Azərbaycanda sənayeləşmə prosesi yeni mərhələyə qədəm qoyur

 

Azərbaycan iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanaraq geniş elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlverişli coğrafigeoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə çevirmiş, davamlı və sabit inkişaf yoluna çıxarmışdır. Bu model unikallığı ilə Azərbaycana hər bir mərhələdə dinamik inkişafa zəmin yaradan məqsədyönlü tədbirlər sistemini daha çevik və işlək mexanizmlər əsasında həyata keçirmək imkanı yaratmışdır.

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi çoxşaxəli islahatlar kursu respublikamızın yeni sosial-iqtisadi təmayüllərini dəqiq şəkildə müəyyənləşdirməklə yanaşı, böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Təsadüfi deyil ki, son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb və rəqabət qabiliyyətliliyinə görə Davos İqtisadi Forumu Azərbaycanı dünyada 39-cu yerə layiq görüb. Bu, əsasən islahatların və təbii sərvətlərimizin düzgün istifadə edilməsi, insan  kapitalına və infrastruktura yenidən sərmayələrin qoyulması və biznes  imkanlarının yaxşılaşdırılması sayəsində mümkün olub. 

Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni yerlərinin açılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığının azaldılmasında sənaye potensialının əhəmiyyəti xüsusi vurğulanmalıdır. İnkişafın hazırkı mərhələsində yüksək makroiqtisadi göstəricilərin davamlılığının təmin edilməsi həm də rentabellielmtutumlu sənaye müəssisələrinin yaradılmasından asılıdır. Ayrı-ayrı sənaye sahələri üzrə ixtisaslaşmış istehsal müəssisələrinin müasirləşdirilməsi, texnoloji parkların yaradılması son illər qarşıda ciddi vəzifələr kimi müəyyənləşdirilmişdir.

Nazirlər Kabinetinin son iclasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artmasında bu sahənin müstəsna rolunu önə çəkən Prezident İlham Əliyev cari ildə sənayenin yeni istiqamətlərinin inkişafı üçün tədbirlər planının təsdiq ediləcəyini bildirmişdir: "Sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə artıq ilkin nəticələr vardır. Sumqayıt Texnoparkı fəaliyyət göstərir. Yeni Kimya Texnologiya Parkı artıq fəaliyyətə başlayır. Digər şəhərlərdə, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı Texnoparkının yaradılması prosesi gedir. Bu istiqamətdə bu il daha da ciddi addımlar atılmalıdır. Ümumiyyətlə, mən dəfələrlə demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir. Ümumi daxili məhsulumuzun artımı da sənaye istehsalının hesabına mümkün olacaqdır" - deyən ölkə başçısı bu il metallurgiya sənayesinin inkişafının da xüsusi diqqət mərkəzində olacağını vurğulamışdır.

Prezident İlham Əliyevin "2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili elan edilməsi haqqında" sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Sərəncamda vurğulanır ki, hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir. Bu məqsədlə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın da hazırlanması nəzərdə tutulub.

Sənayenin inkişafının müasir innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da əksini tapmışdır. Sənəddə 2020-ci ilədək respublikanın tarixi ənənələri olan iri şəhər və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin yaradılması və həmin müəssisələrdə innovasiyayönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması qarşıya məqsəd qoyulmuşdur. Konsepsiyanın əhatə etdiyi dövrdə xüsusi iqtisadi zonaların yaradılması və iqtisadi potensial nəzərə alınmaqla Sumqayıtda neft-kimya, Balaxanıda məişət tullantılarının emalı, Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərciklərinin qurulması nəzərdə tutulmuşdur.

Azərbaycanda enerji resurslarından asıllılığın azaldılmasını, qeyri-neft sektorunun inkişafını prioritet istiqamətlərdən biri elan etmiş Prezident İlham Əliyev davamlı tərəqqinin təmini baxımından respublikada güclü sənaye potensialının yaradılmasını da vacib sayır. Dövlət başçısı haqlı olaraq vurğulayır ki, hər bir ölkənin sabit iqtisadi inkişafında sənaye potensialının rolu böyükdür. Azərbaycan hazırda inkişafının elə mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər, ilk növbədə, bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Dövlət başçısı hesab edir ki, yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə gələcəkdə neft hasilatının azalması ilə əlaqədar Azərbaycanın üzləşə biləcəyi itkiləri kompensasiya etmək mümkündür.

Qeyri-neft sektorunun davamlı inkişafı məqsədilə sənayeləşmə siyasəti çərçivəsində ötən il ərzində qeyri-neft sənayesində məqsədyönlü tədbirlər davam etdirilmiş, rəqabət və ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması istiqamətində zəruri işlər görülmüşdür. Ötən il ərzində gəmiqayırma, sement, alüminium, qızıl zavodları, karton qablar, seramik plitələr istehsal edən müəssisələr, Cənub Elektrik Stansiyası da daxil olmaqla 30-dan çox iri sənaye müəssisəsi istifadəyə verilmiş, 90-dan çox sənaye müəssisəsinin isə tikintisi davam edir və növbəti illərdə istifadəyə verilməsi gözlənilir. 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının təməli qoyulmuş, investorların cəlb olunması, parkın ölkə daxilində və xaricində tanıdılması, fəaliyyətinin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirilmiş və artıq iki rezident qeydə alınmışdır.

Ölkədə müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqaməti kimi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmini, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi diqqətdə saxlanılmışdır. Son 10 ildə sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmış, 2003-2013-cü illərdə regionların inkişafı dövlət  proqramları çərçivəsində bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan vermişdir. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyintiemal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin inkişafına imkan yaratmışdır.

Hazırda respublikanın qara, əlvan və nadir metal filizləri ilə zəngin olması metallurgiyanın, hazır metal məmulatlarının, maşınqayırma və digər əlaqəli sahələrin inkişafına imkan verir. Qarşıdakı illərdə Gəncə şəhərində dəmirin birbaşa reduksiyası, poladəritmə və pellet zavodlarından ibarət metallurgiya kompleksinin inşası nəzərdə tutulur. Bundan əlavə, həmin regionda əlvan və qiymətli metallardan - qızıl, gümüşmis hasilatı ilə məşğul olan daha bir müəssisənin işə salınması gözlənilir.

Ümumiyyətlə, Azərbaycan sənayeləşmənin əsas mərkəzi rayonları kimi Bakı və Sumqayıtda güclü texnopark kompleksləri şəbəkəsini genişləndirməyi əsas hədəf seçmişdir. Hazırda onlarca addaçox qiymətli, yüksək keyfiyyətli sənaye məhsullarını dünyanın 30-dan artıq ölkəsinə ixrac etməklə beynəlxalq bazarda özünə layiqli yer tutmuş Azərbaycanın neft-kimya kompleksinin ən müasir texnologiyalar və yüksək məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən qurulması, tələbatın daha yüksək olduğu yeni sənaye və kimya məhsullarının istehsalına başlanılması istiqamətində aparılan genişmiqyaslı işlər yaxın gələcəkdə ölkəmizin sənaye məhsullarının istehsal həcmi və keyfiyyəti baxımından dünyanın aparıcı dövlətlərindən birinə çevriləcəyini proqnozlaşdırmağa imkan verir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir: "Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir".

Ümumiyyətlə, yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 1 fevral.- S.1.