AzərTAc ilə Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır

 

Fevralın 1-də Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutunun filialının açılışı və agentlik ilə institut arasında əməkdaşlıq haqqında sazişin  imzalanma mərasimi olmuşdur.

Mərasimdən əvvəl AzərTAc-ın baş direktoru Aslan Aslanov, Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Çjan XuasinBDU-nun prorektoru Aydın Kazımzadə filialın rəmzi açılışını bildirən lenti kəsmişlər.

Baş direktor Aslan Aslanov mərasimdə çıxış edərək vurğulamışdır ki, Konfutsi İnstitutu ilə AzərTAc-ın əməkdaşlığı Azərbaycan ilə Çin arasında mövcud dostluq əlaqələrinin nəticələrindən biridir. Dərin tarixi köklərə malik olan Azərbaycan-Çin münasibətlərindən danışan baş direktor əlaqələrimizin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır.

Aslan Aslanov onu da qeyd etmişdir ki, 1994-cü ildə Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri zamanı Çin rəhbərlərinin və bu ölkənin sadə vətəndaşlarının ümummilli liderimizin dərin hörmət və məhəbbətlə qarşılamalarının şahidi olmuşdur. Bildirilmişdir ki, ÇXR ilə Azərbaycan arasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq münasibətlərini Prezident İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri zamanı uğurlu danışıqlar aparılmış, ikitərəfli münasibətlərdə yeni mərhələ açmış sənədlər imzalanmışdır.

Diqqətə çatdırılmışdır ki, AzərTAc ilə dünyanın nüfuzlu agentliklərindən biri olan Sinxua arasında sıx əlaqə yaranmışdır, fəal informasiya mübadiləsi aparılır. Bu iki agentlik beynəlxalq və regional informasiya təşkilatları çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Belə təşkilatlardan biri də OANA - AsiyaSakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatıdır. Dünyanın 35 ölkəsinin aparıcı agentliyini birləşdirən OANA planetin ən nüfuzlu təşkilatlarından biridir.

AzərTAc-ın baş direktoru çinli dostları yeni ilin başlanmasını bildirən Bahar bayramı münasibətilə təbrik etmiş, Çin xalqına uğurlar və firavanlıq arzulamışdır.

Sonra AzərTAc ilə Konfutsi İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Sənədi AzərTAc-ın baş direktoru Aslan AslanovKonfutsi İnstitutunun direktorları - Çin tərəfdən xanım Hu Fenhua və Azərbaycan tərəfdən Oqtay Cəlilbəyli imzalamışlar.

Sazişə əsasən AzərTAc-da Konfutsi İnstitutu filialının açılması, agentliyin əməkdaşlarına Çin dili məşğələləri keçirilməsi, Çində təcrübə keçmək, Asiya regionunda bu institutun məhsullarını təbliğ etmək məqsədilə AzərTAc üçün məsləhət və tərcümə xidmətləri göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, AzərTAc Azərbaycanda Çin dili kursları açılmış ilk kütləvi informasiya vasitəsidir. Burada artıq ikinci ildir ki, həmin kurslar fəaliyyət göstərir.

Sonra BDU-nun prorektoru Aydın Kazımzadə və  Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli çıxış etmişlər. Onlar Konfutsi İnstitutunun fəaliyyəti barədə məlumat verərək bildirmişlər ki, ölkəmizdə Çin mədəniyyətinin və dilinin təbliği üzrə böyük aparan bu institut dost xalqlar arasında humanitar körpü rolu oynayır.

Aydın Kazımzadə demişdir ki, Azərbaycanın bir sıra ali məktəblərində Konfutsi İnstitutunun filialları fəaliyyət göstərir. O, əmin olduğunu bildirmişdir ki, Konfutsi İnstitutunun AzərTAc-dakı filialının fəaliyyəti Azərbaycan haqqında, onun mədəniyyəti və uğurları barədə məlumatın Çində geniş yayılmasına xidmət edəcəkdir.

Mərasimdə qeyd edilmişdir ki, Lənkəranda və Gəncədə də Konfutsi İnstitutunun filiallarının açılması planlaşdırılır.

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Çjan Xuasin demişdir ki, nəinki Qafqaz regionunun, həm də dünyanın aparıcı informasiya agentliklərindən biri olan AzərTAc-da imzalanma mərasimində iştirak etməkdən şaddır. Xalqlarımız arasında hələ qədim İpək Yolu dövründən dostluq əlaqələrinin mövcud olmasını vurğulayan çinli diplomatın sözlərinə görə, humanitar əməkdaşlıq dövlətlərarası münasibətlərin inkişafında xüsusi rol oynayır. Bu baxımdan o, AzərTAc və Sinxua agentlikləri arasında yaranmış möhkəm əlaqələrin rolunu vurğulayaraq, AzərTAc-ın baş direktoruna xatirə hədiyyəsi təqdim etmişdir.

BDU-nun nəzdində Konfutsi İnstitutunun Çin tərəfdən direktoru xanım Hu Fenhua Çin dili müəllimlərinin səmərəli işləməsi üçün şərait yaradılmasına görə AzərTAc-ın rəhbərliyinə təşəkkürünü bildirmişdir. O, institutun Azərbaycandakı fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, hazırda bu institutun 800 müdavimi vardır. İnstitutda Çin dili biliklərinin yoxlanılması üçün HSK və HSKK beynəlxalq standartları üzrə imtahanlar keçirilir. 24 azərbaycanlı Konfutsi İnstitutunun təqaüdünü almışdır və Çində təhsilini davam etdirir. 2013-cü ildə institut Azərbaycanda Çin dilininÇin mədəniyyətinin təbliği üzrə 20 tədbir keçirmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov qeyd etmişdir ki, Çin dövlətçiliyi 5 min ildən artıq tarixə malikdir. Fuad Məmmədov humanizmharmoniya ideyalarına əsaslanan Konfutsi fəlsəfəsi barədə danışmışdır.   

İmzalanma mərasimi başa çatandan sonra Çuntsze - Çin yeni İli bayramına həsr edilmiş şənlik keçirilmişdir. AzərTAc-ın jurnalistlərinin, Bakı Dövlət Universitetinin, Neft Akademiyasının, Xəzər Universiteti tələbələrinin, Konfutsi İnstitutunun gənc müdavimlərinin ifasında rəqslər, Çin xalq mahnıları və səhnəciklər təqdim edilmişdir.            

Xatırladaq ki, yeni ilin qarşılanması ənənəvi Çin mədəniyyəti üçün ailə həyatında ən mühüm hadisədir. Çində qəbul edilmiş ay təqviminə görə bu bayram ilin ilk ayının birinci günündə, yəni, Qriqori təqvimi üzrə fevralın ortalarında qeyd edilir.

Çinlilərin fikrincə, baharın ilk günündə təbiət oyanır, torpaq canlanır, həyat təzələnir.

Bayram şənliyində ənənəvi çay mərasimi də keçirilmişdir. Əyinlərinə milli Çin paltarı geyinmiş qızlar tədbir iştirakçılarını ətirli çaya qonaq etmişlər.

Çinli dostlarımızla bərabər, azərbaycanlılar da Çuntsze bayramının ab-havasını yaşamışlar.

 

Azərbaycan.-2014.- 2 fevral.- S.5.