bağlayan
Hacı Seyid Hüseyn (Abbasov) özü də bir ağsaqqal
tövsiyəsi ilə insanlara paxıllıqdan, xəbislikdən,
nadanlıqdan, bir sözlə, milli dəyərlərimizə
yad olan əməllərdən uzaq olmağı tövsiyə
edir, üzünü Allah dərgahına tutaraq deyir:
"...Allahım! Bu
yazılarımla elə bir körpü tikirəm
ki, bu körpüdən hamı keçsin. Aqillər
aqildir, nadanlar da aqillərə yaxınlaşsınlar".
Bəlkə
də ürəyində Allah-taala istəyi yaşadan
oğlunun niyyətinə yaxşı bələd
olduğundandır ki, Seyid Yusif ağa
sağlığında, həmçinin ömrünün son
günlərində vəsiyyətində ailənin,
övladlarının ikincisi olan Hüseyni özündən
sonra bu nəslə ağsaqqal seçmişdi. Bu barədə
Seyid Yusif ağanın xələfi yazır: "Atam
özündən sonra bu ağsaqqallıq missiyasını mənə
tapşıranda: "Mən ailənin ikinci övladıyam, məndən
böyük qardaşım var" dedim, qardaşım da
"böyüklüyün böyük dərdi var" deyib
ağamın fikrini dəstəklədi, israrla məni məsləhət
gördü".
Seyid Yusif
ağa bu istəyini təkcə övladlarına yox, illər
bundan öncə xeyirdə-şərdə neçə-neçə
ağsaqqala da demişdi.
Eşitdiyimə
görə, Seyid Hüseyn dünya malında
gözü olmayan bir adamdır. Ata yurdundan, ata
evindən heç vaxt heç bir umacağı olmayıb.
Doqquz ildir ki, Seyid Yusif ağanın oğul
yadigarı Seyid Hüseyn atasının
xeyirxahlığını davam etdirir. Bərdənin,
Ağdamın, Tərtərin, Ağcabədinin faciəli
aylar, illər yaşamış insanlarının, xüsusilə
kimsəsizlərin, şəhid və əlil ailələrinin
xeyrində-şərində yaxından iştirak edir. Şəhid ailələrini, eləcə də
torpaqlarımızın ərazi bütövlüyü
uğrunda işğalçı ermənilərlə
döyüşlərdə sağlamlıqlarını
itirmiş əlilləri öz doğması bilir.
Günün istənilən vaxtında qapısına gələn
insana kömək
əli uzadır. Lazım gələrsə,
qabağa düşüb dövlət məmurlarının
kabinetinə kimi ayaq döyər, yaxud telefon açar.
Seyid Hüseyn ağa bu xeyirxahlıqları ilə, eləcə də "Bura sənin evindir" kitabındakı həyati misallarla insanları paklığa, ucalığa çağırır, cəmiyyəti narahat edən hallara biganə qala bilmir... Bu gün ər evinə gedib bir-iki aydan sonra "xasiyyətimiz tutmur" deyənləri, qayınanasına-qayınatasına qulluq etməyi özünə sığışdırmayanlara, tez-tələsik boşanmağa üstünlük verənlərə, normal geyim qaydalarından uzaqlaşanlara, Avropasayağı yaşamağa meyilli gənclərə, əliuşaqlı "subaylara"... el ağsaqqalı kiçicik bir misalla keçmişimizə baxmağı, millətimizin ismətli, abırlı qızlarına, gəlinlərinə oxşamağı tövsiyə etməklə fikrini həyati bir misalla yekunlaşdırır: "Bərdənin Mehdixanlı kəndində Yəmən adlı bir rəhmətlik yaşayırdı. On yeddi yaşında ailə qurub, ailəsi otuz yeddinci illərin qurbanı olub. Rəhmətlik qənirsiz gözəl olub. Əri yeganə oğul övladının üzünü belə görməyib. Bu gəlin aclığın, yoxsulluğun baş aldığı ağır illərdə tək övladını saxlayıb. Ömrünün sonunda sandığından onun toy paltarları və bir də həyat yoldaşının şəkli çıxıb. Namuslu bir ömür yolu keçib. Bu ismətdə, bu namusda olsun qızlarımız".
Seyid Hüseyn (Abbasov) ADU-nun (indi
BDU) filologiya fakültəsini bitirib, sonra digər bir institutda
təhsil alıb, kənd müəllimliyindən başlayaraq
rayon miqyaslı dövlət vəzifələrində işləyib,
qayğıkeş və nümunəvi ailə başçısı,
nəvə-nəticə sahibidir. Bundan əvvəl
("Elimizin and yeri", 1998, müştərək) bir
kitabı nəşr edilib. Həyat yoldaşı Sədaqət xanım uzun illərdir
kənd məktəbində dərs deyir, gənc nəslin təlim-tərbiyəsi
ilə məşğuldur.
Ali məktəblərdə aldığı elmi biliklərə,
böyük həyat təcrübəsinə və
atasından görüb-götürdüklərinə əsaslanan
Seyid Hüseyni çağdaş dünyamızda valideynlərin,
ağsaqqalların böyüklük missiyası da dərindən
narahat edir. Odur ki, ailədaxili münaqişələrin,
problemlərin həllində ağsaqqalların məsuliyyətini
önə çəkən Seyid Hüseyn yazır ki, "ailə
kiçik bir dövlətdir. Onun
iqtisadiyyatı öz içində qurulur. Bəzən ailələr arasında mütənasiblik
olur. Bu, başa qaxılır. Bəzi
hallarda isə ailə daxilində bir ayrılıq olur və
s. Bəzi hallarda ailə başçıları tərbiyənin
bütün metodlarından qədərincə istifadə etsələr
də, nəticəsi olmur. Necə deyərlər,
yavaş gedirsən, dam pusur, bərk gedirsən, dam
yıxır, deyirlər. Hər kəs
öz haqqını bilsə yaxşıdır".
Ailədaxili münaqişələrin ilkin
çözümü əvvəl valideynlərin, sonra da el
ağsaqqallarının üzərinə düşür. Seyid Hüseyn
onu da ciddiliyi ilə böyüklük statusunda olanların
diqqətinə çatdırır ki, "ağsaqqalın tərəfi
olmamalıdır. O, haqqı nahaqa verməməlidir".
İlahiyyatçılar
arasında belə bir deyim var: insanın cismi haradadırsa,
ruhu da oradadır. Ziyarətgaha gələnlər
inanırlar ki, bu müqəddəs ocağın ab-havası həmişə
onların köməyi, gərəyi olacaq. Seyid Yusif ağanın cəddi, ruhu onlara kömək
olacaq. İnsanların qəlbində
müqəddəslik rəmzinə çevrilən Seyid Yusif
ağanın yolunu, xeyirxah əməllərini, elə-obaya və
mənsub olduğu nəslə ağsaqqallığını
indi xələfi Hacı Seyid Hüseyn ağa davam etdirir.
İnsanların ümid yeri, and yeri olan bu
ocağa, el-obaya, böyük bir nəslə ağsaqqallıq
etmək şərəfli olduğu qədər də məsuliyyətli
və ağırdır. Seyid Yusif
ağanın türbəsində gecə-gündüz şam
şölələnir, işıq yanır. "Bura sənin
evindir" deyən Seyid Hüseyn ağa, qoy bu ocağın, bu türbənin
müqəddəs şöləsi insanların ömür və
ümid yolunu daha işıqlı etsin.
Rəhman SALMANLI,
Azərbaycan.-2014.- 2 fevral.- S.5.